Qəmər
Almaszadə adına müsabiqəyə doqquz
ölkədən rəqqaslar qatılacaq
Bakı Xoreoqrafiya Akademiyası Elmi Şurasının iclasında bir sıra məsəllər müzakirə olunub
Mayın 2-də Bakı Xoreoqrafiya Akademiyasında Elmi Şuranın geniş tərkibli iclası keçirilib. Akademiyanın rektoru, Əməkdar elm xadimi, professor Timuçin Əfəndiyev iclası açaraq bildirib ki, Azərbaycanda dövlət səviyyəsində bədii təhsilə, ələlxüsus da xoreoqrafiya təhsilinə, klassik və milli rəqs sənətlərinə göstərilən diqqət tədris ocağı qarşısında duran vəzifələrin icrasına daha məsuliyyətlə yanaşmanı və əlavə olaraq planlı şəkildə elm, təhsil və yaradıcılıq işlərinin görülməsini zəruri edir. Şura sədri elmi tədqiqat işlərinin planlaşdırılması ilə bağlı bir sıra məsələlərə toxunub, mədəniyyət və incəsənətin müxtəlif sahələrinin inkişafı üçün əhəmiyyət kəsb edən prioritet elm sahələrindən, akademiyada ilk dəfə olaraq magistr pilləsi üzrə təhsilin təşkili ilə bağlı qarşıda duran vəzifələrdən danışıb.
Qeyd edib ki, xoreoqrafiya sənətinin inkişafı üçün ən vacib elm və təhsil sahəsi pedaqogikadır və bu sahədə xarici təcrübədən istifadə mühüm məsələlərdən biridir. Bu baxımdan akademiyada dünya şöhrətli xoreoqrafların ustad dərslərinin əhəmiyyəti diqqətə çatdırılıb.
İclasda professor Tamilla Kəngərlinskayanın “Tələbə xoreoqrafların peşə hazırlığında pedaqogikanın rolu” mövzusunda elmi məruzəsi, yay imtahan sessiyasına hazırlıq və əmək intizamı barədə tədris işləri üzrə prorektor, dosent Sevda Sadıxbəyovanın, elmi tədqiqat və yaradıcılıq işlərinin vəziyyəti barədə prorektor, dosent Sonaxanım İbrahimovanın hesabatları dinlənilib.
Qeyd olunub ki,
mayın 6-da akademiyada “Heydər Əliyev
və Azərbaycan incəsənəti” mövzusunda
respublika elmi-nəzəri konfransı,
16-20 may tarixlərində isə Qəmər
Almaszadə adına klassik və milli rəqs üzrə I beynəlxalq
müsabiqə keçiriləcək. 18-22 aprel
tarixlərində keçirilmiş kastinqin nəticələrinə görə
müsabiqədə Azərbaycan da daxil olmaqla 9 ölkədən
212 rəqqas iştirak edəcək.
Müsabiqənin münsiflər heyətinə Azərbaycan və
xarici ölkələrdən məşhur
xoreoqraflar daxildir.
Mədəniyyət.- 2016.- 4 may.- S.
4.