Türk dünyasının diqqəti
Şəkiyə yönəlib
Xəbər
verdiyimiz kimi, aprelin 28-də qədim tarixi,
zəngin mədəni irsi, mətbəxi,
adət-ənənələri, qonaqpərvər insanları olan Şəki şəhərində “Türk dünyasının mədəniyyət
paytaxtı - 2016” ilinin təntənəli
açılış mərasimi keçirildi. Son illər
müxtəlif beynəlxalq festivallara ev sahibliyi edən qədim
şəhər bu il türk dünyasının “mədəniyyət
paytaxtı” missiyasını yerinə yetirəcək.
Tarixin Şəki səhifəsi
XVIII əsrin ikinci yarısında yenidən qurulan Şəki şəhərinin şöhrəti siyasi, iqtisadi və mədəni mərkəz kimi qonşu ölkələrə də yayılmışdı. Tarixi İpək Yolunun üzərində yerləşən Şəkiyə qonşu ölkələrdən xeyli sayda tacirlər gələrdi. Keçmişdən günümüzə şəhərin şöhrətinə şahidlik edən Şəki xanlarının sarayı, Yuxarı və Aşağı karvansaralar, xristianlıq dövrü abidəsi olan Kiş alban məbədi və digər tarixi-mədəni yadigarlar bu ecazkar məkanı qonaqların gözündə daha da cazibədar edir.
Uzun müddət böyük miqdarda ipək istehsal edilən Şəkidə toxuculuq da inkişaf etmişdi. Buna görə də səyyahlar Şəkini Fransanın məşhur ipəkçilik mərkəzinə bənzədərək “Qafqazın Lionu” adlandırırdılar...
İndi şəhərin qədim hissəsində yerləşən tarixi abidələr 1967-ci ildə yaradılan “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisinə daxil edilərək mühafizə olunur. Ərazidə 25 dünya, ölkə və yerli əhəmiyyətli tarixi memarlıq, arxeoloji, xatirə abidələri var. Buradakı məscidlər, karvansaralar, sənətkarlıq emalatxanaları, muzeylər, şəxsi mülklər, ipək fabriki, tütün maxorka fabriki, ticarət dükanları və digər tikililər böyük tarixi əhəmiyyətə malikdir.
Prezident İlham Əliyevin 19 yanvar 2016-cı il tarixində imzaladığı “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” sərəncamına əsasən, Şəkinin qədim hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində qədim irsin qorunması ilə bağlı kompleks tədbirlər görüləcək, şəhərin tarixi hissəsinə milli qoruq statusu veriləcək.
“Mədəniyyət paytaxtı”nın bayram əhvalı
Şəki “Türk dünyasının mədəniyyət paytaxtı - 2016” ilinin təntənəli açılış mərasiminə də coşqu ilə hazırlaşmışdı. Bunu qonaqları sevinclə salamlayan yerli sakinlərin üzündən də “oxumaq” olardı. “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisi bayram libasına bürünmüşdü. Qonaqlar tarixi binalarla tanışlıqdan sonra qoruq ərazisində təşkil olunmuş “Şərq bazarı”nı gəzdilər. Burada Şəki mətbəxinin ləziz nümunələri, sənətkarların əl işləri, toxuculuq nümunələri və qədim türk alaçıqlarını xatırladan çadırlar qonaqların diqqətini daha çox çəkirdi. Folklor və musiqi kollektivlərinin, el sənətkarlarının çıxışları da tədbirin bayram ab-havasını daha da artırırdı. Mərasimdə həmçinin azsaylı xalqların folklor nümunələri, Şəkinin qədim toy adətləri də nümayiş olundu.
Yuxarı Karvansaraya gələn qonaqlara tarixi tikili haqqında məlumat verildi. Onlar burada Şəki sənətkarlarının hazırladığı müxtəlif məmulatlara, əl işlərinə baxdılar.
Mərasim sonra qoruq ərazisindəki Yay teatrında tədbirin rəsmi açılışı ilə davam etdi. Çıxışlardan sonra Azərbaycanın və digər türkdilli ölkələrdən gəlmiş musiqi kollektivlərinin maraqlı konsert proqramı təqdim olundu.
Konsert “Cəngi” Dövlət Rəqs Ansamblının, Türkiyə, Qazaxıstan və Türkmənistanın rəqs kollektivlərinin və Şuşa musiqi məktəbinin rəqs qrupunun ifasında “Yallı” rəqsi ilə başlandı. Azərbaycanın tanınmış aşıqlarının və muğam ustalarının, Qazaxıstan, Türkmənistan və Türkiyədən gəlmiş rəqs kollektivləri və müğənnilərin, Qırğızıstan, Qaqauz Yeri (Moldova) və Başqırdıstandan (Rusiya Federasiyası) solistlərin, Şəki şəhər kamera orkestrinin ifasında maraqlı konsert proqramı qonaqların alqışları ilə qarşılandı. Mərasim atəşfəşanlıqla başa çatdı.
Qeyd edək ki, Şəki “Türk dünyasının mədəniyyət paytaxtı” estafetini ötən il Türkmənistanın Marı şəhərindən qəbul edib. “Paytaxt ili” çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və TÜRKSOY-un birgə tədbirlər planına əsasən il ərzində Şəkidə müxtəlif festivallar, sərgilər, konsert proqramları təşkil olunacaq, tamaşalar göstəriləcək.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 4 may.-
S. 9.