Caz karuseli”ndən düşüb “Qarışqa yuvası”na getdilər

 

Gərək ki, festival latın dilində bayram deməkdir. Müsabiqə proqramı olan belə bayram isə o vaxt daha maraqlı olub, daha xoş təsir oyadır ki, festivala əlidolu, yəni bizim misalımızda tamaşa ilə gedib, əlidolu, yəni mükafatla geri qayıdasan.

2016-cı ildə ikinci beynəlxalq festivalda uğurla çıxış etmiş A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrıdır, teatrın direktoru Rəşad Əhmədzadə ilə söhbətimiz bu barədədir.

 

- Bugünlərdə Rusiyanın İvanovo şəhərindən «Muraveynik» XI Beynəlxalq Kukla Teatrları Festivalından qayıtmısınız. Təəssüratlarınızı bilmək istərdik.

- «Muraveynik», yəni «Qarışqa yuvası» bizim bu il qatıldığımız ikinci beynəlxalq festivaldır. Adətən biz müsabiqə proqramı olmayan festivallarda iştirak etmirik. Çünki dövlət bizim teatrda yaradıcılıq üçün elə texniki imkanlar yaradıb ki, bütün bunların qarşılığında yalnız beynəlxalq miqyasda ölkəmizin teatr sənətini təbliğ etmək, mükafatlar qazanmaqla borcumuzu yerinə yetirmiş olarıq. Bu festivala dəvəti qəbul edəndə müsabiqəyə hazırlaşmışdıq. Yalnız İvanovoda bildik ki, təşkilatçılar Azərbaycan Ermənistandan iştirakçıların olduğunu nəzərə alaraq, siyasi polemikaya meydan verməmək üçün müsabiqə proqramını təxirə salıblar. Amma Kamran Şahmərdanın « qara» müəllif tamaşasını indiyədək hansı festivalda oynamışıqsa, həmişə uğurla qarşılanıb. Özü tamaşa Azərbaycan dilində oynanılır. Tamaşanın sinxron tərcüməsi var, amma İvanovo teatrında tərcümə sistemi olmadığından özümüzlə apardığımız annotasiyaları tamaşaçılara paylamışdıq. Əslində « qara» ağır tamaşadır. Kuklaçılıq sənətindən az-çox başı çıxanlar bilirlər ki, zülmət kimi qaranlıqda - «qara kabinet»də oynamaq aktyor üçün qədər çətin, böyük hazırlıq tələb edən işdir.

Bağlanış günü mən «müsabiqə proqramının olmayacağını bilsəydik, gəlməzdik» deyəndə festival təşkilatçılarından biri dedi ki, müsabiqə proqramını neyləyirsiniz, onsuz da ən yaxşı tamaşa sizinkidir. Elə oradaca bir sıra festivallardan rəsmi dəvət aldıq. Məsələn, Ryazan teatr festivalının rəhbəri dedi ki, sizin tamaşa əvvəlcədən seçim etmədən birbaşa festival proqramına salınacaq. Bu, təkcə bizim kollektivin deyil, bütünlüklə Azərbaycan mədəniyyətinin uğurudur.

- Kukla Teatrının beynəlxalq müstəvidə qazandığı uğurlara «Oyuq» studiyası da öz töhfəsini verir...

- Elədir. Bu il fevralın 24-dən 29-dək Sankt-Peterburqda uşaq yeniyetmələrin «Caz karuseli» adlı musiqi caz festivalı keçirildi. Bizim teatrın nəzdində «Oyuq» uşaq teatr studiyasının iki üzvü - Selcan Müseyibova Aylin Nəcəfli rejissor Cəmilə Allahverdiyevanın Azərbaycan xalq nağılları əsasında hazırladığı tamaşa-konsert (ssenari müəllifi - Səidə Haqverdiyeva, quruluşçu rəssam - İqbal Əliyev) ilə çıxış etdilər. Bilirsiniz ki, Rusiyanın çox güclü teatr ənənəsi teatr məktəbi var. Odur ki, bu ölkədə keçirilən bütün festivallarda əsas mükafatları demək olar ki, öz kollektivlərinə verirlər. Amma bizim uşaqlar həm festivalın Qran-pri mükafatını aldılar, həm ayrı-ayrılıqda öz ifalarına görə I dərəcəli diplomla təltif edildilər. Biz «Oyuq» teatr-studiyasını bir neçə il öncə «Kaspi» tədris mərkəzi ilə birlikdə yaratmışıq. O vaxt 4-5 yaşı olan uşaqlar artıq böyüyüblər, demək olar ki, peşəkarlaşıblar.

- Yəqin qarşıda yeni səfərlər, festivallar da olacaq. Üstəlik, Azərbaycan Dövlət Kukla Teatrının repertuarı son günlər böyüklər üçün nəzərdə tutulmuş ümumbəşəri mövzuda iki maraqlı tamaşa ilə zənginləşib. Həmin tamaşaları Azərbaycandan kənara çıxarmamaq günah olar.

- Bizim teatrın texniki imkanları son təmirdən sonra elə yüksək səviyyədədir ki, başqa şəhərə, ölkəyə tamaşa aparanda çıxış edəcəyimiz səhnənin imkanlarını nəzərə alaraq, tamaşadan nəyisə çıxartmalı oluruq. Belə texniki imkanlar, dekorasiyalar, ən müxtəlif ölçülü kuklalar bizim fərqli tamaşalar hazırlamağımıza imkan verir. Əgər on il əvvəl hansısa festivalda çıxış etməyi arzulayırdıqsa, bu gün artıq aldığımız dəvətlər arasında seçim edirik. Dövlətin bizə göstərdiyi qayğını, yaradıcılıq üçün yaradılmış imkanları Azərbaycan teatr sənətinin təbliği üçün, digər teatrlar üçün tamaşaçı yetişdirmək missiyası yerinə yetirmək üçün istifadə etməyimiz bizə göstərilən bu etimadı doğrultmağımızdır.

 

G.Mirməmməd

 

Mədəniyyət.- 2016.- 4 may.- S. 7.