Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri

 

Beynəlxalq elmi-praktik konfrans keçirilib

 

Mayın 2-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XV beynəlxalq elmi-praktik konfrans keçirilib.

 

AMEA, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə baş tutan tədbir I Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunub.

ADMİU-nun rektoru, professor Fərəh Əliyeva çıxış edərək on beş ildir ki, ənənəvi olaraq keçirilən konfransın önəmindən danışıb. Bildirib ki, konfrans türkdilli xalqların musiqi ənənələri sahəsindəki problemlər və onların həlli yollarının araşdırılması, ortaq mədəniyyətimizin inkişaf perspektivlərinin müəyyənləşdirilməsi yönündə geniş imkanlar açacaq.

AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli türksoylu xalqların ortaq tarixi köklərə, böyük mədəniyyətə və çoxəsrlik ənənələrə malik olduqlarını vurğulayıb. İştirakçılara 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində keçirilmiş Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Toplantısını xatırladan akademik bildirib ki, tədbirdə türkdilli xalqların mədəni irsinin qorunması, təşviqi və inkişafı yönündə bir sıra qərarlar, o cümlədən Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması haqqında qərar qəbul olunub.

Alim hazırda bu birliyə üzv ölkələrin iştirakı ilə ortaq ədəbiyyat tarixinə dair dərsliyin hazırlandığını deyib. Dərsliyin orta məktəblərdə tədris olunması nəzərdə tutulur.

Beynəlxalq konfransda Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə, Azərbaycan Milli Konservatoriyasının prorektoru, professor Malik QuliyevYunus Əmrə İnstitutunun Bakı filialının direktoru İbrahim Yıldırım çıxış ediblər.

Konfrans işini 4 bölmə üzrə davam etdirib. Tədbirdə musiqi pedaqogikası, müqayisəli sənətşünaslıq, musiqi tarixi və nəzəriyyəsi, etnomusiqişünaslıq və digər istiqamətləri əhatə edən məruzələr dinlənilib, fikir mübadiləsi aparılıb.

Konfrans çərçivəsində ADMİU ilə AMEA-nın Nizami adına Ədəbiyyat, Memarlıq və İncəsənət institutları arasında əməkdaşlığa dair memorandumlar imzalanıb.

 

Soltan

 

Mədəniyyət.- 2016.- 4 may.- S. 5.