Xalq rəssamı Asəf Cəfərovun sənət
dünyası
Belə bir deyim var:
rəssam öz əsərləri
haqqında danışmamalı, əsərlər rəssam
haqqında danışmalıdır. Hər bir rəssam özünün
müəyyən olunmuş üslubu çərçivəsində orijinal dünyagörüşünü
saxlayır. Əsərləri özü,
dünyagörüşünün dərinliyi
haqqında danışan fırça ustalarından biri də Xalq rəssamı
Asəf Cəfərovdur (1927-2000).
İçərişəhərdə dünyaya gələn Asəf üçün hələ kiçik yaşlarından qədim dolanbac küçələrin sirli döngələri, tarixi, sənətə gedən yolun başlanğıcını qoymuşdu. İçindəki istedadı, rənglərin gözəllik dünyasını insanlara da tanıtmaq üçün o, əvvəlcə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbinə, sonra isə Moskvada B.İ.Surikov adına Rəssamlıq İnstitutuna daxil olmuşdur.
1954-cü ildən beynəlxalq, ümumittifaq və respublika miqyaslı sərgilərdə davamlı olaraq iştirak edən rəssam ən müxtəlif janrlarda yaratdığı əsərlərlə sənətsevərləri təəccübləndirməyi bacarmışdır. Qazaxıstanda, Hindistanda, Pakistanda yaradıcılıq səfərlərində olan rəssam işlədiyi əsərlərdə özünün rəng duyumu, kolorit istedadını ustalıqla nümayiş etdirə bilmişdir. Buna misal olaraq onun “Pakistana çörək”, “Arx kənarında” və digər tablolarını göstərə bilərik. Yaradıcılıq səfərləri rəssamın dünyagörüşünü və əsərlərin bədii-estetik tərəflərini zənginləşdirməklə yanaşı, eyni zamanda milli-bədii ənənələrə məxsus dəst-xətt yaratmışdır.
Rəssamın yaratdıqlarına nəzər yetirdikcə görürük ki, onun üçün mövzu məhdudiyyəti yoxdur. Məişət, əmək motivləri, təbiət mənzərələri, portret janrı onun fırçasında fərqli ovqatlarla tərənnüm edilir. Bütün yaradıcılığı boyu axtarışda olan rəssamın əsərlərində düşünən və tamaşaçıları da düşünməyə məcbur edən həyat motivlərinə rast gəlirik. Bütün bu motivlərdə yenə də bədii-estetik zövqün şahidi oluruq. Sənətşünas Ziyadxan Əliyev rəssam haqqında yazarkən qeyd edir ki, Azərbaycan rəssamlığında elə sənətkarlar var ki, yaradıcılığı ilə ətraflı tanış olmağımıza baxmayaraq, onlar həmişə açılmamış kitaba bənzəyirlər. Onlar hansısa yeni əsərləri ilə yaradıcılıq imkanlarını yekunlaşdırmır, əksinə, nəyəsə keçid mahiyyəti daşıyırlar. Yaradıcılıq imkanlarını nəhayətsizləşdirərək tamaşaçını sanki bitib tükənməyən bir intizara məhkum edən rəssamlardan biri də Asəf Cəfərovdur.
Rəssam kompozisiya nöqteyi-nəzərindən çoxsaylı təbiət guşələrini real təsvir edərkən Azərbaycan torpağının zəngin gözəlliklərini tabloya köçürmüşdür. Təsvir etdiyi hər bir təbiət mənzərəsi kompozisiya cəhətdən zərif koloritli ahənglərlə zəngindir. Seçdiyi hər bir rakurs tamaşaçının qarşısında tamamilə fərdi, təkrarsız obrazlar yaradır. Asəf Cəfərov boyakarlığın ifadə vasitələrinin bütün toplusundan, xüsusilə də kolorist imkanlardan məharətlə istifadə edir, əsərlərində çox yüksək dekorativ ifadəliyə nail olur. Rəssamın peyzajlarına nəzər salarkən aydın olur ki, o, üstünlüyü təbiət mənzərələrinə verir. Bu peyzajlarda isə biz daha çox Abşeron qəsəbələrinin və İçərişəhərin görüntülərini görə bilərik.
Asəf Cəfərovun fırçasından çıxan portretlər növ müxtəlifliyi ilə seçilir. Rəssamın fırçasından çıxan “Mənim Azərbaycanım”, “Oğullar”, “Xoruz döyüşü” süjetli tabloları, “Vaqif Mustafazadə”, “Rəşid Behbudov”, “Əlağa Vahid” portretləri, “Bakıda qış”, “Axşamçağı”, “Xınalıq” mənzərələri və “Akvarium”, “Yasəmən” natürmortları hər zaman tamaşaçıda maraq yaradıb.
Böyük sevgi və lirik fəlsəfi mövzuda yaradılan əsərlər rəssamın yaradıcılığının əsasını təşkil edir. Onun əsərləri yerli və xarici muzeylərdə, şəxsi kolleksiyalarda saxlanılır. Bu muzeylər sırasına Moskvadakı Tretyakov Qalereyası, Şərq Xalqlarının İncəsənət Muzeyi, İstanbuldakı Müasir Sənətlər Muzeyi, Azərbaycan Milli İncəsənət Muzeyi, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi daxildir. Sənətkar 1980-ci ildə Avstriyada keçirilən Ümumdünya Təsviri Sənət Sərgisində Qran-pri mükafatına layiq görülmüşdür.
Səbinə
Şıxəliyeva
Azərbaycan
Dövlət Rəsm Qalereyasının Elmi-metodik
və bərpa şöbəsinin
böyük elmi işçisi
Mədəniyyət.- 2016.- 11 may.-
S. 15.