Türk dünyasının uşaqları “işarələrin dili ilə” bir araya gəldilər

Türk xalqlarının mədəni irsinin təbliğində müxtəlif layihələr həyata keçirən TÜRKSOY yeni bir layihəyə imza atdı. Mayın 4-də TÜRKSOY Türkiyənin Çankırı Bələdiyyəsi ilə birgə “Türk Dünyası İşarə Dili Mədəniyyət və Sənət Festivalı”na start verdi. Tədbirə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkmənistandan eşitmə və danışma əngəlli uşaqları qatılıb. Festivalda Azərbaycanı sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı xüsusi internat məktəbi təmsil edir.

Əvvəlcə Çankırı Bələdiyyəsinin binasında uşaqların əl işlərindən ibarət sərgiyə baxış keçirildi. Sonra iştirakçılarla görüşən bələdiyyə başqanı İrfan Dinc belə bir tədbirin dünyada ilk dəfə keçirildiyini bildirdi. O, türk dünyasına fərqli bir anlam qazandıran bu festivaldan duyğulandığını dilə gətirdi.

Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin TÜRKSOY-dakı təmsilçisi Elçin Qafarlı ilk dəfə keçirilən festivalın əhəmiyyətinə diqqət çəkdi, tədbirə ev sahibliyi etdiyi üçün Çankırı bələdiyyə başqanına minnətdarlığını bildirdi: Bu layihə ilə biz türk dünyasının müxtəlif yerlərindən uşaq və gəncləri bir araya gətirdik. İnanıram ki, biz layihəni daha geniş şəkildə bundan sonra davam etdirəcək və hər il müxtəlif şəhərlərdə gerçəkləşdirəcəyik”.

Sonra eşitmə və danışma əngəlli uşaqların qrup rəhbərləri, müəllimləri çıxış edərək tədbirə dəvətə görə minnətdarlıqlarını bildirdilər.

Görüşdən sonra milli geyimli uşaqların şəhər meydanına yürüşü başlandı. Əvvəlcə Türkiyə, sonra isə Azərbaycan qrupu ölkələrinin himnini işarələrin dili ilə təqdim etdi. Digər ölkələrin qrupları işarələr vasitəsilə musiqi nömrələrini göstərdilər. Tədbir meydana toplaşan şəhər sakinlərinin də böyük marağına səbəb oldu.

Mayın 5-də isə TÜRKSOY-un baş qərargahında heyətləri qurumun baş katibi Düsen Kaseinov qəbul etdi. O, qurumun layihələri haqqında qısa məlumat verdi. Bildirdi ki, bu festival bizim üçün ilk olsa da, növbəti illərdə bu layihə davam etdiriləcək. Çünki uşaqlar bizim gələcəyimizdir.

Türk dünyasından gələn nümayəndələr də çıxış edərək tədbirlə bağlı düşüncələrini ifadə etdilər. Sonra TÜRKSOY-un fəaliyyətindən bəhs edən qısa sənədli film nümayiş etdirildi. Ardınca qrupların konsert proqramı təqdim olundu.

İlk çıxış edən Azərbaycan qrupu “Azərbaycan-Türkiyə” mahnısının musiqisi altında həm rəqs etdi, həm də işarələrin dili ilə mahnını təqdim etdi. Sonra digər qruplar çıxış etdi. Azərbaycan heyətinin “Qaytağı” rəqsi də alqışlarla qarşılandı.

Sonda Düsen Kaseinov qrup rəhbərlərinə TÜRKSOY adından xatirə hədiyyələri və təşəkkürnamələr təqdim etdi.

Festival mayın 6-da başa çatacaq.

 

Mehparə Sultanova

Ankara

 

Mədəniyyət.- 2016.- 6 may.- S. 8.