Kinoya bağlı ömür

 

Ceyhun Mirzəyevin xatirə gecəsi keçirildi

 

Aprelin 29-da Dövlət Film Fondunda görkəmli kinorejissoraktyor Ceyhun Mirzəyevin (1946-1993) anadan olmasının 70 illiyinə həsr edilmiş xatirə gecəsi keçirildi.

 

Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Dövlət Film Fondunun birgə təşkil etdiyi tədbirdə əvvəlcə sənətkarın həyat və sənət yolundan bəhs edən videoçarx nümayiş olundu.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının birinci katibi, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək Ceyhun Mirzəyevin yaradıcılığından söz açdı. Bildirdi ki, o, bütün varlığı ilə kinoya bağlı insan idi. Sağlığında Azərbaycan kinematoqrafiyasının canlı əfsanəsinə çevrilmişdi. O, öz üzərində daim çalışan istedadlı rejissor, aktyor, həm də genişürəkli insan idi. Filmdən filmə püxtələşərək əsl sənətkar səviyyəsinə yüksəlmişdi.

Qeyd olundu ki, Ceyhun Mirzəyev 1946-cı il aprelin 9-da Ağdam rayonunun Abdal-Gülablı kəndində anadan olub. Uşaqlıqdan həyatı kino ilə bağlı olub. “Ögey ana” filminə çəkiləndə 12 yaşı vardı. Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirib, sonra Moskvada təhsilini davam etdirib. Aktyor kimi 20-dən çox filmdə (“Əsl dost”, “Yol əhvalatı”, “Qanun naminə”, “Yenilməz batalyon”, “Lətifə” və s.) müxtəlif səpkili rollar ifa edib. Kinostudiyada müxtəlif peşələrdə çalışıb. Assistent, rejissor köməkçisi işləyib, aktyorluq edib, həm də rejissor kimi filmlər çəkib. “Mozalansatirik kinojurnalının bədii rəhbəri olub.

C.Mirzəyevin rejissor kimi lentə aldığı “Fəryad” filmi Azərbaycan kinosunda Qarabağ müharibəsinə həsr olunmuş ilk ekran əsəridir. O, filmdə həm də aktyor kimi çəkilib. Lakin filmin premyerasını görmək ona qismət olmayıb, 1993-cü il martın 5-də dünyasını dəyişib.

Əməkdar artist Elxan Qasımov çıxış edərək qeyd etdi ki, bu istedadlı sənətkarı və gözəl insanı tələbəlik illərindən tanıyırdım. Ceyhun Mirzəyev, Lətif Səfərov və bir neçə belə istedadlı sənətkarlarımız olub ki, kino aləmində böyüyüblər. C.Mirzəyev həqiqətən sənət üçün yaranmışdı. O, çəkildiyi filmlərdə sadəcə rolları oynamır, obrazı yaşayırdı. Buna görə də tamaşaçı və xalq məhəbbəti qazanıb.

Tədbirdə daha sonra Əməkdar artist Şamil Süleymanov, kinoşünas, Əməkdar incəsənət xadimi Aydın Dadaşov və başqaları çıxış edərək sənətkarla bağlı xatirələrini bölüşdülər. Bildirdilər ki, C.Mirzəyev “Ögey ana” və “Fəryad” filmləri ilə əbədi olaraq kino tariximizə düşüb.

Sonda İctimai Televiziyanın “Carçı film” yaradıcılıq birliyinin hazırladığı “Zirvədəkilər. Ceyhun Mirzəyev” filmi nümayiş olundu.

 

S.Fərəcov

 

Mədəniyyət.- 2016.- 4 may.- S. 6.