“Aşıq sənəti
və Qərb şairləri”
Fransanın Müluz şəhərinin Yuxarı Alzas Universitetində “Aşıq sənəti və Qərb şairləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
Azərbaycanın Təhsil Nazirliyi və Fransadakı səfirliyimizin dəstəyi ilə universitetin nəzdində fəaliyyət göstərən Nizami Gəncəvi kafedrası tərəfindən təşkil olunan konfransda azərbaycanlı mütəxəssislər və xarici ekspertlər iştirak ediblər.
Tədbirdə təhsil ocağının rəhbəri xanım Kristin Qanqlof-Ziqler, ədəbiyyat, dil və humanitar elmlər fakültəsinin dekanı, Nizami Gəncəvi kafedrasının müdiri xanım Qreta Komur-Tilua və səfirliyin əməkdaşı Ayaz Qocayev çıxış ediblər.
Məşhur nizamişünas, professor Maykl Bari XI-XIII əsrlərə aid Şərq və Qərb yazarlarının əsərlərində məhəbbət mövzusunun müqayisəli təhlilindən danışıb.
Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı aşıqların söz, musiqi və hərəkət-davranış qaydaları, aşıq sənətinin yaranma və inkişaf tarixi barədə məlumat verib.
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun nümayəndəsi Sənubər Bağırova “Müasir Azərbaycan cəmiyyətində aşıqlar”, akademiyanın Folklor İnstitutunun əməkdaşları İlhamə Qəsəbova “Aşıq sənətində ustad-şagird münasibətlərinin milli çalarları”, Aynur Qəzənfərqızı “Cəlili aşıq musiqisi”, Gəncə Dövlət Universitetinin müəllimi Məhərrəm Orucov “Azərbaycanda aşıq sənəti” və gənc hüquqşünas Aygün Zeynalova “Aşıq sənətində humanizm ideyaları və insan haqları” mövzusunda məruzələrlə çıxış ediblər.
İranlı aşıq, bəstəkar və
araşdırmaçı Çingiz Mehdipur, əlcəzairli mütəxəssis Səlim
Dada, Sorbon Universitetinin tələbəsi Linda-Navel
Tebbani aşıq sənəti ilə
bağlı fikirlərini bildiriblər. Tədbir Müluz şəhərinin bələdiyyə
teatrında azərbaycanlı gənc müğənni Araz Hümbətlinin konsert
proqramı ilə davam edib.
Onun saz və nağara ilə müşayiət olunan və rok musiqisi ilə sintez etdiyi musiqilər alqışlarla
qarşılanıb.
Mədəniyyət.- 2016.- 4 may.-
S. 15.