Azərbaycan nümayəndə heyəti BMT Komitəsinin sessiyasında iştirak edir

Mayın 3-də BMT-nin Cenevrədəki ofisində təşkilatın İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 89-cu sessiyası işə başlayıb.

 

Sessiyada İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında beynəlxalq Konvensiyaya dair Azərbaycan Respublikası Hökumətinin yeddinci, səkkizinci və doqquzuncu dövri məruzələrinə baxılması ilə əlaqədar ölkəmizin nümayəndə heyəti də iştirak edir. Nümayəndə heyətində mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva da yer alıb.

Komitə sədrinin açılış nitqindən sonra söz Azərbaycan Respublikası xarici işlər nazirinin müavini, nümayəndə heyətinin rəhbəri Xələf Xələfova verilib. O, çıxışında ölkəmizdə irqimilli ayrı-seçkiliyin qarşısının alınması məqsədilə aparılan fəaliyyət barədə danışıb.

Sonra Komitənin dövri məruzəmiz üzrə müəyyən edilmiş hesabatçısı Amir Nureddin milli məruzəmizin ilkin qiymətləndirilməsi ilə bağlı çıxış edib. Komitə üzvləri Azərbaycan nümayəndə heyətinə müvafiq suallar veriblər.

Mayın 4-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Aparatının rəhbəri Aydın Səfixanlı ölkəmizdə irqimilli ayrı-seçkiliyin qarşısının alınması istiqamətində qurum tərəfindən görülən işlərlə bağlı çıxış edib.

Daha sonra Azərbaycan nümayəndə heyətinə 3 may tarixli iclasda ünvanlanmış suallar cavablandırılıb.

Xarici işlər nazirinin müavini Xələf Xələfov ölkədə hər hansı zəmində ayrı-seçkiliyin olmadığını vurğulayaraq müxtəlif millətlərin nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün düşdüyünü qeyd edib. Bu faktın onların hüquqlarının pozulmasına bariz nümunə olduğu vurğulanıb.

Ədliyyə nazirinin müavini Toğrul Musayev irqi, millicinsi azlıqların hüquq və azadlıqlarının qorunması məsələsinin Azərbaycan Respublikasının qanunvericiliyində əksini tapması barədə iclas iştirakçılarına məlumat verib. Mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva milli azlıqların ölkənin mədəni həyatında iştirakı, onlara məxsus mədəniyyətin təbliği istiqamətində təşkil edilən tədbirlər haqqında məlumat verib. Nazir müavini həmçinin ölkənin ictimai həyatında qadınların rolu və onların dövlət idarəçiliyində təmsil olunması haqqında danışıb və statistik məlumatları iclas iştirakçılarına təqdim edib.

 

Mədəniyyət.- 2016.- 6 may.- S. 4.