Ölkəmiz Mərakeşdə
festivalda təmsil olunur
Mayın 6-da Mərakeşin
Fes şəhərində Kral
VI Məhəmmədin himayəsi ilə keçirilən ənənəvi
musiqi festivalı başlayıb. Bu il 22-ci dəfə təşkil olunan Fes Festivalının
açılış mərasimində Mərakeşin
Kraliçası Lalla Salma,
UNESCO-nun xoşməramlı səfiri Şeyxa Moza, Mərakeşin
rəsmi nümayəndələri, bu
ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri
iştirak ediblər.
Festivalda Azərbaycanı Beynəlxalq Muğam Mərkəzinin və Parisdə fəaliyyət göstərən “Ulduz” Assosiasiyasının dəstəyi ilə respublikanın Əməkdar artisti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Təranə Əliyevanın rəhbərlik etdiyi “İnci” qızlar qrupu təmsil edir.
Açılış mərasimi özündə
bir çox
xalqların və nəsillərin mənəvi dəyərlərini
birləşdirən, xalq
fantaziyasının və müdrikliyinin məhsulu
olan “Min bir gecə” nağıllarının motivləri
əsasında təşkil edilib.
Aparıcı nağılın əsas personajı olan şah Şəhriyarın Azərbaycanda da tanındığını qeyd etdikdən sonra “İnci” qrupunun üzvləri səhnəyə çıxıb. Festivalın təşkil olunduğu Bab Al Makina meydanının qala divarları Şərq ornamentləri ilə işıqlandırılıb.
“İnci” qrupu “Bayatı-Şiraz” muğamını və “Nəlbəki” rəqsini ifa edib. Festivalda “İnci” qrupunu tanınmış dirijor Rəmzi Abu Redvanın rəhbərlik etdiyi müxtəlif ölkələrin musiqiçilərindən ibarət orkestr müşayiət edib. Azərbaycanlı musiqiçilərin ifası tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Festival çərçivəsində “İnci” qrupunun “Jardin Jnan Sbil”də konserti nəzərdə tutulub.
Fes Festivalı mayın
14-də başa çatacaq.
Mədəniyyət.- 2016.- 11 may.- S.
16.