İnternet oyun vasitəsi deyil...”

 

Mayın 2-də F.Köçərli adına Respublika Uşaq Kitabxanasında “İnternet adi bir oyun vasitəsi deyil, internet bizim həyatımızdır” mövzusunda seminar-məşğələ keçirilib. Tədbirdə Yasamal rayonu 53 saylı orta məktəbin 6-cı sinif şagirdləri iştirak edib.

Kitabxananın Kütləvi işlər şöbəsinin əməkdaşı “İnternetdən düzgün, təhlükəsiz istifadə qaydaları” adlı təqdimatla çıxış edərək, uşaqlara internetdən istifadə edərkən qarşılaşa biləcəkləri təhlükələr barədə məlumat verib, virtual aləmdə yeniyetmələrin dələduzlar tərəfindən necə aldadılaraq təsir altına salınması, şantaj olunması barədə uşaqları xəbərdar edib. Bununla yanaşı, sosial şəbəkələrdən istifadə edərkən təhlükəsizlik qaydalarına riayət, çətin və yaddaqalan şifrə yaratmağın yolları və s. barədə məlumatlar verilib, uşaqların sualları cavablandırılıb.

Tədbirin ikinci hissəsində İncəsənət şöbəsinin əməkdaşı uşaqlara kitabxananın saytı (www/clb.az) barədə məlumat verib, onlara elektron kitabxanadan, elektron kataloqdan, elektron kartotekadan necə istifadə edəcəklərini izah edib. Tədbir çərçivəsində uşaqlar mövzu ilə əlaqədar video-təqdimata, internet asılılığı ilə bağlı cizgi filminə tamaşa ediblər.

Seminar-məşğələ bu həftə ərzində hər gün müxtəlif məktəblərin V-VI sinif şagirdləri ilə keçiriləcək.

 

Mədəniyyət.- 2016.- 4 may.- S. 4.