Etnoqraflarımız Təbrizdə konfransa qatılıblar

 

AMEA-nın ArxeologiyaEtnoqrafiya İnstitutunun əməkdaşları - tarix üzrə fəlsəfə doktorları Emil Kərimov, Pirağa İsmayılzadə, Şövqü Həsənov və institutun dissertantı Ənvər Çingizoğlu İranın Təbriz şəhərində keçirilən “Təbriz yeməkləri” mövzusunda konfrans-festivalda iştirak ediblər.

Tədbirlə bağlı təəssüratını qəzetimizlə bölüşən Emil Kərimov bildirdi ki, bu ilin əvvəlində Tehranda təşkil olunan kulinariya müsabiqəsində Təbriz mətbəxi qalib olub: “Bu münasibətlə “Təbriz yeməkləri” mövzusunda ayrıca konfransın-festivalın keçirilməsi qərara alınıb. Təbriz Təhsil İdarəsinin müdiri Cəfər Paşayinin dəvəti ilə biz də tədbirdə iştirak etdik”.

Səfər çərçivəsində tədqiqatçılar Şərqi Azərbaycan Ostanı İrşad və Mədəniyyət İdarəsinin rəhbəri ilə görüşüblər, Səhənd şəhəri yaxınlığında yeni salınmış Kəndovan kəndinə baş çəkiblər. Konus formalı mağaralardan ibarət, min nəfər sakini olan kənd Səhənd dağının yamacında yerləşir.

E.Kərimov bildirir ki, tədbirin açılış mərasimində ilk olaraq Azərbaycan musiqisi səsləndirilib. Sonra Təbriz mətbəxinin gözəlliyindən və zənginliyindən söz açılıb: “Xacə bölgəsi Maarif Şöbəsinin müdiri Abbas İmannəjad diqqətə çatdırdı ki, Təbrizdə hər fəslə uyğun olaraq yeməklərin tərkibi dəyişir. Müxtəlif fəsillərdə və mərasimlərdə əhalinin gündəlik qidasını əsasən düyü təşkil edir. Ramazan, Qurban, Mövlud bayramlarında xüsusi xörəklər bişirilir. Onlardan “Təbriz küftəsi”, “Təbriz dovğası”, “Təbriz paxlavası”, “Təbriz muqası” və s. daha geniş yayılıb”.

Konfransda çıxış edən həmsöhbətim məşhur Təbriz mətbəxinin Qarabağ, Naxçıvan, Şirvan və Bakı mətbəxi ilə bir növ eyniyyət təşkil etdiyini də diqqətə çatdırıb.

 

Savalan Fərəcov

 

Mədəniyyət.- 2016.- 4 may.- S. 13.