“Azərbaycan Kitabxana Ensiklopediyası”nın təqdimatı
keçirildi
Mayın 3-də Milli Kitabxanada “Azərbaycan
Kitabxana Ensiklopediyası”nın (AKE) təqdimatı
keçirildi.
Ölkəmizdə kitabxana işi sahəsində ilk fundamental sorğu-məlumat kitabının layihə rəhbəri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, baş redaktoru Milli Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Kərim Tahirov, elmi redaktoru BDU-nun kitabxanaşünaslıq kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Abuzər Xələfovdur. 630 səhifədən ibarət nəşrin redaksiya heyətinə respublikanın kitabxana-informasiya sahəsi üzrə tanınmış mütəxəssisləri daxildir.
Kitabxananın direktoru Kərim Tahirov tədbiri açaraq nəşr haqqında məlumat verdi. Bildirdi ki, ensiklopediya Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kitabxana informasiya sahəsinin inkişafı üzrə (2008-2013-cü illər) Dövlət Proqramı”na əsasən Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Kitabxanası tərəfindən hazırlanıb.
Böyük Britaniya, Almaniya, Polşa, Rusiya və ABŞ-da kitabxana ensiklopediyalarının nəşr olunduğunu diqqətə çatdıran K.Tahirov qeyd etdi ki, onlardan ən məşhuru Amerika Kitabxana Assosiasiyası tərəfindən 1993-cü ildə hazırlanan “Ümumdünya kitabxana və informasiya xidməti ensiklopediyası”dır. “Azərbaycan Kitabxana Ensiklopediyası”nı hazırlamaqda məqsəd respublikada bu sahədə əldə olunmuş professional bilikləri toplamaq, yığcam şəkildə işləyib geniş kitabxana cəmiyyətinin istifadəsinə verməkdir. Nəşrin ərsəyə gəlməsində Milli Kitabxananın kitabxanaşünaslıq, əsasən də terminologiya sahəsində illər uzunu əldə etdiyi təcrübənin böyük əhəmiyyəti olub.
Təqdimatda çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Azərbaycan mədəniyyətinin inkişafında, vətəndaşlarımızın dünyagörüşünün formalaşmasında kitabxanaların əvəzedilməz rolundan söz açdı. Bildirdi ki, tarix boyu kitabın dəyəri insanlar tərəfindən dərk edilib. Bu gün dünya inkişaf edir, kitabxana işinin təkmilləşdirilməsi yönündə mühüm işlər görülür. Vaqif Əliyev kitabxana işinin bütün sahələrinə dair ensiklopedik məlumatları əks etdirən nəşri yüksək qiymətləndirdi: “Burada Azərbaycan kitabxanaçılığında əməyi olan insanlar haqqında da məlumatlar, bu sahəyə aid əsas termin və anlayışlar, Azərbaycanda kitabxana işinin tarixi öz əksini tapmışdır. Nəşrdə ayrı-ayrı görkəmli maarifçi şəxsiyyətlərin - Abbasqulu ağa Bakıxanovun, Mirzə Fətəli Axundzadənin, Mirzə Kazım bəyin və başqalarının şəxsi kitabxanaları, xalq qiraətxanaları haqqında, dünyanın ən iri kitabxanaları, müasir kitabxanaçılıq təcrübəsinin ən mühüm yenilikləri və yekunları haqqında məlumatlar geniş yer almışdır. Kitabxana-informasiya sahəsinin baza anlayışları, resursları, kitabxana menecmenti, kitabxana-informasiya xidməti, kitabxana-informasiya texnologiyaları haqqında məlumatlar nəşrin əhəmiyyətini artıran nüanslardır. Ensiklopediyaya dünya kitabxanaşünaslığında və Azərbaycanın kitabxana sahəsində xüsusi xidmətləri olan, fəxri adlarla təltif edilmiş şəxslər haqqında, onların həyat və fəaliyyətlərini geniş əks etdirən məqalələr daxil edilmişdir”.
Vaqif Əliyev ensiklopediyanın ərsəyə gəlməsində yaxından iştirak edən professor Abuzər Xələfovun əməyini xüsusi qeyd etdi, görkəmli alimi BDU-nun Elmi Şurasının qərarı ilə universitetin “Fəxri professor”u adına layiq görülməsi münasibətilə təbrik etdi. Vurğulandı ki, bu fəxri ad BDU-nun professor-müəllim heyəti arasında ilk dəfə Abuzər Xələfova verilib.
Azərbaycanda Atatürk Mərkəzinin müdiri, Milli Məclisin üzvü, professor Nizami Cəfərov, professor Abuzər Xələfov, BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Azad Qurbanov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova, Səbail MKS-nin direktoru Nüşabə Ələkbərova və digərləri nəşrin işıq üzü görməsinə görə Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürlərini bildirdilər. Qeyd olundu ki, ensiklopediya kitabxanaçılıq sahəsi üçün dəyərli nəşrdir və sahəvi kitabxana-informasiya bazasının yaranmasına, kitabxana işinin elmi və təcrübi inkişafına təkan verəcək.
Lalə Azəri
Mədəniyyət.- 2016.- 4 may.-
S. 3.