“Panorama-muzeylər
muzey işi sahəsində
yenilikləri də nümayiş etdirir”
Çingiz Özdemir: “Azərbaycanda da belə layihələr gerçəkləşdirilsə, turizmin inkişafı baxımından çox faydalı olardı”
Müasir dünyada bir şəhəri mədəniyyət, turizm baxımından tanıdan xüsusiyyət
onun həm də “brend”
statusa malik
olmasıdır. “Brendləşmə” dediyimiz
bu anlayış isə müxtəlif
vasitələrdən istifadə etməklə reallaşa
bilər. Bunu dünya
turizmində özünəməxsus yeri olan qonşu Türkiyə
təcrübəsində göstərmək olar.
Məsələn, bu gün dünyada turizmin bir çox
növləri ilə öndə dayanan İstanbulu daha da brendləşdirmək üçün
“Miniaturk-Miniatür Park”,
“Panorama-1453” muzeyi kimi
məkanlar yaradılıb. Ölkənin tarix
və mədəniyyətindən istifadə edərək onun daha müasir
formada təqdimetmə ənənəsi Türkiyənin başqa şəhərlərində
də davam edir ki, bu da
turizm axınına müsbət təsir
göstərir. Şəhərlərin brendləşməsinin
turizm baxımından əhəmiyyəti,
bunun metodları ilə bağlı
sualları sözügedən layihələrin müəllifi
Çingiz Özdəmirə
ünvanladıq.
- Çingiz bəy, öncə oxucularımıza özünüz haqqında məlumat verərdiniz...
- İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilə başladım. 1980-ci illərdə ailəmlə birlikdə Hollandiyaya köçdüm və 15 il orada yaşadım. Leiden Universitetinin ədəbiyyat fakültəsində Şərq dilləri və mədəniyyətləri üzrə təhsilimi başa çatdırdım. Yeri gəlmişkən, həmin illərdə ilk dəfə universitetdə Azərbaycan dilində əlavə dərs aldım. Çünki türkologiyanı tədris edərkən Azərbaycan dili də keçirdilər və Azərbaycan dili ilə tanışlığım da belə baş verdi. 1990-cı ildə isə ilk dəfə Azərbaycanda oldum. Bu, Azərbaycan üçün ağır dönəm idi. Buna rəğmən biz Azərbaycanı hələ SSRİ-nin tərkibində olduğu illərdə də mədəniyyətindən, ədəbiyyatından tanımağa cəhd edirdik. Səməd Vurğunun məşhur “Azərbaycan” şeirini oxuyarkən həyəcanlanırdıq. İlk dəfə oxuduğum bu misraları heç unutmaram:
Çox keçmişəm bu dağlardan,
Durnagözlü bulaqlardan,
Eşitmişəm uzaqlardan
Sakit axan arazları.
Sınamışam dostu, yarı.
Sonralar Azərbaycana çox getdim. Azərbaycanla Türkiyə mənim üçün, Heydər Əliyevin dediyi kimi, “Bir millət, iki dövlət”dir.
Hollandiyadan Türkiyəyə qayıtdıqdan sonra, 1994-cü ildə Rəcəb Tayyib Ərdoğan İstanbulda bələdiyyə başqanı olduğu vaxtlarda həm onun baş müşaviri oldum, həm də bələdiyyənin Mədəniyyət idarəsinin müdiri idim. Elə həmin illərdə də “Miniaturk-Miniatür Park” başda olmaqla bir çox mədəni layihələrə imza atdım. Necə deyərlər, Türkiyənin hər yerindən seçilmiş binalardan ibarət bir park salmaq mənə nəsib oldu.
- Bir çox mədəniyyət layihələrinə imza atan şəxs kimi tanınırsınız. Bu necə baş verdi, hansı ölkələrin təcrübələrinə üstünlük verdiniz?
- Əlbəttə, bu layihələri gerçəkləşdirərkən Avropa təcrübəsindən, xüsusilə də, Hollandiya, Belçika, Fransa, ABŞ və başqa ölkələrdən faydalanırdım və onları özünəməxsus formada uyğunlaşdıraraq Türkiyədə tətbiq etməyə çalışırdım. Bu seriyadan ilk layihə kimi 2003-cü ildə ölkənin hər yerindən seçilmiş 102 binanın kiçildilmiş maketləri hazırlanmış bir miniatür kənd saldım. Bu, Türkiyədə çox özəl bir layihə oldu və bu günə qədər hər il 1 milyondan çox turistin ziyarət etdiyi məkana çevrilib. Yəni bu miniatür parkını gəzərkən Türkiyənin ən tanınmış 100-dən çox binasını görə bilərsiniz və bir növ bütün Türkiyəni gəzmiş olursunuz.
- “Panorama 1453” tarixi muzeyi də qeyri-adi və möhtəşəmdir. Sanki İstanbulun Osmanlı sultanı II Mehmet tərəfindən fəthini canlı görürsən, bu tarixə şahidlik edirsən...
- Bu gün dünyada belə panorama muzeylərin sayı cəmi 30-dur. Belə muzeylər əsasən tarixi hadisələri və ya mühüm döyüşləri əks etdirir ki, bu sıraya Vaterloo döyüşü, Krım müharibəsi, Napoleonun Moskvaya daxil olması və s. daxildir. “Panorama 1453”ü onlardan fərqləndirən isə burada həm vertikal, həm də horizontal parametrlərdən istifadədir. 3D formatda çəkilən bu rəsmlər insanı altı əsr əvvələ aparır. Elə muzeyin qurulmasının da əsas səbəbi bu döyüşdəki əfsanəvi qəhrəmanlığı yaşatmaqdır. Belə hesab olunur ki, o zaman Konstantinopolun fəthində təkcə döyüşçülər deyil, həm də texniki, mühəndislik fenomenliyi mühüm rol oynamışdı. Bununla yanaşı, II Sultan Mehmet dövrünün ən müasir ordusuna rəhbərlik etməklə bu qələbəyə nail ola bilmişdi. “Panorama 1453” muzeyi audio və 3D vizual effektlərini tətbiq etməklə Türkiyənin müasir mərhələdə muzey işi sahəsində nail olduğu yeniliyi də nümayiş etdirir. Bu muzeyin layihəsini Hollandiya təcrübəsinə əsasən qurdum.
- Şəhər brendləşməsi istiqamətində fəaliyyətiniz davam edirmi? Ümumiyyətlə, bir şəhərin komponentlərinin yerləşdirilməsi üçün hansı addımları atmaq lazımdır?
- Əvvəlcə şəhərin sahib olduğu təbii, tarixi, mədəni, ticarət, sənət və əyləncə, istirahət məkanlarının analizi aparılır. Şəhərin özünəməxsus orijinal özəllikləri ortaya çıxarılır. Bu şəhər içərisində yerləşən mədəni müxtəlifliklə də unikal ola bilər, yaxşı qorunan tarixi irsi ilə də. Bu özəllikləri nəzərə alaraq şəhərin hansı şəhərlərlə rəqabətə girə biləcəyi təsbit edilir. Bu istiqamətdə fəaliyyətim təbii ki, davam edir.
Doğrudur, “Panorama 1453” layihəsindən sonra bir sıra media qruplarına (“Star”, Çukurova, ES) rəhbərlik etdim. Bir neçə ay əvvəl mediadan öz istəyimlə ayrıldım. Düşünürəm ki, bu sahədə kifayət qədər fəaliyyət göstərdim. Hazırda Layihə İnkişaf Mərkəzinin rəhbəriyəm. Bu şirkət vasitəsilə oxşar layihələri həyata keçirirəm. Məsələn, bizim üçün 1919-cu ilin 19 may tarixi çox önəmlidir. Həmin gün Mustafa Kamal Atatürk Samsundan milli mücadilə yoluna çıxıb. İndi həmin tarixi Gənclər və İdman Nazirliyinin Samsun Böyükşəhər Bələdiyyəsi ilə birlikdə həyata keçirdiyi bir yeni layihədə anlatmağa hazırlaşırıq. “1919” adı ilə yeni layihə iki hissədən ibarətdir: öncə idman salonu yeni bir quruluşa, tərtibata büründü. İçəridə də 25 böyük ekrandan ibarət rəqəmsal “Panorama 1919” olacaq. Ekranlar həm havadan asılı, həm də yerdə qoyulub. Bu, “Panorama 1453”dən də böyük, təsirli olacaq. Ziyarətçilər 25 dəqiqəlik müddətdə milli mücadilə dönəmi, Türkiyə Cümhuriyyətinin yaranışına aparan tarixlə bağlı bir filmi seyr edə biləcəklər. Bu, Türkiyənin ən böyük yağlı boya rəsmidir. 30 metr eni, 10 metr hündürlüyü olan bu rəsmin müəllifi Türkiyədə yaşayan azərbaycanlı rəssam Sənan Eynullayevdir. 2016-cı ilin 19 mayında bu möhtəşəm muzeyin açılış mərasimi olacaq. Son olaraq onu deyim ki, Azərbaycanda da belə layihələr gerçəkləşdirilsə, turizmin inkişafı baxımından çox faydalı olardı. İnanıram ki, yaxın gələcəkdə bu baş verəcək.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2016.- 4 may.- S. 10.