“Rənglərin əks-sədası”
Vyanada Azərbaycan rəssamlarının sərgisi
Vyana Beynəlxalq Mərkəzində Novruz bayramı ilə əlaqədar tədbirlər çərçivəsində gənc Azərbaycan rəssamları Dilşad İmranova və Nərmin Abdullayevanın əsərlərindən ibarət “Rənglərin əks-sədası” adlı sərgi açılıb.
Tədbirdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, səfirliyin əməkdaşları, Vyanada təhsil alan azərbaycanlı tələbələr, şəhər sakinləri, müxtəlif ölkələri VBM-də təmsil edən əməkdaşları iştirak ediblər.
Sərgidə hər iki rəssamın Novruz bayramı və vətənpərvərlik mövzusu ilə bağlı insanın daxili aləmini, mənəviyyatını müxtəlif çalarlarla, bədii obrazlar vasitəsilə əks etdirən ən gözəl əsərləri nümayiş etdirilir.
VBM nəzdində fəaliyyət göstərən incəsənət klubunun rəhbəri Raymond Nader sərginin Azərbaycan incəsənətinin, rəngkarlıq sənətinin təbliğ edilməsində əhəmiyyətini vurğulayıb, rəssamlara uğurlar arzulayıb. Səfir Qalib İsrafilov VBM incəsənət klubunun rəhbərliyinə, sərginin təşkilində əməyi keçən bütün əməkdaşlarına minnətdarlığını bildirib.
Zövqoxşayan əsərlərin
nümayiş olunduğu
sərgi aprelin 1-dək davam
edəcək.
Mədəniyyət.- 2016.- 30 mart.-
S. 4.