Sağlığında
səfillikdə yaşayan “milyonçu” rəssam
Pol Qogen (Ejen Henri Pol Qogen) adı dünya incəsənət tarixinə qızıl hərflərlə yazılıb. Dünya rəssamlıq sənətində onun özünəməxsus yeri var. Rəssam 1848-ci ildə Parisdə anadan olub. Onun yaradıcılığı başlıca olaraq postimpressionizm və primitivizm cərəyanlarını əhatə edir. 1851-ci ildə Qogenin ailəsi Peruya köçür. Ailə başçısının ölümündən sonra 4 il Limada yaşayan ailə üzvləri 1855-ci ildə yenidən Parisə qayıdırlar.
Pol Qogen bir müddət donanmada işləyib, Parisdə birjada çalışıb. 1873-cü ildə rəssam danimarkalı bir qızla evlənib və ondan beş övladı doğulub.
Qogen uşaqlıqdan rəssamlığa həvəsliydi. Gənclik illərində o, ardıcıl rəsmlər çəkir, özünü sənətkar kimi yetişdirirdi. O özü-özünün müəllimi idi. Ona görə də rəssamlıq təhsili almağa gərək duymamışdı. Yaxın rəssam dostları Kamil Pizarro, Pol Sezannla bir yerdə rəsmlər çəkir, dünya rəssamlıq tarixinin gələcək incilərini yaradırdı.
1881-1882-ci illərdə o, ilk dəfə impressionistlərin sərgisində əsərlərini nümayiş etdirsə də, diqqət cəlb etmir. 1884-cü ildə ailəsi ilə Kopenhagenə köçən rəssam burada dolanmaq üçün dayanıqlı iş tapa bilmir. Bundan sonra o, böyük oğlu ilə Parisə qayıdaraq bütün diqqətini rəssamlığa verir. Bu vaxt Van Qoq onu Fransanın Arl bölgəsinə dəvət edir və onlar iki ay bir yerdə rəsm çəkirlər.
İlk çağlar
Qogen impressionizmə meyl etsə də, özünü onda tapa bilmir. Bundan sonra
o, Afrika və Asiya incəsənətini
dərindən öyrənir,
özəlliklə yapon
folklorunun, mədəniyyət
və incəsənətinin
təsirinə düşür.
1891-ci ildə rəssamın maddi durumu olduqca
pisləşir, əsərlərini
alan olmur,
bir yandan da özünü tanıtdıra bilmir. O, az müddətə
Fransanın Sakit okeandakı müstəmləkəsi
olan Taiti adasında yaşamağa gedir. Bu, onun
yeni axtarışlar dönəmiydi. Burada yerli
əhalinin yaşam tərzini əks etdirən çoxlu əsərlər yaradır.
Həyatının qalan hissəsini
isə Taitinin qonşuluğundakı Markiz
adasında keçirir.
Burada o, xatirələrini, sənət
haqqında fikirlərdən
ibarət "Öncə
və sonra" adlı kitab da yazıb. 1903-cü ildə rəssam bərk xəstələnir və
54 yaşında dünyasını
dəyişir. Taitidə rəssamın
şərəfinə Qogen
muzeyi də yaradılıb.
Onun bütün
əsərlərində insanlar
öz təbiiliyi ilə əksini tapıb. “Arlda gecə kafesi”, “Sahildə taitili qadınlar”, “Çiçək ilə
qadın”, “Pont Avendə
su kanalı”, “Günorta mürgüsü”,
“İki taitili qadın” və başqa əsərlərində
dərin səmimilik duyulmaqdadır. Rəssamın avtoportretlər silsiləsi
də var.
Ölümündən sonra Qogenin yaradıcılığına
maraq artır, əsərlərinin çoxu
rus kolleksiyaçısı
Sergey Şukin tərəfindən
alınır, həmin
əsərlərin bir
qismi A.S.Puşkin adına Dövlət
Təsviri İncəsənət
Muzeyində saxlanılır.
Bu gün Qogen
dünyanın əsərləri
baha satılan ən məşhur rəssamlarındandır. Onun əsərlərinin orta qiyməti 40 milyon dollardır. “Mənimlə nə zaman evlənəcəksən?”
əsəri 2015-ci ildə
300 milyon dollara satılıb.
Soltan
Mədəniyyət.- 2016.- 6 may.-
S. 15.