Türkiyədən
Azərbaycana bayram təbriki
Novruz festivalı Gəncə, Tovuz, Şəki, Bakı və Naxçıvanda reallaşıb
Xəbər verdiyimiz kimi, Türkiyənin
Azərbaycandakı səfirliyi, Türkiyə Mədəniyyət
və Turizm Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi
(TİKA) və Bakıdakı Yunus Əmrə
İnstitutunun birgə təşkilatçılığı
ilə Novruz festivalı keçirilib.
“Türkiyə azərbaycanlı qardaşlarının Novruz bayramını təbrik edir” şüarı altında Gəncə, Tovuz və Şəkidə gerçəkləşən festival daha sonra Bakı və Naxçıvanda reallaşıb.
Martın 21-də Heydər Əliyev Sarayında türk xalq rəqsləri və əl sənətinin təqdimatı keçirildi. Qonaqlar öncə sarayın foyesində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi əl sənəti - xəttatlıq, təzhib və ebru sənəti nümunələrindən ibarət sərgi ilə tanış oldular.
Konsertin açılışında Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri, xanım Meral Barlas, TİKA-nın Bakı ofisinin əlaqələndiricisi Mustafa Haşim Polat və Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri İbrahim Yıldırım çıxış edərək bütün iştirakçıları Novruz bayramı münasibətilə təbrik etdilər.
Bildirildi ki, festivalda Türkiyənin 7 bölgəsi
təmsil olunur. Məqsəd iki qardaş xalq arasında mövcud olan mədəni sahədəki
əlaqələri daha
da inkişaf etdirməkdir.
Tədbirdə TİKA-nın Bakı ofisinin təşkil etdiyi sənət kurslarını
bitirən azərbaycanlı
dinləyicilərə sertifikatlar
təqdim olundu.
Sonra Türkiyənin
Mədəniyyət və
Turizm Nazirliyinin “Tubil” xalq rəqsləri
ansamblı konsert proqramı ilə çıxış etdi. Türk xalq
rəqsləri ilə
yanaşı, Azərbaycan
milli rəqslərini də məharətlə ifa edən kollektivin
çıxışları tamaşaçılar tərəfindən
böyük maraqla qarşılandı.
Lalə Azəri
Mədəniyyət.- 2016.- 30 mart.-
S. 5.