Xalq yazıçısı ilə vida

 

“O, əsərlərini rus dilində yazsa da, bütün varlığı ilə Azərbaycan ruhunun ifadəçisi idi

 

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Prezident təqaüdçüsü, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi, Xalq yazıçısı Maqsud Məmmədibrahim oğlu İbrahimbəyov 2016-cı il martın 22-də, ömrünün 81-ci ilində vəfat edib.

 

Maqsud İbrahimbəyov 1935-ci il mayın 11-də Bakı şəhərində anadan olub. 1960-cı ildə Azərbaycan Politexnik İnstitutunun inşaat fakültəsini, 1964-cü ildə Moskvada ali ssenari kurslarını, 1973-cü ildə isə ali rejissor kurslarını bitirib. 1964-1971-ci illərdə SSRİ Mərkəzi TeleviziyaRadio Verilişləri Komitəsində Azərbaycan üzrə xüsusi müxbir işləyib, sonrakı illərdə bədii yaradıcılıqla və ictimai fəaliyyətlə məşğul olub.

Maqsud İbrahimbəyov istedadlı nasir, dramaturq, kinossenaristrejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınıb. 60-cı illərdə ədəbiyyata qədəm qoyan nəslin nümayəndəsi kimi o, müasirlərinin rəngarəng, dolğun obrazlarını yaradaraq öz dəst-xətti ilə geniş oxucu rəğbəti qazanıb. Yazıçının əsərləri ümumittifaq miqyasında kütləvi tirajla çap edilib, bir çox dünya dillərinə tərcümə olunub, pyesləri Moskvada və ittifaqın digər şəhərlərində tamaşaya qoyulub. Onun ssenariləri əsasında “Azərbaycanfilm” və digər kinostudiyalarda çəkilən filmlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

Maqsud İbrahimbəyov bədii yaradıcılıqla yanaşı uğurlu ictimai fəaliyyət göstərib, bir neçə çağırış Azərbaycan Milli Məclisinin deputatı seçilib.

Yazıçının xidmətləri dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Xalq yazıçısı” fəxri adına (1998), “İstiqlal”, “Şərəf” və “Şöhrət” ordenlərinə layiq görülüb.

 

* * *

Martın 23-də Milli Dram Teatrında Xalq yazıçısı Maqsud İbrahimbəyovla vida mərasimi keçirilib. Mərhumun tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından, hökumət qurumları və müxtəlif kollektivlər adından əklillər düzülüb.

Mərasimi Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar açaraq Maqsud İbrahimbəyovun yaradıcılığından danışıb. Bildirib ki, “Ondan yaxşı qardaş yox idipovesti, "Bağçada xudmani yer" hekayəsi, “Uşaqlığın son gecəsi”, “Bizim Cəbiş müəllim” kimi neçə-neçə dəyərli ekran və səhnə əsərlərinin müəllifi olan Maqsud İbrahimbəyov sağlığında ədəbiyyatımızın klassiklərindən birinə çevrilmişdi. Onun qələmə aldığı əsərlər nəinki Azərbaycan ədəbiyyatında, hətta sovet ədəbiyyatında böyük hadisəyə çevrilib. M.İbrahimbəyovla 56 ilin dostu olduqlarını söyləyən Anar onunla bağlı xatirələrini bölüşüb.

Milli Məclisin mədəniyyət komitəsinin sədri, akademik Rafael Hüseynov çıxışında bildirib ki, M.İbrahimbəyov Azərbaycan nəsr tarixində böyük simalardan biri kimi qalacaq. Onun povestləri, hekayələri, esseləri, ssenariləri əsasında çəkilmiş filmlər heç vaxt aktuallığını itirməyəcək. O, ixtisasca inşaatçı olsa da, bütün yaradıcılığında və həyatında əsl memar üslubu özünü göstərir. Əsərlərini rus dilində yazsa da, bütün varlığı ilə, təpədən-dırnağa Azərbaycan yazıçısı idi, Azərbaycan ruhunun ifadəçisi idi. Onun yaradıcılığında Bakı və Abşeron mövzuları elə yüksək səviyyədə işlənib ki, bu təsvirlərdə bütövlükdə Azərbaycanı görmək mümkündür. M.İbrahimbəyov Azərbaycan yazıçısının istedadını dünyaya çox ləyaqətli şəkildə təqdim etməyi bacaran ədiblərdəndir.

Xalq artistləri Aleksandr Şarovski və Azərpaşa Nemətov çıxış edərək Maqsud İbrahimbəyovun bənzərsiz yaradıcılıq axtarışlarından, insani keyfiyyətlərindən söz açıb, onunla bağlı xatirələrini bölüşüblər.

Bildirilib ki, teatrsevərlər tərəfindən Maqsud İbrahimbəyovun pyeslərinə həmişə böyük maraq olub. Onun əsərləri müxtəlif ölkələrin qırxdan çox teatrında tamaşaya qoyulub. M.İbrahimbəyovun ssenariləri əsasında müxtəlif ölkələrdə 18 bədii və 7 sənədli film çəkilib.

Mərhumun ailəsi adından çıxış edən Murad İbrahimbəyov atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə vida mərasiminə toplaşanlara dərin minnətdarlığını bildirib.

Sonra görkəmli yazıçının cənazəsi son mənzilə yola salınıb. Mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb. Allah rəhmət eləsin.

 

Mədəniyyət.- 2016.- 30 mart.- S. 6.