“Heydər Əliyev və Azərbaycan
incəsənəti”
Respublika elmi
konfransı keçirilib
Mayın
4-də Azərbaycan Dövlət Rəsm Qalereyası və
AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı
ilə ümummilli liderin
anadan olmasının 93-cü
ildönümünə həsr edilmiş
“Heydər Əliyev və Azərbaycan incəsənəti” mövzusunda respublika elmi konfransı keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət etdilər. Məzarın önünə tər çiçək dəstələri düzüldü, ulu öndərin xatirəsi ehtiramla yad olundu.
AMEA-nın Ədəbiyyat İnstitutunun elektron zalında keçirilən konfransı akademiyanın vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli açaraq Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına tarixi töhfələrindən bəhs etdi. Bildirdi ki, ulu öndərin sayəsində mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. İncəsənətin elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin diqqət və qayğısını hiss etməsin. Musiqimiz, teatrımız, kino sənətimiz, heykəltəraşlıq və rəssamlığımız, xalça sənətimiz bugünkü inkişafında onun dəyərli ideyalarından bəhrələnib. Ulu öndər çıxışları zamanı söyləyirdi: “Milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqət artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır”.
Akademik onu da vurğuladı ki, Heydər Əliyev hələ sovet dövründə Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmlənməsinə xüsusi diqqət yetirirdi. Kinoteatrlar, teatr binaları, muzeylər inşa olunur, kadr potensialı gücləndirilirdi. Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edir, mədəni-mənəvi dəyərlərin qorunması, təbliği, yeni estetik düşüncəyə malik əsərlərin yaradılması üçün şərait yaradırdı.
Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı, akademik Ömər Eldarov ulu öndərlə bağlı xatirələrini bölüşdü. Bildirdi ki, Heydər Əliyevin vaxtilə rəssamlıq təhsili alması sonralar onun fəaliyyətində yüksək yaradıcılıq əzmini, qurub-yaratmaq şövqünü həmişə qüvvətləndirirdi. Azərbaycanın tanınmış sənət adamlarına göstərdiyi diqqət və qayğı, yaradıcı şəxslərlə yaxın dostluq əlaqələri Heydər Əliyevə böyük sənət adamları arasında dərin hörmət və nüfuz qazandırmışdı.
“Tahir Salahovun rəngkarlıq irsində Heydər Əliyev obrazı” mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov bildirdi ki, ulu öndərin portretini yaratmış fırça ustaları içərisində dünya şöhrətli rəssamımız Tahir Salahovun xüsusi yeri var. Sənətkarın ulu öndər təsvir olunan, yağlı boya ilə işlənmiş iki portret əsəri daha məşhurdur. Hər iki əsər rəssamın yaradıcılığına xas olan canlı, emosional üslub tərzinə, yüksək peşəkarlığa, zəngin, kontrastlı kolorit həllinə malikdir.
Konfransda Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtəgin Salamzadə, Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Xalq rəssamı Fuad Salayev, əməkdar incəsənət xadimləri Kübra Əliyeva, Ziyadxan Əliyev, Memarlıq və İncəsənət İnstitutunun direktor müavini Xəzər Zeynalov, Dövlət Rəssamlıq Akademiyasının dissertantı Səkinə Zeynalova, sənətşünaslıq üzrə fəlsəfə doktoru Samir Sadıqov, Dövlət Rəsm Qalereyasının şöbə müdiri Nərgiz Əsgərova mövzuya dair məruzələrlə çıxış etdilər.
Qeyd olundu ki, Heydər Əliyev yaşadığı dövrün siyasi durumundan asılı olmayaraq, Azərbaycan incəsənətinin, bütövlükdə mədəniyyətimizin rifahı naminə səmərəli işlər həyata keçirib. Dahi siyasətçi Azərbaycan mədəniyyətinin inkişafına töhfə verən sənətkarların həmişə qayğısına qalıb. Təsadüfi deyil ki, respublikamızın ayrı-ayrı yerlərində Azərbaycanın görkəmli şəxsiyyətlərinin heykəllərinin qoyulması Heydər Əliyevin rəhbərliyi dövrünə aiddir.
Konfransın sonunda məruzələrdən ibarət elmi toplu iştirakçılara təqdim edildi.
Lalə
Mədəniyət.- 2016.- 6 may.- S.
5.