Beynəlxalq Rəqs Günü muzeydə qeyd edildi

 

Dünyanın bir çox ölkəsində qeyd olunan 29 aprel - Beynəlxalq Rəqs Günü münasibətilə Azərbaycan Milli İncəsənət Muzeyində konsert keçirildi. Konsert Azərbaycanın görkəmli rəqqasə və pedaqoqu, Xalq artisti Əminə Dilbazinin xatirəsinə həsr olunmuşdu.

Tədbir həm çıxışçıları, həm də tamaşaçıları ilə digər konsertlərdən seçilirdi. «Günəş» tədris mərkəzinin və «Azəri inciləri» rəqs kollektivlərinin üzvləri elə özləri kimi azyaşlı tamaşaçıların qarşısında çıxış etdilər. Tamaşaçılar isə Bakıdakı 134 nömrəli orta məktəbin I sinif şagirdləri idi.

Konsertdən əvvəl muzeyin elmi-kütləvi işlər şöbəsinin müdiri Rəhimə Çərkəzova Beynəlxalq Rəqs Günü barədə uşaqlara məlumat verdi, onları Əminə Dilbazinin yaradıcılığı ilə tanış etdi.

Sonra balaca rəqqaslar «Bayram süitası», «Yallı», «İgidlər» kimi Azərbaycan rəqslərini və Latın Amerikası ritmlərindən ibarət rəqs kompozisiyasını nümayiş etdirdilər.

Konsertin sonunda tədbirin balaca tamaşaçıları muzeydə təşkil edilmiş milli rəqslərimizə aid fotosərgi ilə tanış oldular.

 

G.Mirməmməd

 

Mədəniyyət.- 2016.- 4 may.- S. 4.