Kürəkənin təzə qayınanası var!..

 

Yaxud populyar estrada müğənnisinin teatra qayıdışı

 

İllərdir ki, estrada müğənnisi, Əməkdar artist Almaz Ələsgərli səhnədədir və onun ifasını sevənlər çoxdur. Bu yaxınlarda o, yaradıcılığında yeni və məsuliyyətli mərhələyə qədəm qoyub, hələ tələbə ikən səhnəsinə çıxıb özünü aktrisa kimi sınadığı Musiqili Teatrın truppasına qəbul edilib. Ramiz MirişliMarat Haqverdiyevin «Amerikalı kürəkən» musiqili komediyasında rol alan müğənni ilə ilk tamaşadan əvvəl görüşüb söhbət etdik.

 

- Almaz xanım, sizi teatrda xoş gördük! Yeni işiniz uğurlu olsun!

- Çox sağ olun. Mən hələ 1985-ci ildə İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakültəsinin I kursunda təhsil alarkən bu teatra gəlmişəm. Emin Sabitoğlu ilə Xalidə Hasilovanın «Nəğməli Könül» tamaşasında baş rolu ifa etmişəm. Rəhmətliklər Nəsibə Zeynalova, Mobil Əhmədov, Hacıbaba Bağırov ilə səhnəyə çıxmışam. Sonradan, nəsə bir gənclik çılğınlığı ilə Rəşid Behbudovun Mahnı Teatrında çalışmaq istədim. Rəhmətlik Rəşid müəllimin ömrünün son illəri idi. Mən müğənnilik sənətində bildiklərimin 90 faizini ondan öyrənmişəm. Rəşid müəllimin vəfatından sonra oradan uzaqlaşdım. Ailə qurdum, uşaqlar dünyaya gəldi. Sonra da müğənniliyə başım qarışdı.

- Bəs bu teatra qayıdışınızın təşəbbüskarı kim oldu?

- Teatrın direktoru Əliqismət Lalayev ilə hər dəfə rastlaşanda o mənə deyirdi ki, Almaz, teatra gəl, mən bilirəm ki, sən burada çıxış etmisən, tamaşalarda oynamağa gücün, istedadın çatar. Nəhayət, qərara gəldim ki, bu təklifi qəbul edim və məni müğənni kimi tanıyanları aktrisa kimi çıxış etməklə sevindirim.

- «Amerikalı kürəkən» tamaşası yeni quruluşda təqdim edilir. Kollektivə qoşulmaq, rol üzərində işləmək sizə çətin olmadı ki?

- Tamaşaya Xalq artisti İlham Namiq Kamal quruluş verib, özü də səhnədə mənim tərəf-müqabilimdir. Təxminən ay yarımdır ki, rol üzərində işləyirəm. İlham müəllimin mənə çox böyük köməyi oldu. Çalışmışam ki, bacardığımı göstərim, maraqlı obraz yaradım. Buna nə qədər nail olduğumu tamaşaçılar deyər.

- Siz elə bu tamaşaya dəvət almısınız, yoxsa...

- Yox, artıq Musiqili Teatrın ştatlı aktrisasıyam. Sağlıq olsun, qarşıda başqa tamaşalarda çıxış edəcəyəm. Mən çox şadam ki, belə bir mehriban kollektivdə çalışıram, Əliqismət müəllim kimi də qayğıkeş direktorumuz var. Müğənnilik fəaliyyətimi də paralel davam etdirəcəyəm.

 

* * *

«Amerikalı kürəkən» tamaşasının quruluşçu rejissoru və əsas rollardan birinin - Orxan bəy rolunun ifaçısı Xalq artisti İlham Namiq Kamal, quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Nabat Səmədova, quruluşçu baletmeysterləri LeylaZakir Ağayevlərdir. Mahnı mətnlərinin müəllifi isə Xalq şairi Fikrət Qocadır. Tamaşada digər rolları Xalq artisti Fatma Mahmudova, əməkdar artistlər Novruz Qartal və Əkbər Əlizadə, aktyorlar Gültac Əlili, Səməd Xasıyev və başqaları ifa edirlər.

 

* * *

Bu da tamaşa günü. Salona ötəri göz gəzdirmək kifayət idi ki, əksəriyyətin məhz Almaz Ələsgərlini aktrisa kimi səhnədə seyr etməyə gəldiyini biləsən. Əsas məsələ isə o idi ki, tanınmış müğənninin rolunun öhdəsindən necə gələcəyini görmək üçün teatra gələnlər peşman olmadılar. Almaz Ələsgərlinin Tünzaləsi heç də nifrət doğuracaq qədər acgöz və sərvət düşkünü olmayıb, atasız böyütdüyü yeganə qızının maddi ehtiyacsız, firavan ömür sürməyini istəyən analardan biridir. Qonşu Orxan bəyin Tünzaləyə bəslədiyi məhəbbəti də çox səmimi, hətta bir qədər utancaqlıqla qarşılaması da obraza şirinlik və təbiilik qatır. Məncə, Almaz Ələsgərli birinci pərdənin sonunda qızına elçi düşənin amerikalı zəngin soydaşımız yox, ingilis dili müəllimi Kamranın olduğunu bildiyi səhnədə bu qismətə etirazı onun tamaşa boyu ifasının ən səmimi məqamı idi.

Təbii ki, populyar estrada müğənnisinin musiqili teatr tamaşasında çıxışını uğur vəd edən teatr marketinqi gedişi kimi də qiymətləndirmək olar və əminik ki, «Amerikalı kürəkən»də Almaz Ələsgərlinin rol almasını bu cür qiymətləndirənlər az olmayacaq. Amma kimin nə fikirləşdiyindən asılı olmayaraq, müğənni-aktrisanın çıxışı göz qabağındadır. Həm də etiraf edək ki, teatrın truppasındakı orta nəslə aid edilən aktrisalar arasında vokal səsi, həm də ifasında komik elementlər olan ifaçıya ehtiyac var. Bu üzdən də truppada Almaz Ələsgərli var deyə, əsas qadın qəhrəmanından nisbətən güclü vokal imkanları tələb edən musiqili əsərləri təkrarən repertuara daxil etməyə dəyər.

Elə siz də, əziz tamaşaçılar, afişalarda «Amerikalı kürəkən» tamaşasının adını görüb «eh, bu tamaşanı görmüşük» deyib keçməyin. «Amerikalı kürəkən» çoxdankı olsa da, qayınanası təzədir.

 

Gülcahan

 

Mədəniyyət.- 2016.- 4 may.- S. 7.