“Kitabxana-informasiya
elmi: tədris və təcrübədə
yeni çağırışlar”
Milli Kitabxanada elmi konfrans
Mayın 5-də
Azərbaycan Milli Kitabxanasında ümummilli lider Heydər
Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Kitabxana-informasiya elmi: tədris
və təcrübədə yeni
çağırışlar” adlı elmi
konfrans keçirildi.
Konfrans Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Milli Kitabxananın və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı gerçəkləşdi.
Tədbir iştirakçıları əvvəlcə kitabxanada ulu öndərə həsr edilən kitab sərgisi ilə tanış oldular.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bildirdi ki, ulu öndərin Azərbaycan mədəniyyətinin inkişafında tarixi xidmətləri olub. Qeyd etdi ki, sərgidə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən 250-dən çox kitab nümayiş olunur. Bu nəşrlər arasında dahi şəxsiyyətin vaxtilə Milli Kitabxanaya hədiyyə etdiyi kitablar da var.
Daha sonra kitabxananın konfrans zalında başlanan konfransda əvvəlcə ulu öndərin 1995-ci il iyunun 3-də Milli Kitabxanadakı çıxışı əsasında hazırlanmış videoçarx təqdim edildi.
Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev ümummilli liderin Azərbaycanda kitabxana sahəsinin inkişafına böyük töhfələrindən danışdı. Bildirdi ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda yaranan mürəkkəb tarixi şərait nəticəsində respublikanın kitabxana şəbəkələri də məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Bu dövrdə ulu öndərin xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərlik etməsi bütövlükdə elmimizi, mədəniyyətimizi tamamilə dağılmaqdan xilas etdiyi kimi, kitabxanaların da məhvinin qarşısını aldı.
Vurğulandı ki, Heydər Əliyev kitabxananı bütün cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik, zəka mənbəyi adlandırırdı: “Ümummilli liderin müstəqil Azərbaycanın kitabxana quruculuğunda mühüm rol oynayan daha bir uğurlu addımı ölkənin kitabxana tarixində dönüş mərhələsi hesab olunan “Kitabxana işi haqqında” qanunun qəbul olunması idi. Bu gün ulu öndərin ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyev də ölkəmizdə kitabxana işinə böyük qayğı göstərir. Dövlət başçısının 2004-cü ildə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamı da bu istiqamətdə aparılan uğurlu işlərin davamıdır”.
Milli Kitabxananın direktoru Kərim Tahirov ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi tarixi dövrün əhəmiyyətindən və Azərbaycanın inkişafı üçün atılan addımlardan söz açdı. Ulu öndərin həyat yolunun, zəngin irsinin bugünkü gənclər tərəfindən dərindən öyrənilməsinin əhəmiyyətini vurğuladı. Bildirdi ki, hər zaman kitaba və kitabxana işinə xüsusi diqqət ayıran Heydər Əliyev bu sahənin inkişafı üçün bütün lazımi addımları atıb.
Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Fərəh Əliyeva ulu öndərin zəngin siyasi irsindən bəhs etdi. Bildirdi ki, hər il olduğu kimi, bu il də bu irsin öyrənilməsi və təbliği istiqamətində müxtəlif tədbirlər keçirilir.
Konfrans daha sonra iki seksiyada
öz işini davam etdirdi.
“Kitabxanaşünaslığın aktual problemləri” seksiyasında Kərim Tahirovun “Gələcəyə
çağırış və kitabxana fəaliyyətinin əsas
istiqamətləri: prioritetlər
və perspektivlər”,
Milli Kitabxananın direktor müavini Ədibə İsmayılovanın
“XXI əsrin informasiya
məkanında oxuculara
xidmətin əsas istiqamətləri, innovativ
yeniliklərin tətbiqi
təcrübəsi”, kitabxananın
elmi katibi Əminə Cəfərovanın
“Azərbaycan ədəbi
nümunələrinin beynəlxalq
səviyyədə tədqiqində
Milli Kitabxananın fəaliyyəti” və digər mövzularda məruzələr dinlənildi.
“Kitabşünaslıq, biblioqrafiyaşünaslıq
və multidissiplinar tədqiqatlar” seksiyasında
Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxalı,
Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutunun baş elmi işçisi Tahirə Həsənzadə,
ADMİU-nun dosenti Əli
Əliyev və başqa iştirakçılar
məruzələrlə çıxış
etdilər.
Konfrans çərçivəsində
Azərbaycan Milli Kitabxanası ilə Dövlət Mədəniyyət
və İncəsənət
Universiteti arasında qarşılıqlı əməkdaşlığa
dair memorandum imzalandı.
Fariz
Mədəniyyət.- 2016.- 6 may.-
S. 3.