Milli bəstəkarlıq məktəbinin təşəkkülündə Üzeyir bəy mərhələsi

 

Mayın 5-də Ü.Hacıbəylinin ev-muzeyində “Azərbaycan bəstəkarlıq məktəbinin təşəkkülündə Üzeyir Hacıbəyli mərhələsi” mövzusunda elmi konfrans keçirildi.

 

Tədbiri muzeyin direktoru, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov açaraq Üzeyir Hacıbəylinin Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi üzrə apardığı axtarışlar, musiqi mədəniyyəti tariximizdə əvəzsiz xidmətlərindən danışdı. Qeyd etdi ki, dahi sənətkar Azərbaycan musiqisində onadək heç kimin aça bilmədiyi cığır açıb və özündən sonra onu yüz illər bundan sonra da yaşadacaq və gələcək nəsillərə sevdirəcək bir irs qoyub. Bəstəkarlıq məktəbimizin yetirmələri həmin irsə istinad edərək yeni-yeni nailiyyətlər qazanırlar.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı “Azərbaycan Radiosunun təşəkkülündə Üzeyir Hacıbəylinin rolumövzusunda çıxış etdi. Bildirdi ki, 1931-ci ildə Üzeyir Hacıbəylinin təşəbbüsü ilə Şərqdə ilk notlu xalq çalğı alətləri orkestriindiki Niyazi adına simfonik orkestr yaradılıb. Üzeyir bəyə o zaman bu işdə görkəmli sənətkar Müslüm Maqomayev yaxından köməklik edib.

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə HüseynovaÜzeyir Hacıbəyli Azərbaycan bəstəkarlıq məktəbinin yaradıcısı kimimövzusunda çıxış edərək bildirdi ki, böyük sənətkar 1937-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqına rəhbərliyə başlayanda qurumun 17 nəfər üzvündən 3-ü azərbaycanlı olub. Ü.Hacıbəyli ilk gündən milli kadrlara geniş yer verir. Onlara yaradıcılıq yollarında düzgün yol göstərir. 1948-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqının 54 nəfər üzvünün 33-ü azərbaycanlı idi.

Tədbirdə daha sonra sənətşünaslıq namizədi, dosent Telman Qəniyev “Üzeyir Hacıbəylinin “Koroğlu” operasının uvertürasında xalq musiqi intonasiyalarının təzahürü”, Əməkdar incəsənət xadimi Nazim Kazımov “Üzeyir Hacıbəylinin pedaqoji fəaliyyəti”, ev-muzeyin böyük elmi işçisi Sevinc QuliyevaÜzeyir Hacıbəylinin davamçıları - Ərtoğrul Cavid”, Azərbaycan Milli Konservatoriyasının dissertantı Gülnarə ManafovaÜzeyir bəy dühasının XXI əsr Azərbaycan musiqisində davamçıları” mövzusunda çıxış etdilər.

 

S.Fərəcov

 

Mədəniyyət.- 2016.- 6 may.- S. 4.