Bərdə və Ağcabədidə uşaqlar arasında yaradıcılıq müsabiqələri

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsi, rayon Gənclər və İdman İdarəsi və YAP rayon təşkilatının birgə təşəbbüsü ilə uşaq musiqi və incəsənət məktəbləri arasında hərbi vətənpərvərlik mövzusunda müsabiqə keçirilib.

Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Validə Nabatova və Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov ulu öndərin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərindən danışıblar.

Çıxışlardan sonra mahnı oxuma, şeir söyləmə və instrumental ifaçılıq üzrə müsabiqəyə start verilib. Münsiflər heyətinin seçimi ilə 57 iştirakçı müvafiq yerlərə layiq görülüb.

 

* * *

Ağcabədi şəhərindəki Qarabağ Muğam Mərkəzində isə Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə rəqs müsabiqəsi keçirilib. Müsabiqədə rayonun uşaq bağçaları, ümumtəhsil, musiqi və incəsənət məktəbləri iştirak edib. İştirakçılar Azərbaycan milli rəqsləri ilə yanaşı, hind, özbək, türkmən, ispan xalq rəqslərini ifa ediblər. Müsabiqənin qalibləri yekun tədbirdə mükafatlandırılacaq.

 

Mədəniyyət.- 2016.- 6 may.- S. 11.