Dərbənd Azərbaycan Dram Teatrında
yeni tamaşa
Dərbənd Azərbaycan Dövlət
Dram Teatrında Cəlil
Məmmədquluzadənin əsərləri
əsasında “Danabaşlar”
adlı yeni tamaşa hazırlayır. Yuğ Dövlət Teatrının
rejissoru Mir Sahib Ağazadənin
quruluş verdiyi səhnə əsəri Mirzə Cəlilin “Danabaş kəndinin məktəbi”, “Danabaş
kəndinin əhvalatları”,
“Poçt qutusu”, “Lal” və digər
əsərləri əsasında
birhissəli qəmli komediya kimi təyin
olunub. Tamaşanın səhnə tərtibatçısı
teatrın baş rəssamı Naida Alimetova, ikinci rejissoru Hörmət Aslanovdur.
Quruluşçu rejissorun sözlərinə
görə, tamaşanın
ideya xətti Mirzə Cəlilin personajının dediyi kimi, “oxumaq işıq,
oxumamaq isə zülmətdir” sözlərindən
götürülüb. Zülmət cəhalətin, işıq
isə elmin, tərəqqinin rəmzidir
və bu, tamaşada müəyyən
simvolika ilə öz əksini tapır.
Hazırda məşqləri gedən səhnə
əsərinin premyerası iyun
ayının əvvəllərinə
planlaşdırılır. Teatrın baş
rejissoru Ərtoğrul Kamalovun
sözlərinə görə, kollektiv klassik Azərbaycan dramaturgiyası nümunələri
ilə yanaşı, müasir
dramaturqların əsərlərinə də müraciət
edəcək.
Mədəniyyət.- 2016.- 4 may.-
S. 11.