“Qlobal Forumun yüksək səviyyədə
keçməsi ölkəmizin dünyadakı nüfuzunu
göstərdi”
BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun təşkilində fərqlənmiş şəxslər təltif edildi
Mayın 5-də
“Hilton Baku” hotelində
Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun yekunlarına
həsr olunmuş mərasim keçirildi.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri, VII Qlobal Forumun Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev 25-27 aprel tarixində paytaxtımızın ev sahibliyi etdiyi beynəlxalq tədbirin yüksək səviyyədə keçməsinin Təşkilat Komitəsinin, aidiyyəti qurumların, könüllü gənclərin birgə əməyinin nəticəsi olduğunu vurğuladı.
Bildirdi ki, Prezident İlham Əliyevin təşəbbüsü və xüsusi səyləri nəticəsində mədəniyyətlərarası dialoqa dair “Bakı prosesi” artıq dünya səviyyəsində mühüm platforma kimi qəbul olunur: "BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu BMT-nin ali toplantılarından biridir. Bu forumun Azərbaycanda yüksək səviyyədə keçirilməsi ölkəmizin dünyadakı nüfuzunu, gücünü, zəngin mədəniyyətini, tolerantlığını bir daha göstərdi".
Əbülfəs Qarayev vurğuladı ki, beynəlxalq tədbirin Azərbaycanda keçirilməsi “Bakı prosesi”nin əhəmiyyətinin təsdiqi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Qarabağ probleminin həllində Azərbaycanın haqlı mövqeyinin, ölkəmizin zəngin mədəniyyəti və təşkilatçılıq qabiliyyətinin nümayişi ilə yadda qaldı.
Vurğulandı ki, BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu tarixində ilk dəfə olaraq “Bakı bəyannaməsi”nin layihəsi 18 dəfə müzakirəyə çıxarılıb. Buna səbəb bədnam qonşularımızın bu bəyannamənin qəbul olunmaması üçün hər cür təxribatlara əl atmaları idi. Amma Azərbaycan diplomatiyasının gərgin işi nəticəsində bədnam qonşularımızın təxribatlarının qarşısı alındı və “Bakı bəyannaməsi” qəbul olundu.
Nazir VII Qlobal Forumun yüksək səviyyədə keçirilməsində əməyi olan hər kəsə öz minnətdarlığını bildirdi.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla bildirdi ki, forumun ölkəmizin multikulturalizmə, mədəniyyətlərarası dialoqa nə qədər önəm verdiyini bir daha dünyaya nümayiş etdirdi. 2016-cı ilin ölkəmizdə "Multikulturalizm ili" elan olunması bizim üçün BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətini daha da artırmış oldu.
Sonra Əbülfəs Qarayev Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun təşkilində fərqlənmiş şəxslərin təltif edilməsi haqqında Prezident İlham Əliyevin sərəncam imzaladığını diqqətə çatdırdı.
Forumun təşkilində səmərəli fəaliyyətlərinə görə təltif edilmiş şəxslərə mükafatlar təqdim olundu.
Forumun Təşkilat Komitəsinin bütün üzvlərinə Təşkilat Komitəsinin sədri Əbülfəs Qarayev və BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasirin imzası olan sertifikatlar təqdim edildi. Həmçinin forumun işinin təşkilində fəal iştirak etdiklərinə görə Mədəniyyət və Turizm Nazirliyinin bir qrup əməkdaşına və könüllülərə sertifikatlar verildi.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 6 may.-
S. 2.