Uşaq moda günləri”ndə Azərbaycan geyimləri

 

Macarıstanın paytaxtı Budapeşt şəhərində hər il ənənəvi şəkildə keçirilən “Uşaq moda günləri” adlı tədbirdə bu ölkədə yaşayan soydaşımız - modelyer-dizayner Leyla Cəbrayılqızının “Azərbaycan milli uşaq geyimləri” adlı kolleksiyasının növbəti təqdimatı keçirilib. Münsiflər heyəti tərəfindən fərqlənmə diplomuna layiq görülmüş kolleksiyaya daxil olan milli geyimlər beynəlxalq uşaq bağçasında təhsil alan 10 müxtəlif millətin kiçik nümayəndələri tərəfindən podiumda sərgilənib.

Bundan öncə Macarıstanda akkreditə olunmuş diplomatların xanımlarının təmsil olunduğu təşkilatın təşəbbüsü ilə keçirilən xeyriyyə yarmarkasında nümayiş etdirilmiş milli geyimlər həmin tədbirdə də auditoriya tərəfindən böyük rəğbətlə qarşılanıb.

Nümayişi izləyən Macarıstan Prezidentinin xanımı milli qadın geyimlərimizlə bağlı xoş təəssüratlarını dilə gətirib. Gənc modelyer Leyla Cəbrayılqızı milli geyimlərimizdən ibarət növbəti sərgini Vyanada təşkil etməyi planlaşdırır.

 

Mədəniyyət.- 2016.- 4 may.- S. 12.