“Mirzə Şəfi mövzusu hələ qapanmayıb”

 

“Mirzə Şəfi Bodenştedtə bir səhifə də olsun şeirini bağışlamayıb. O, yalnız şairin

məclislərində oturaraq eşitdiklərini qələmə alıb, sonra da alman dilinə çevirib

 

Böyük Azərbaycan şairi Mirzə Şəfi Vazehin (1794-1852) şəxsiyyəti və yaradıcılığı uzun illərdir həm Azərbaycan, həm də Avropa araşdırmaçılarının həmişə diqqət mərkəzindədir. Məlum olduğu kimi, şairin Tiflisdə yaxından tanış olduğu alman şərqşünası Fridrix Bodenştedt onun əsərlərini alman dilinə tərcümə edərək öz imzası ilə nəşr etdirmiş və “Mirzə Şəfi nəğmələri” Avropada geniş yayılmışdır. Sonradan bu poetik incilərin Mirzə Şəfiyə məxsus olduğu üzə çıxsa da, bu ədəbi mirasla bağlı mübahisələr hələ davam edir. Təəssüf ki, Mirzə Şəfinin öz dilimizdə yaradıcılığının çox cüzi nümunələri varonun həyatı, yaradıcılığı ilə yaxından tanış olmaq üçün almandilli qaynaqlara baş vurulmalıdır.

Azərbaycan Dillər Universitetinin professoru, filologiya üzrə elmlər doktoru, alman dili üzrə tanınmış mütəxəssis Fəxrəddin Veysəlli M.Ş.Vazeh haqqında yazılanları ilk qaynaqdan oxuyaraq araşdırıb.

 

- Fəxrəddin müəllim, M.Ş.Vazehin şəxsiyyəti və yaradıcılığı ilə bağlı nə vaxtdan araşdırmalar aparırsınız?

- 1977-1978-ci illərdə doktorluq dissertasiyası yazmaq üçün Almaniyanın Humboldt Universitetinə təkmilləşməyə göndərildim. Günümün çox hissəsi kitabxanalarda keçirdi. M.Ş.Vazehin şəxsiyyətinə və yaradıcılığına maraq məndə o zaman yarandı. Alman professoru və tərcüməçi Fridrix Bodenştedtin (1819-1892) üçcildlik əsəri var. Cildlər almanların XX əsrin 20-ci illərinə qədər istifadə etdikləri qot əlifbasındadır. Hər üç cildi diqqətlə oxuyub konspektləşdirmişəm. Azərbaycandan, Mirzə Şəfidən bəhs edən kitab “Şərqdə 1001 gün” adlanır. Kitabda Bodenştedt Vazehlə tanışlığından, onun məclislərində iştirak etməsindən, şairin köməkliyi ilə dilimizi öyrənməsindən, sonra “Mirzə Şəfi nəğmələri” kitabının ərsəyə gəlməsindən və başqa hadisələrdən söz açır. Avropada “Mirzə Şəfi nəğmələri” kitabı bir neçə ilin içində 120 dəfə çap olunmuşdu. Bodenştedtdən Mirzə Şəfi haqqında soruşanda yalnız bunları deyib: “O şeirlərin alman dilində çap olunmasının yeganə səbəbkarı və müəllifi mənəm”. Sovet dönəmində alman faşizminə nifrət yaratmaq üçün Bodenştedtin oğruplagiat obrazı da yaradılıb. Əslində Mirzə Şəfi ona bir səhifə də olsun şeirini bağışlamayıb. Bodenştedt yalnız şairin məclislərində oturaraq eşitdiklərini qələmə alıb, sonra da alman dilinə çevirib. İndi deyirlər ki, şeirlərin müəllifi kimdir? Bodenştedt kitabında yazmır ki, Mirzə Şəfi şeirlərini mənə verib, mən də onu çap etdirmişəm. O, şeirləri dinlədiyini qeyd edir.

- Bodenştedt əsərində Mirzə Şəfinin obrazını necə yaradır?

- Yazır ki, Mirzə Şəfi çox müdrik adam idi, Şərq fəlsəfəsini bilirdi və Qərb dünyasını gözəl tanıyırdı. Bədahətən şeirlər söyləyirmiş. Məclisə şeir deyərək gələrmiş. Bodenştedt Mirzə Şəfinin Şəki xanının qızı Züleyxanı dəlicəsinə sevməsi, şeir məclislərində qalib gəlməsi haqqında da yazır. Züleyxanın Mirzə Şəfiyə qoşulub Bakıya qaçmasını geniş təsvir edir. Onları gətirən araba Şamaxıda dayanarkən Avar xanı Əhməd xana xəbər göndərirlər ki, nişanlını qaçırırlar. Sevənləri Bakıya araba ilə gətirən erməni Akop satıbmış. Onları tuturlar, Şəfini Şamaxıdan Gəncəyə qədər arabaya qoşub aparırlar. Sonra onun ayağının altına 100 şallaq vururlar, 6 ay gəzə bilmir.

- Bizdə Bodenştedti plagiat şəxs kimi tanıyırlar. Bu, belədirmi?

- Mən araşdırmalarım əsasında “Mirzə Şəfi və Bodenştedt - yozmalarfaktlar” adlı kitab yazmışam. Onu genişləndirilmiş biçimdə yenidən çap etmək fikrim var. Düzdür, bizimkilər əsasən Bodenştedtin plagiat olduğunu yazırlar. Almanlar da deyir ki, siz öz şairinizin şeirlərini sübut eləyin. Bu baxımdan Mirzə Şəfinin öz dilimizdə şeirlərini tapmaq çox gərəklidir.

- Hamını düşündürən “Müdriklik bağlaması” ilə bağlı nə deyə bilərsiniz?

- Bodenştedt kitabında yazır ki, Mirzə Şəfi onaMüdriklik bağlaması” bağışladı. Bodenştedt də vəsiyyət etdi ki, ölümümdən yüz il sonra həmin bağlamanı açarsınız. 2013-cü ildə yenidən Mirzə Şəfi ilə bağlı araşdırmalar aparmaq üçün Almaniyanın Payne şəhərindəki Bodenştedtin ev-muzeyinə getdim. Muzeyin direktoru ilə söhbət etdim, həmin bağlamanın taleyi ilə maraqlandım. Dedilər ki, bizonu axtarırıq, tapa bilmirik. Bodenştedt bir müddət Amerikada da yaşayıb, ömrünün son illərini Almaniyanın Visbaden şəhərində keçirib. Bağlamanın taleyi bunlardan biri ilə bağlı ola bilər: ya bağlama itib, ya da Bodenştedt özüylə yaşadığı ünvanlara aparıb. İndi ən çətin onu tapmaqdır.

Bodenştedt elm adamı, professor idi, ancaq şair deyildi. Onun bəlağətli danışığı, məzhəkəçiliyi də varmış. Heç bir alman ensiklopediyasında Bodenştedti şair kimi göstərmirlər. O, tərcüməçilik edib, PuşkininLermontovun şeirlərini alman dilinə çevirib.

- Bodenştedtdən sonra Avropada Mirzə Şəfi ilə maraqlananlar da olub...

- Mirzə Şəfi Avropada məşhurlaşandan sonra Qafqazşünaslıqla məşğul olan iki alman alimi keçən əsrin əvvəllərində Tiflisə gəlib. Orada Mirzə Şəfinin qəbrinin yerini soruşublar. Ermənilər onlara Mirzə Şəfi adlı şairin haçansa həyatda olmadığını söyləyiblər. Mirzə Şəfinin inkar olunmasında ermənilər böyük rol oynayıb. Həmin alimlər vaxtilə Bodenştedtin qaldığı erməni evində kirayə qalıblarmış. Onlar Avropaya qayıtdıqdan sonra iki məqalə çap ediblər. Yazıblar ki, doğrudan da, Bodenştedti qınamaq olmaz. Azərbaycanlıların Mirzə Şəfi adlı şairi yoxdur, onun qəbrini də tapmadıq.

- Bodenştedtin kitabları haçansa dilimizə çevrilə bilərmi?

- Sifariş verilsə, bir neçə aya çevirə bilərəm. Həmin kitabda Mirzə Şəfinin 180 şeiri verilib. Vaxtilə həmin şeirləri rus dilinə, ondan da bizim dilimizə çeviriblər. Mən bütün şeirləri almancadan sətri tərcümə etmişəm. Mirzə Şəfi mövzusu hələ qapanmayıb. Həmin kitablarda Bodenştedtin xalqımız haqqında gözəl fikirləri yer alıb.

- Siz tanınmış dilçisiniz. Elmi yaradıcılığınızda hansı yeniliklər var?

- Bir müddət öncə Londonda bir nəşriyyatdan mənə müraciət edərəkFonetika fonologiya məsələlərikitabımı ingilis dilində çap etmək istədiklərini bildirdilər. Kitab 500 sayda çıxıb, 100 nüsxəsini mənə göndərəcəklər. Əsər 8 bölmədən ibarətdir. Bu, Azərbaycan dilçisinin ilk əsəridir ki, Avropada çap olunur. Kitab 1993-cü ildə Bakıda işıq üzü görüb, 2007-ci ildə Türkiyədə nəşr olunub.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2016.- 6 may.- S. 15.