Dünya şöhrətli musiqiçi, dünya vətəndaşı
Mstislav Rostropoviçin xatirəsi yad edilib
Aprelin 27-də L. və M.Rostropoviçlərin ev-muzeyində
BMT-nin Sivilizasiyalar
Alyansının 7-ci Qlobal Forumu
çərçivəsində «Dünya
vətəndaşı olan Mstislav Rostropoviç öz ifaçılıq sənəti ilə
müasir sivilizasiyaların mədəniyyətini
birləşdirir» adlı tədbir keçirildi. M.Rostropoviçin
vəfatının ildönümünə təsadüf edən
tədbirdə maestronun xatirəsi yad edilib.
Tədbiri muzeyin direktoru Şeyla Heydərova açaraq qeyd edib ki, zamanında bir çox ölkələrdən M.Rostropoviçə vətəndaşlıq təklifləri edilsə də, o heç bir təklifi qəbul etməyib. 1978-ci ildə SSRİ vətəndaşlığından çıxarılaraq mühacirətə gedən dünya şöhrətli violonçel ifaçısı və dirijor daha sonra heç bir ölkənin vətəndaşlığını qəbul etməmək qərarına gəlib. Mənşəcə polyak, Litva, alman və rus xalqlarının qarışığı olan sənətkar beynəlmiləl mədəniyyətin nümayəndəsi, dünya vətəndaşı kimi tanınmışdı.
Qeyd olundu ki, Bakıda doğulan musiqiçi ömrünün son illərində Azərbaycanla sıx əlaqə saxlayırdı, Prezident Heydər Əliyevlə çox yaxın dostluq əlaqələri var idi. M.Rostropoviç Azərbaycanın üç ali mükafatına - “Şöhrət” (1998), “İstiqlal” (2002) və “Heydər Əliyev” (2007) ordenlərinə layiq görülüb.
Çıxışının sonunda Ş.Heydərova ulu öndərin M.Rostropoviç haqqında fikirlərini yada salıb: “Siz təkrarolunmaz musiqiçi və böyük humanist kimi öz çoxşaxəli fəaliyyətinizlə bir çox ölkələrin mədəni və ictimai-siyasi həyatına böyük töhfələr verirsiniz. Mədəniyyətlərin və sizilizasiyaların qloballaşma dövrü üçün olduqca aktual olan dialoqu Sizin səyləriniz sayəsində konkret cizgilər kəsb edərək həyatımızın real fenomeninə çevrilmişdir”.
Tədbirdə M.Rostropoviçin
yetirməsi, Əməkdar artist Aleksey Miltıx, beynəlxalq və respublika müsabiqələri laureatları Səidə
Tağızadə, Ümidə Abbasova və
Vurğun Vəkilov konsert
proqramı ilə çıxış ediblər. Maestronun həyat və
yaradıcılığını, onun
Bakı səfərlərini, məşhur siyasi
xadimlər və musiqiçilərlə görüşlərini
əks etdirən foto-slayd nümayiş
olunub.
Mədəniyyət.- 2016.- 4 may.- S.
14.