“Ədəbiyyatın bir incisi

 

Mayın 5-də A.Şaiqin mənzil-muzeyində Xalq şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş “Ədəbiyyatın bir incisi” adlı tədbir keçirildi.

Tədbiri muzeyin direktoru Ülkər Talıbzadə açaraq qeyd etdi ki, görkəmli şair ədəbiyyata gəldiyi ilk gündən ictimaiyyətin diqqətini çəkib, dərin məzmunlu geniş yaradıcılığı ilə xalqın rəğbətini qazanıb.

Tədbirin aparıcısı Elida Muxayeva şairin həyat və yaradıcılığından danışdı.

Azərbaycan Aşıqlar Birliyinin katibi, Xalq şairinin irsinin tədqiqatçısı, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu çıxış edərək Zəlimxan Yaqubun vətən sevgisindən, xalq məhəbbəti qazanmasından danışdı. Qeyd etdi ki, bu görkəmli şair həqiqətən vətənə, torpağaxalqa qəlbən bağlı idi. Hər kəlməsinin başında vətən, xalq, millət sevgisi eşidilirdi. Azərbaycanda, onun hüdudlarından kənarda da şairə böyük hörmət və məhəbbət vardı.

Qafqaz Mediaİctimai Birliyinin rəhbəri Azadə Taleh və digər çıxış edənlər Zəlimxan Yaqub yaradıcılığından söz açdılar.

Çıxışlardan sonra Mədəniyyət və İncəsənət Universitetinin II kurs tələbəsi Sənan Mustafayev sazda “Sultanı” və “Aran gözəlləməsi” aşıq havalarını səsləndirdi. Şairin həyat və yaradıcılığına işıq tutan video-slayd göstərildi.

 

Savalan

Mədəniyyət.- 2016.- 6 may.- S. 4.