“Cənnətdən
yuxarı” Türkiyədə
Yazıçı-jurnalist Təranə Vahidin qardaş ölkədə çap olunan kitabının təqdimatı keçirilib
Mayın 7-də Ankarada Türkiyə Yazıçılar Birliyinin “Şənbə söhbətləri”
layihəsi çərçivəsində
yazıçı-jurnalist Təranə Vahidin
“Cənnətdən yuxarı” kitabı geniş
müzakirə olundu.
Tədbirdə yazıçının fərqli üslubda qələmə aldığı qısa hekayələrinin məziyyətlərindən söz açıldı, müəllifə yaradıcılığı ilə bağlı suallar ünvanlandı, hekayə və esseləri oxundu. Tədbirə qatılan türkiyəli yazar tərəfindən Təranə Vahidin yaradıcılığı yüksək qiymətləndirildi. Sonda müəllif “Cənnətdən yuxarı” kitabını imzalayaraq iştirakçılara təqdim etdi.
Mayın 9-da isə Kayseri şəhərinin Erciyes Universitetinin ədəbiyyat fakültəsində “Cənnətdən yuxarı” kitabının təqdimatı və imza günü keçirildi.
Təqdimatda Erciyes Universitetinin azərbaycanlı müəllimləri Qafar Mehdiyev, Əsli Xəlilqızı, Türkiyənin tanınmış yazıçısı İmdat Afşar, Kayseri Mədəniyyət və Turizm Şöbəsinin müdiri İsmet Taymuş, universitetin müəllim və tələbə heyəti iştirak edirdi.
Azərbaycan ədəbiyyatının türk dünyasında yorulmaz təbliğatçısı İmdat Afşar çıxış edərək Təranə Vahidin yaradıcılığından danışdı. Qeyd etdi ki, yazıçının hekayələri dünyanın istənilən dilinə çevrilsə böyük maraqla qarşılanacaq. Çünki bu hekayələr fərqli üslubda, fərqli düşüncə və duyğularla qələmə alınıb. Bu hekayələri oxuyarkən sanki başqa bir pəncərədən dünyaya baxırsan.
İmdat Afşar müəllifin yaradıcılığından ana xətt kimi keçən Qarabağ hekayələrini bu mövzuda yazılmış ən təsirli kiçik nəsr nümunələri kimi dəyərləndirdi. Bildirdi ki, bu hekayələri oxuduqda onların təsirindən uzun müddət çıxa bilmirsən.
Erciyes Universitetinin professoru Qafar Mehdiyev uydurma “erməni soyqırımı” mövzusunda çıxış etdi, bu yalan tarixin tarixdə və ədəbiyyatda izlərini təhlil etdi, Qarabağ münaqişəsinin tarixi haqqında iştirakçılara ətraflı məlumat verdi.
Universitetin ədəbiyyat fakültəsinin müəllimi Əsli Xəlilqızı Azərbyacan mətbuatında tanınmış imzalardan biri olan Təranə Vahidin ədəbi yaradıcılığından söhbət açdı.
Tədbirin sonunda Təranə Vahid ədəbiyyatla bağlı fikir və düşüncələrini iştirakçılarla bölüşdü, bu gün Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunun əsas mövzulardan biri olduğunu qeyd etdi.
Yazıçı “Cənnətdən yuxarı” kitabının türk dilində işıq üzü görməsində əməyi olan hər kəsə - nəşrin redaktoru Əsli Xəlilqızına, kitabı türk dilinə çevirən Ünal Yoldaşa, kitabın korrektoru Fatma Nura təşəkkürünü bildirdi.
Tədbirin sonunda yüzdən artıq oxucuya müəllifin imzası ilə “Cənnətdən yuxarı” kitabı hədiyyə edildi.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2016.- 11 may.-
S. 13.