İki böyük şairin
“Kəsişən yollar”ı
Mayın 3-də Səməd Vurğunun ev-muzeyində türk dünyasının görkəmli şairi Nazim Hikmət və böyük söz ustadı Səməd Vurğunun xatirəsinə həsr edilmiş “Kəsişən yollar” mövzusunda tədbir keçirilib.
Əvvəlcə Nazim Hikmətin xatirə lent yazısı səsləndirilib. Muzeyin direktoru Nüşabə Vəkilova hər iki şairin mübarizələrlə dolu şərəfli ömür yolundan söhbət açıb.
Bildirilib ki, Nazim Hikmət və Səməd Vurğun bir dəfə Bakıda, bir neçə dəfə Moskvada görüşmüş və bir-birinə böyük hörmət bəsləmişlər. S.Vurğunun vəfatından sonra da onun ailəsi N.Hikmətə öz doğması kimi baxıb, N.Hikmət isə öz növbəsində S.Vurğun yaradıcılığının bənzərsizliyini həmişə təbliğ edib. Vurğunun bulaq kimi çağlayan istedadının yüksəliş dövründə dünyadan getməsi N.Hikmətə çox ağır təsir edib və onun ölümünə şeir yazıb.
“Ocaq” Moskva-Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri, Ümumrusiya Azərbaycanlıları Konqresinin vitse-prezidenti, türkoloq alim Tofiq Məlikli dövrün qadağalarına və mürəkkəb ictimai-siyasi şəraitə baxmayaraq iki şairin bir-birinin yaradıcılığına həssas münasibətindən bəhs edib. Bildirib ki, 1928-ci ildə Bakıda N.Hikmətin “Günəşi içənlərin türküsü” kitabından ilhamlanan gənc şair S.Vurğun özünün “Hərəkət” şeirini yazıb və bunu N.Hikmətə ithaf edib.
Filologiya üzrə fəlsəfə doktoru Aslan Salmansoy vurğulayıb ki, S.Vurğun hələ seminariya tələbəsi olarkən böyük türk şairləri Tofiq Fikrətin, Namiq Kamalın yaradıcılığına bələd olub, sonralar N.Hikmətlə görüşü böyük dostluğa çevrilib.
Tədbirdə Xalq
şairi Vaqif Səmədoğlunun
vaxtilə N.Hikmətlə bağlı yazdığı xatirələri
oxunub. Şairə Zərəngiz Dəmirçi
Qayalı S.Vurğuna həsr etdiyi şeirini oxuyub, Bakı Musiqi
Akademiyasının müəllimi, Əməkdar incəsənət
xadimi Ülviyyə Hacıbəyova fortepianoda N.Hikmətin sözlərinə
bəstələnmiş əsəri səsləndirib.
Mədəniyyət.- 2016.- 6 may.-
S. 4.