Ordubadinin xatirəsi yad edildi

 

Mayın 2-də görkəmli yazıçı, dramaturq, publisist Məmməd Səid Ordubadinin vəfatının 66-cı ildönümü ədibin Bakıdakı xatirə muzeyində qeyd edildi. Tədbirdən öncə muzeyin kollektivi Fəxri xiyabanda yazıçının məzarını ziyarət ediblər.

Muzeydə davam edən mərasimdə direktor Lalə Abaszadə çıxış edərək bildirdi ki, Ordubadi Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi sayılır. O, "Dumanlı Təbriz", "Qılınc və qələm", "Döyüşən şəhər", "Gizli Bakı" romanlarının müəllifi olmaqla yanaşı, eyni zamanda məhsuldar publisist kimi fəaliyyət göstərib. Yazıçının ədəbiyyat və incəsənət məsələlərinə həsr olunmuş məqalələri bu gün də aktualdır.

Yazıçının yaradıcılığının tədqiqatçısı, ədəbiyyatşünas Arzu Hüseynova qeyd etdi ki, Ordubadinin publisistik fəaliyyəti Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra daha da genişlənib. Yazıçının məqalələri “Kommunist”, “Maarif işçisi”, “Füqəra füyuzatı”, ”Qızıl qələm”, “Şərq qadını”, “Yeni fikir” və başqa qəzet-jurnallarda dərc olunub. Məqalələrin mövzusu dünya hadisələrinə, sosializm quruculuğuna həsr olunsa da, böyük qismi ədəbiyyat, incəsənət, mətbuat və mədəniyyətin müxtəlif məsələlərindən bəhs edibbu gün də əhəmiyyətini saxlamaqdadır. Ordubadinin ədəbi-tənqidi məqalələrində ədəbiyyat və incəsənətin ideyalılığı, xəlqiliyi məsələsi mühüm yer tutur.

Tədbirdə iştirak edən yazıçının qohumları və qonaqlar M.S.Ordubadinin həyat və yaradıcılığından söhbət açdılar. Sonda iştirakçılar muzeyin foyesində M.S.Ordubadinin kitabları və onun haqqında dərc olunmuş qəzet və jurnallardan ibarət sərgi ilə tanış oldular.

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 4 may.- S. 4.