Əziz dayı kəndimizə
başqa yerdən gəlmişdi...
(xatirə-hekayə)
Mən də, mənim yaşıdlarım da gözümüzü açandan kəndimizdə Əziz dayı adlı bir adamın yaşadığının şahidi olmuşduq. Burada nə var ki?.. Kənddə adam yaşayar. Burası belədir. Ancaq Əziz dayı bizim kəndin adamlarına oxşamırdı. Sonradan bildik ki, Əziz dayı bizim kənddən deyilmiş. O bizim kəndə başqa yerdən gəlibmiş. Niyə gəlibmiş? Nə üçün burada yaşayırdı? Biz uşaq idik. Belə şeyləri anlamırdıq.
Kəndimizdə bir İsmayıl da vardı. Rəhmətlik Məhəmməd kişinin oğlu İsmayıl. O, yaşca bizdən xeyli böyük idi. Belə şeyləri bizdən yaxşı anlayırdı.
Biz boş vaxtlarımızda “Damların yanı” deyilən yerdə futbol oynayanda İsmayıl kolxozun at tövləsinin üstündə oturub poçtalyon Əli dayının verdiyi «Şərqin şəfəqi» və “Stalin yolu” qəzetlərini oxuyurdu.
«Damların yanı» kolxozun idarə binasının yaxınlığında idi. Binanın otaqlarından birinin pəncərəsindən içəri görünürdü. Otaqda bir neçə böyük həcmli radioqəbuledici vardı. Bura radio qovşağı adlanırdı. Axşamlar işıqlar yananda, yəni kəndimizin kiçik elektrik stansiyası işə salınanda radio verilişləri buradan evlərdə quraşdırılmış kiçik radiolara ötürülərdi. Kənd əhalisi son xəbərlərə, konsertə qulaq asardı. Kolxozun fəaliyyəti ilə bağlı xəbərlər də əhaliyə həmin radio qovşağı vasitəsi ilə çatdırılardı.
Gündüzlər, işıqlar yanmayanda, yəni elektrik enerjisi olmayanda oradakı radioqəbuledicilərdən biri batareya vasitəsi ilə işləyirdi. İsmayıl da orada oturub həmin radioya diqqətlə qulaq asırdı. Biz də bunu pəncərədən görürdük.
Bizə elə gəlirdi ki, İsmayıl hər şeyi bilir. Dünyanın bütün işlərindən xəbəri var. Buna görə də onun Əziz dayı haqqında dedikləri yaddaşımızda nəqşlənmişdi. İsmayıl demişdi ki, Əziz dayı bizim kəndə başqa yerdən gəlib. O, əli ilə kəndimizin yaxınlığındakı «Yel dağı» adlanan təpəni göstərərək deyirdi ki, Əziz dayının doğulduğu yer bizdən o qədər də uzaqda deyil, «Yel dağı»nın arxasındadır, kolxoz sədri Hüseynalı dayının mindiyi kəhəri bərk sürsən, bir saata çatarsan. Biz sonradan bildik ki, İsmayılın dediyi «Əziz dayının doğulduğu yer» başqa respublikaya məxsus imiş.
Əziz dayının şəxsi həyatı, taleyi ilə bağlı deyilənlər isə, uşaq da olsaq, ürəklərimizi göynədirdi.
İsmayılın dediklərindən: «Əziz dayı ailənin yeganə övladı, doğulub boya-başa çatdığı kəndin sayılıb-seçilən cavanlarından olub. Sevdiyi qızla nişanlanıb. Sonra hərbi xidmətə gedib. Elə həmin vaxtlar Əziz dayının ata və anasını «xalq düşməni» adı ilə sürgünə göndəriblər. Yaşadıqları evi isə kolxozun anbarına çeviriblər. Nişanlısı Əziz dayıya məktub yazaraq bu barədə məlumat verib. Elə həmin məktubda Əziz dayıya yalvarıb ki, bu yerlərə qayıtmasın. Burada gözləyirlər ki, Əziz əsgərlikdən qayıtsın, onu da göndərsinlər başqa bir səmtə».
O vaxtlar bizim kənddən olan bir neçə əsgər eyni yerdə Əziz dayı ilə bilikdə xidmət edirmiş. Hərbi xidmət başa çatdıqdan sonra Əziz dayı əsgər dostlarının məsləhətini qəbul edir və onlarla birlikdə yaşamaq üçün bizim kəndə gəlir. Dostları qısa müddətdə bir qaradam tikirlər və Əziz dayı həmin qaradamda yaşamağa başlayır...
Onun yaşadığı qaradam bizim məhəllədə idi. Əziz dayı kiçik alverlə məşğul olurdu. Ayda bir-iki dəfə şəhərə gedir, kənddə tapılmayan, yaxud az tapılan bəzi zəruri şeyləri oradan alıb gətirir, əşyanı cüzi artıq qiymətlə satır, bununla dolanırdı.
Əziz dayı hər dəfə şəhərə gedəndə bizi - uşaqları da unutmurdu. Məhəllə uşaqlarını oradan alıb gətirdiyi «xoruzlu konfet»ə və «taxta qalet»ə qonaq edirdi. Bazar günləri isə o bizə «konsert» verirdi. «Konsert» Mustafa əminin evinin ikinci mərtəbəsinin eyvanında olurdu. Əziz dayı iri bir patefonu stolun üstünə qoyar, onun ətrafına çoxlu vallar düzərdi. Sonra vallardakı mahnıları növbə ilə səsləndirər, bizə də əli ilə işarə edərdi ki, qulaq asaq. Artıq bir çoxumuz bu mahnıların sözlərini əzbər bilirdik. Elə mahnılar da vardı ki, Əziz dayı onları dinləyəndə ətrafa fikir vermir, sanki müğənni bu mahnıları təkcə onun üçün oxuyurdu:
Süsən sünbül bitirmişəm,
Mən yarımı itirmişəm,
Ömrü başa yetirmişəm.
Aman Gülgəz, a balam, yarım hanı, a gülüm, yarım hanı?..
Əziz dayı bu mahnıdan sonra eyni tərzdə başqa bir mahnıya da qulaq asardı:
Şiş ucları buludlarla döyüşən
Dağlarında buzları var ölkəmin.
Göy otlardan ipək paltar geyinən
Tarlaları, düzləri var ölkəmin.
Düzü, ikinci mahnının mənasını o qədər də başa düşmürdüm. Müğənni bu mahnını başqa cür oxuyurdu. Lakin bilirdim ki, ölkə insanların yaşadığı yerdir. Onu da xatırlayıram ki, bu mahnılar səslənəndə Əziz dayı qarşıdakı «Yel dağı»na tərəf baxar, qəmli gözləri yol çəkərdi. Həmin an Məhəmməd kişinin oğlu İsmayılın dedikləri yadıma düşürdü: «Əziz dayının olduğu yer bizdən o qədər də uzaqda deyil... «Yel dağı»nın arxasındadır... Əziz dayı ailənin yeganə övladı, doğulub boya- başa çatdığı kəndin sayılıb-seçilən cavanlarından olub. Sevdiyi qızla nişanlanıb...»
Elə həmin vaxtlar, uşaq da olsam, Əziz dayının bu mahnılara qulaq asanda kədərli gözləri ilə «Yel dağı»na tərəf baxmasının səbəbini, deyəsən, dərk edirdim: «Aman Gülgəz, a balam, yarım hanı, a gülüm, yarım hanı?..»
Bir də fikirləşirdim ki, görəsən, həmin anlarda Əziz dayının ürəyindən nələr keçir?!.
Əziz dayı həmin mahnıları dinlədikdən sonra üzünü bizə tutub deyərdi:
- Oxuyan Bülbüldür.
Sonra ona maraqla baxdığımızı görüb davam edərdi:
- Onun əsl adı başqadır. Bülbül kimi oxuduğu üçün ona bu adı veriblər.
... İllər keçəcək. Mən muzey işinə aid tədqiqat apararkən Bülbülün ömür-gün yoldaşı və tədqiqatçısı, müğənninin xatirə muzeyinin direktoru Adilə xanımın köməyi və məsləhəti ilə belə yazacağam: «Bülbül 1897-ci il iyunun 27-də Azərbaycanın ən qədim guşələrindən olan Şuşa şəhərində doğulmuşdur. Şuşa Azərbaycanın bir çox görkəmli şair, yazıçı və musiqişünaslarının yurdudur. Bülbül də məhz burada - Azərbaycanın təbii konservatoriyası sayılan Şuşada bir xanəndə kimi yetişməyə başlamışdır. O, qeyri-adi istedada, nadir, güclü səsə malik olmuş, bülbülləri ustalıqla təqlid etmiş, nəfəsini dərmədən uzun müddət oxuya bilmişdir. Elə buna görə də hələ ilk gənclik illərindən ona Bülbül adı verilmiş, bu ad isə müğənninin təxəllüsü kimi bütün dünyada məşhurlaşmışdır... Bülbül 1920-ci ildə Üzeyir Hacıbəylinin «Əsli və Kərəm» operasında Kərəm rolunu ifa etmək üçün Bakıya dəvət olunmuşdur. O, burada ilk dəfə olaraq rus opera truppasının ifasında klassik opera musiqisinə qulaq asmış və klassik musiqinin sirlərini öyrənməyi qərara almışdır. Məhz buna görə də 1921-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuşdur. O, 1927-ci ildə konservatoriyanı uğurla bitirdikdən sonra təhsilini davam etdirmək üçün Azərbaycan hökuməti tərəfindən İtaliyanın Milan şəhərinə göndərilmişdir».
Daha sonra yazdıqlarımdan: «Bülbülün xatirə muzeyində tamaşaçılara İtaliyanın «Arte Nostra» jurnalının 1931-ci ildə nəşr olunmuş bir sayı təqdim olunur. Jurnalda Bülbülün fotosu, habelə onun haqqında məşhur vokal müəllimi Raffaele Qraninin «Azərbaycan Bülbülü» məqaləsi verilmişdir. Müəllif yazır: «Bülbül müsəlman aləmindən İtaliyaya gələn ilk vokalçıdır. O, özünəməxsus Şərq oxumasından Avropa oxuma məktəbinə keçmişdir. Dörd il arxada qalmış, müğənni öz arzu-istəyinə nail olmuşdur. O, italyan oxuma manerasını və tədris metodikasını mükəmməl mənimsəmişdir... Bülbül Avropada əldə etdiyi biliyi öz xalqına çatdırmaq və iki məktəbin sintezini həyata keçirmək üçün Vətənə tələsir. «Bu sintezin parlaq nümunəsi Bülbül özüdür...»
Hələliksə biz kəndimizdə, Mustafa əminin evinin eyvanında Əziz dayının söhbətinin ardına qulaq asırdıq:
- Bülbül böyük sənətkardır.
Mən onu dəfələrlə görmüşəm. Lap yaxından. Bizim rayona
konsert verməyə gələrdi. Bakıya
gedəndə də atam məni mütləq onun konsertinə
aparardı. «Koroğlu»ya da baxmışam.
Bülbül Koroğlu rolunda
çıxış edirdi. O, Qıratın belində səhnəyə
çıxanda alqış səsləri zalı titrədirdi.
(Sonradan başa düşdüm ki, Əziz
dayı dahi Üzeyir bəyin «Koroğlu» operasını nəzərdə
tuturmuş. Neçə illər sonra
«Koroğlu»ya mən də baxdım. Təəssüf
ki, o vaxt artıq Bülbül dünyasını dəyişmişdi).
Bax, beləcə günlərimiz davam edirdi. Məhəmməd
kişinin oğlu İsmayıl «Şərqin şəfəqi»
və «Stalin yolu» qəzetlərini oxuyur, Əziz dayı şəhərdən
bəzi zəruri şeylər alıb gətirir,
uşaqları «xoruzlu konfet»ə və «taxta qalet»ə qonaq
edir, bazar günləri isə Mustafa əminin evinin ikinci mərtəbəsinin
eyvanında bizə «konsert» verir və bu zaman yenə də qəmli
gözləri «Yel dağı»na zillənirdi.
Və bir gün də dedilər ki, Əziz
dayının «xalq düşməni» damğası
üstündən götürülmüş ata-anası uzun
axtarışlardan sonra onu bizim kənddə tapıblar və
gəliblər aparmağa. Onlar Mustafa əminin evində
qonaqdırlar...
Əziz dayının valideynləri bir neçə
gün bizim kənddə qalmalı oldular. Kəndimizin
adətinə görə, ayrı-ayrı adamlar onları
qonaqpərvərliklə öz evlərinə dəvət
edir, xüsusi qayğı və ehtiram göstərirdilər.
Onları bir neçə dəfə mən də
yaxından gördüm. Qohum-qonşunun dediyi kimi, «boy-buxunlu» idilər.
Səliqəli geyinmişdilər. Çox astadan danışırdılar. Mənə elə gəlirdi ki, onların gözlərində
qəm-kədər qarışıq böyük bir sevinc var.
Axı, uzun illər əzab-əziyyət çəkmiş
bu adamlar neçə ildən sonra yeganə
övladlarını sağ-salamat tapmışdılar.
Nəhayət, ayrılıq zamanı gəldi. Bu dəfə Əziz
dayı bizdən, neçə il yaşadığı kəndimizdən,
hörmətini qazandığı kənd camaatından, bir də
«xoruzlu konfet»ə və «taxta qalet»ə qonaq etdiyi, «konsert»
verdiyi uşaqlardan ayrılırdı. Yəqin
ki, həmişəlik.
Həmin gün Mustafa əminin evində bir qələbəlik
vardı. Elə həmin eyvanda bir neçə masa birləşdirilmiş,
ətrafına stullar düzülmüş, masaların
üstünə yemək-içmək qoyulmuşdu. Məclisin baş tərəfində Əziz
dayının ata-anası, ortada özü əyləşmişdi.
Əziz dayı tünd rəngli pencək, ağ
köynək geyinmiş, saçlarını səliqə ilə
arxaya daramışdı (Mən Əziz dayının indi
geyindiyi bu paltarı onun yaşadığı qaradamda
görmüşdüm. Qaradamın
ortasındakı dirəkdən asılmış,
üstünə İsmayılın oxuduqdan sonra Əziz
dayıya bağışladığı «Şərqin şəfəqi»
qəzeti salınmışdı). Oturuşundan,
baxışından çox bəxtəvər
görünürdü. O da valideynləri kimi
«boylu-buxunlu» idi. İlahi, bu adam
doğrudanmı Əziz dayı idi?
Məclisə toplaşanlar yeyib-içir, tez-tez üzlərini
Əziz dayıya, onun ata-anasına tutub xoş sözlər
deyirdilər.
Əziz dayının patefonu pəncərənin
qabağına qoyulmuşdu. Pəncərə
açıq idi. Mən otaqda ayaq üstə
durub pəncərədən məclisi seyr edirdim. Əziz dayı arada qalxır, patefonu işə
salırdı. Yenə Bülbül oxuyurdu:
Göllərində
ördəkləri üzərlər,
Çöllərində
maralları gəzərlər,
Güllərindən
gəlinlər tac bəzərlər,
Ceyran
gözlü qızları var ölkəmin...
Hər dəfə Bülbülün ifasında səslənən
hər hansı mahnı başa çatdıqdan sonra Əziz
dayının atası asta-asta danışır, məclisdəkilər
ona diqqətlə qulaq asırdılar. Onun söhbətini
aydın eşitməsəm də, tez-tez «Bülbül»
dediyini yaxşı xatırlayıram. Yəqin
ki, o da Bülbül haqqında danışırdı.
Nəhayət, məclis yekunlaşdı. Məclisdəkilərin
əksəriyyəti Əziz dayı ilə, onun ata-anası ilə
mehribanlıqla görüşüb
dağılışdılar. Əziz dayının
gözləri dolmuşdu...
Axşama yaxın qonaqların yola düşməsi ərəfəsində
o, qonşularla, sonra uşaqlarla görüşdü. Bizi sonuncu dəfə
«xoruzlu konfet»ə və «taxta qalet»ə qonaq etdi. Evindən heç nə götürmədi,
qaradamın açarını Mustafa əminin evinin dirəyindən
asdı. «Kiməsə lazım olar» - dedi.
Sonra
üzünü bizə - uşaqlara tutdu:
- Patefon
da, vallar da həmişəki kimi, elə bu eyvanda qalsın. Boş vaxtlarınız olanda gəlib qulaq
asarsınız.
Əziz dayı özü ilə heç nə
aparmırdı. Əlində tutduğu valdan başqa.
Bülbülün mahnıları yazılmış val.
Kolxoz sədri Hüseynalı dayının yaşıl
rəngli «Pobeda»sı Əziz dayını və valideynlərini
dəmiryolu stansiyasına apardı. Yaxın qonşular da
onları yola salmaq üçün yük maşınında
stansiyaya getdilər. Stansiyadan qayıdandan sonra Məhəmməd
kişinin oğlu İsmayıl danışırdı ki,
Əziz dayı qatara minəndə göz yaşlarını
saxlaya bilmədi...
... Günlərimiz yenə davam edirdi. Biz boş
vaxtlarımızda «Damların yanı» deyilən yerdə
futbol oynayır, İsmayıl mal tövləsinin
üstündə oturub «Şərqin şəfəqi» və
«Stalin yolu» qəzetlərini oxuyurdu. Təkcə şəhərdən
bəzi zəruri şeylər alıb gətirən,
uşaqları «xoruzlu konfet»ə və «taxta qalet»ə qonaq edən,
bazar günləri Mustafa əminin evinin ikinci mərtəbəsinin
eyvanında bizə «konsert» verən və bu zaman qəmli
gözləri «Yel dağı»na zillənən Əziz dayı
yox idi.
İsmayıl
deyirdi ki, Əziz dayı da, ata-anası da hazırda «Yel
dağı»na yaxın yerdə yox, oradan
xeyli uzaqda yaşayırlar. Mən də fikirləşirdim
ki, indi Bülbül oxuyanda Əziz dayının qəmli
gözləri görəsən hansı tərəfə
yönəlir? Axı, Əziz dayı kəndimizdən
gedəndə özü ilə yalnız bir şey
aparmışdı: Bülbülün mahnıları
toplanmış valı.
İsmayıl onu da deyirdi ki, Əziz dayıdan tez-tez məktub
alır. O, hər
şeyin yaxşı olduğunu yazır. İşindən,
iş yoldaşlarından çox razıdır. Ancaq bizim kəndimiz üçün
darıxdığını da gizlətmir. Yazır ki, mütləq vaxt tapıb kəndimizə
gələcək.
...İllər ötürdü. Dəqiq yadımda
deyil. Bilmirəm, ikinci, yoxsa
üçüncü sinifdə oxuyurduq. Dərs ili təzə başlamışdı. Bir gün rəhmətlik Lətifə müəllimə
«Ana dili» dərsində yeni dərsi izah edirdi. O dedi ki, bu
gün Cəfər Cabbarlının «Ölkəm» şeirini
keçəcəyik. Müəlliməmiz sonra dedi ki,
böyük sənətkarımız Cəfər Cabbarlı
çoxlu sayda əsərlər - şeirlər, hekayələr,
habelə səhnə əsərləri, yəni teatrda
oynanılmaq üçün əsərlər
yazmışdır.
Daha sonra şeiri oxudu, bəzi sözləri izah elədi. Və
şeiri əzbərləməyi tapşırdı.
Mən əlimi
qaldırıb:
- Mən
bu şeiri əzbər bilirəm, - dedim.
Müəllimə
təəccüblə üzümə baxıb:
- Onda,
söylə, - dedi.
Mən də
şeiri əzbərdən dedim. Müəllimə yenə də
təəccüblə üzümə baxıb:
- Sənə
beş yazıram, - dedi.
Həmin gün məktəbdən evə həm sevinə-sevinə,
həm də hay-küylə gəldim. Doqqazdan həyətə
daxil olan kimi qışqırdım:
- Biz bu
gün Cəfər Cabbarlının «Ölkəm» şeirini
keçdik. Mən bu şeiri əzbər dedim və beş aldım. Əziz
dayının patefonunda Bülbülə qulaq asa-asa əzbərləmişdim.
Sonra əlavə
etdim:
- Mən Bülbülün oxuduğu başqa
mahnıların sözlərini də əzbərdən bilirəm.
Buna görə valideynlərimdən də xoş
sözlər eşitdim.
Bax, beləcə, neçə illər keçdi. Mən də, mənim
yaşıdlarım da orta məktəbi bitirdik və ali təhsil almaq üçün
İsmayılın dediyi «Yel dağı»nın arxasından
başlanan yerə, yəni Azərbaycana, onun paytaxtı
Bakı şəhərinə gəldik (İsmayıl bizdən
bir neçə il əvvəl orta məktəbi bitirmişdi
və həmin ildən də Bakıda oxuyurdu).
...Universitetdə
(o vaxtlar cəmisi bir universitet vardı) filologiya fakültəsində
oxuyurdum. Artıq Bülbül
dünyasını dəyişmişdi. Hər ayın
26-da saat 8-10-da radioda onun lent yazıları səsləndirilirdi.
Mən də, tələbə dostlarım da həvəslə
ona qulaq asırdıq. Və hər dəfə də onu
dinləyəndə mənim yadıma Əziz dayı
düşürdü:
Süsən
sünbül bitirmişəm,
Mən
yarımı itirmişəm...
Güllərindən
gəlinlər tac bəzərlər,
Ceyran gözlü
qızları var ölkəmin...
Universitetin ikinci kursunda Lətif müəllim bizə Azərbaycan
tarixindən mühazirələr oxuyurdu. Cəmisi bir
semestr. Onu da deyim ki, «Yel dağı»nın
əks tərəfindəki yerdə, Gürcüstanda olan məktəblərdə
«Azərbaycan tarixi» tədris olunmurdu. Ona görə
də indi universitetdə keçilən bu dərs mənim
üçün çox maraqlı idi.
Təsəvvür edin, mən ilk dəfə olaraq mənsub
olduğum xalqın, Azərbaycan xalqının tarixini öyrənirdim. Özü də
obyektiv şəkildə, məhz Lətif müəllimin
dilindən.
Mən tariximizə aid çox şeylər öyrəndim. Lətif
müəllimin hərdən mühazirənin mövzusundan kənara
çıxıb ara-sıra dediklərindən bildim ki,
1918-1920-ci illər arasında Azərbaycanın müstəqil
dövləti olub. Və bu müstəqil
dövlət «Azərbaycan Xalq Cümhuriyyəti» adlanıb.
Cəmisi iyirmi üç ay yaşayıb.
1920-ci ilin aprel ayında Sovet Rusiyası tərəfindən
devrilib və Cümhuriyyəti yaradanlar pərən-pərən
salınıb. Özlərini də,
övladlarını da «xalq düşməni»
adlandırıb həbs ediblər, qətlə yetiriblər, ən
yaxşı halda sürgünə göndəriblər.
Həm də bu «tədbirlər» uzun illər
davam edib.
Onu da öyrəndim ki, müstəqil dövlətimizin
rəsmi orqanı - «Azərbaycan» adlı qəzeti nəşr
olunurmuş.
Təbii
ki, bütün bunlar heç yerdə
yazılmadığına, həm də ilk dəfə
eşitdiyimə görə məni heyrətləndirmiş,
İsmayılın Əziz dayı haqqında dediklərini
yenidən yadıma salmışdı: «Əziz dayının
ata və anasını «xalq düşməni» adı ilə
sürgünə göndəriblər. Yaşadıqları
evi isə kolxozun anbarına çeviriblər».
Başqa
bir heyrətim yenə Əziz dayı ilə
bağlıdır: Bizim tələbəlik illərimizdə
böyük dramaturq Cəfər Cabbarlının üç
cilddə «Seçilmiş əsərləri» nəşr
edilmişdi. Bu cildləri bütün tələbə
dostlarım kimi, mən də aldım. Cəfər
Cabbarlı dördüncü kursda tədris olunurdu. Ona görə də hələlik dərs planına
uyğun olaraq başqa yazıçıları oxuyurdum.
Arada Cəfər Cabbarlının cildlərini vərəqləyir,
yazıçının əvvəllər
oxumadığım şeir və hekayələrini mütaliə
edirdim. Və bir gün yenidən «Ölkəm»
şeiri ilə rastlaşdım. Onsuz da bu
şeiri əzbərdən bilirdim. Ona
görə də şeiri yox, kitabın sonunda, «İzahlar»
bölməsində bu şeir haqqında verilmiş məlumatı
oxudum və heyrətləndim. Orada
yazılmışdı ki, «Ölkəm» şeiri ilk dəfə
1919-cu ildə «Azərbaycan» qəzetində «Sevimli ölkəm»
adı ilə dərc edilib...
Mən artıq bilirdim ki, «Azərbaycan» qəzeti müstəqil
Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi orqanı olub. Deməli,
Bülbülün oxuduğu mahnıda tərənnüm
olunan ölkə - «dağlarında buzları», tarlaları,
düzləri, ceyran gözlü qızları» olan ölkə
müstəqil Azərbaycan olmuşdur. Axı, buna necə
heyrətlənməyəsən?!.
Yenə
«Ölkəm» oxunarkən qəmli gözləri ilə «Yel
dağı»na tərəf baxan Əziz
dayı düşdü yadıma...
Elə həmin vaxtlar bu məsələ ilə
bağlı bəzi məsələləri də öyrəndim. Öyrəndim
ki, «Ölkəm» romans janrında bəstələnib. Bu romansı 1928-ci ildə 19 yaşlı bəstəkar
Asəf Zeynallı ərsəyə gətirib. Romans 1931-ci ilədək öz
ifaçısını tapmayıb. Nəhayət, həmin
il İtaliyada təhsilini tamamlayıb
Bakıya qayıdan Bülbül bu romansın ilk və əvəzsiz
ifaçısı olub...
Onu da
öyrəndim ki, «Ölkəm» ilk dəfə «Azərbaycan» qəzetində
«Sevimli ölkəm» adı ilə dərc ediləndə
altı bənddən ibarət imiş. Romans
yazılarkən cəmi iki bənddən istifadə olunub.
Axı, 1920-ci və 1930-cu illərdə (biz universitetdə təhsil
aldığımız 1960-cı illərdə də) bu
misraları dilə gətirmək olmazdı:
İpəyindən
qızlar çadra geyərlər,
Ölkələrin
azad görmək dilərlər,
Bu yerləri
bütün ellər sevərlər,
Yalnız bizdə gözləri var ölkəmin.
Asəf Zeynallı 1932-ci ildə, Cəfər Cabbarlı
isə 1934-cü ildə dünyalarını dəyişiblər. Bülbül
bu romansı 1961-ci ildə dünyasını dəyişənədək
oxuyub. Konsert salonlarında, radio və
televiziyada. Uzaq-yaxın ellərdə
tanıdıb, sevdirib Azərbaycanı. «Ölkəm»lə
dünyalarını vaxtsız dəyişmiş Asəf
Zeynallının, Cəfər Cabbarlının xatirəsinə
heykəl ucaldıb.
«Ölkəm»
Bülbülün ifasında lent yazılarında, vallarda
qalıb, disklərə köçürülüb. Kiçik bir parça videogörüntüdə əbədiləşib.
Nə gözəl!
...Böyük
Səməd Vurğunun bu misrasını tez-tez
xatırlayıram: «İllər gəlib keçdi,
ömürdən illər...» Ömürdən
keçən illər ərzində biz də çox şey
gördük. Yaxşı da, yaman da.
Təbii ki, xalqımızın ən
böyük uğuru 1991-ci ilin 18 oktyabrında Azərbaycanın
müstəqilliyini bərpa etməsi oldu. Və
biz o günü gördük. Universitetdə
Lətif müəllimin dediyi müstəqil dövlətimiz -
Azərbaycan Xalq Cümhuriyyəti həmin gün rəsmi
qaydada bərpa olundu.
İndi hər il oktyabr ayının 18-i Müstəqillik Günü kimi bayram edilir. Heydər Əliyev Sarayında keçirilən tədbir, adətən, Bülbülün ifasında «Ölkəm» romansının səsləndirilməsi ilə başlanır. Yenə Bülbül oxuyur:
Şiş ucları buludlarla döyüşən
Dağlarında buzları var ölkəmin.
Göy otlardan ipək paltar geyinən
Tarlaları, düzləri var ölkəmin...
Bülbülün ürəkləri riqqətə gətirən, qəlbləri oxşayan səsinin müşayiəti ilə müstəqil ölkəmizin müxtəlif guşələri - Mili, Muğanı, Şirvanı, Qarabağı, «şiş ucları buludlarla döyüşən» dağları, sərin yaylaqları, yaşıl meşələri, buz bulaqları, şırıltı ilə axan çayları, şəhərləri, kəndləri, coşqun dalğalı Xəzəri, qədim tarix və mədəniyyət abidələri, böyük şəxsiyyətləri ... görüntülənir.
Bu zaman hər birimiz bir daha sevinirik, fərəhlənirik.
Bilmirəm, Əziz dayı indi haradadır. Bütün
bunları görürmü?
Bunu bilməsəm
də inanıram ki, bu gün Əziz dayı da sevinir, fərəhlənir...
İllər
keçəcək... Hər il Azərbaycanda
oktyabr ayının 18-i Müstəqillik Günü kimi bayram
ediləcək. Hər dəfə Cəfər
Cabbarlı və Asəf Zeynallının yaratdığı
«Ölkəm» romansı Bülbülün ifasında səsləndiriləcək.
Bizdən
sonra gələn nəsillər də bundan sevinəcək, fərəhlənəcək...
Adilxan Bayramov
Mədəniyyət.- 2016.- 6 may.-
S. 12.