Birgünlük “general” və ya qəhrəmanlığın tarixi

Aprelin 2-də cəbhə xəttində düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş baş leytenant, Mİ-24 helikopterinin ekipaj üzvü İsmayılov Əbubəkir Vüqar oğlunun əziz xatirəsinə

Xatırlayıram. Onun qəhrəmanlığı bizi doğmalaşdırdı. Kiçik oğlum Sadiqlə dostluğu onunla görüşməyimə səbəb olubmuş. Sadəcə uşaq hesab edib, qəhrəman olacağını düşünməmişəm.

Xəbər yel qanadlı olur, deyirlər. Fərqi yoxdur, şad xəbər olsun, ya bəd xəbər. Bu xəbər də qəfildən haqladı bizi. Elə həmin an mən də həyətə getdim. Adamların içərisində məni görən keçmiş şagirdim olmuş Rəna yalnız qəhrəman analarına xas olan bir soyuqqanlılıqla yaxınlaşıb əlimdən tutdu.

- Müəllim, nə olar siz deyin, o ölməyib. O, ölə bilməz. İnanmıram. Mən qəhrəman böyütmüşəm, o ölməz, - söylədi.

Əlimdən tutaraq yarı hüzn, yarı inam ifadə edən gözlərini üzümə dikmiş keçmiş şagirdimə, bu günün qəhrəman anasına nə cavab verəcəyimi bilmirdim. İçimdən gələn bir səs yox, o ölməyib, yalandır, söylətdi mənə. Özüm də öz cavabıma inanmırdım. Həmin anda isə bu cavabdan “dəqiqi” yox idi. Şəhid olduğunu, əbədiyyətə qovuşduğunu artıq bilirdim. Mənim qəti cavabımı eşidən xalası Güləbatın da müəllim inamına sığındı.

Hə bu xəbər hələ təzə idi. Alışdırmaq lazım idi yaxınlarını bu xəbərə.

Atası Vüqar sadəcə “Vətən sağ olsun. Biz onun fizioloji valideynləriyik. O, hərbi forma geyinəndən bu Vətənin, bu yurdun, bu xalqın oğludur” - dedi.

İlk anlar idi. Ağlayan kim, sızlayan kim. Təkcə Rəna ana və Vüqar ata ağlamırdılar. Hər ikisi “Təki Vətən sağ olsun” söylədilər.

Aprelin 2-si idi. Azğın erməni faşizminin iç üzü bir daha görünmüş, öz torpağımızda illərdir təmas xətti adlandırdıqları ərazidə atəşkəsi pozmuşdular. Düşünmədikləri cavabı almış, Azərbaycan ordusunun əks zərbələrinə tuş gəlmişdilər.

Oğlunun şəhidlik xəbərinə acımaq əvəzinə Rəna xanım da ordumuzun müzəffər yürüşünə sevinir, hər an dəyişən cəbhə xəbərlərini izləyirdi. Qəhrəman anaları elə bu xasiyyətdə olur. O, ağlamır, yeddi-səkkiz ayın gəlini olan qardaşı qızı Şəbnəmi ovundururdu. Onların bu izdivacı çoxlarının fikirləşə biləcəyi kimi qohumluq əlaqələrindən yox, saf sevgidən yoğurulmuşdu. Onların ailə qurmasına ata-analar sadəcə xeyir-dua vermiş, el adətincə toy çalınmışdı.

Dünyaya qeyri-adiliklə gələn qəhrəmanlar həyatı boyu təəccübləndirməyi bacarırlar. 2015-ci ilin avqustunda baş tutan bu toyda hər şey fərqli idi. İştirakçıların çoxu Əbubəkirin dostları - hərbiçilər, pilotlar, orta məktəb yoldaşları idi. Toy günü üçün hamı kimi özünə bəy kostyumu seçmişdi. Hamı kimi səliqəli və təzə geyinməli, “Vağzalı” sədaları altında öz bəxtinə düşəni - Şəbnəmi gəlinlik libasında əlindən tutub ata evindən götürməli, bir cüt göyərçin olub ilk əvvəl şadlıq evinə, sonra isə ata ocağına uçmalıydılar.

Nə “Vağzalı” çalındı, nə də ki? Onlar xoşbəxt cütlük kimi uçdular. Səmanın ənginliklərindən zövq alan, könlü daim Vətən göylərində olan Əbubəkir öz sevgilisini ata evindən, dayısı Asifin ocağından götürdü və “Vağzalı” çaldırmadı. Amma, onun üçün dünyanın ən qiymətli musiqisi olan “Azərbaycan marşını” çaldırdı. Hamı heyrətlənmişdi. Bəli, bu toyun ssenarisini də, musiqi tərtibatını da o özü seçmişdi. Sən demə, bu adi bir gənc təyyarəçinin yox, gələcək qəhrəmanın, Vətəni, torpağı canından əziz tutan bir fədainin “yaradıcılığı” imiş. Toya yığışanları heyrətləndirən digər cəhətlər də var idi. Toy maşınlarına qırmızı xələtlər əvəzinə, Azərbaycan bayraqları asılmışdı, əksər sürücülər isə onun hərbçi dostları idi.

Toyda ən böyük qeyri-adiliyi isə indi söyləmək istəyirəm. Bəy hərbi geyimdə idi. Onun zər poqonları və enli qırmızı zehli “general” şalvarı hamını heyrətləndirmişdi. Bəli, əziz oxucum, general paltarında.

Bu barədə anası Rəna xanım söyləyir: “Əbubəkirin ən böyük arzusu general olmaq idi. Mən onu həkim görmək istəyirdim. İstəsəm də onu arzusundan döndərə bilmədim. Hərbçi olacağam, general olacağam, Vətəni, torpağı qoruyacağam, ana, - söylədi. Elə o vaxt hiss etdim ki, oğlum Vətən yolunda şəhid olmağa hazır olan bir vətənpərvər kimi yetişəcək. Ürəklə get bala, yolun uğurlu olsun, - söylədim. Tək getmişdi, indi gör nə qədər adamla gəlir”.

Atası Vüqar İsmayılov isə “Təki Vətən sağ olsun. Oğlum Vətən yolunda, xalq yolunda şəhid olub. O tək mənim yox, Azərbaycanın övladıdır”, - söylədi.

Hamı heyrətdə idi. Gənc ana və atadakı bu dözümə, mətanətə, vüqara heyrətlənməmək mümkünsüzdür.

“Mən fəxr edirəm ki, şəhid pilot, qəhrəman Əbubəkr İsmayılovun həyat yoldaşıyam, onunla fəxr edirəm, qürur duyuram”, - söyləyən həyat yoldaşı Şəbnəm İsmayılovanın cavabı isə nəinki müsahibə götürən jurnalistləri, bütün ölkəni ağlatdı. Bu qürurlu gəlin isə ağlamadı, hamıya dözüm nümayiş etdirdi. Təkcə başındakı qara ləçək və üzündəki kədər cizgiləri onun qəhrəman bir şəhidin həyat yoldaşı olduğunu təsdiqləyirdi.

Ağlamağı bacarmıram. Arzulayıram ki, heç kim də ağlamasın. Amma Şəbnəmin qüruru, dəyanəti qarşısında on minlərdən biri kimi mən də ağladım. O, isə dözdü, içindəki sızıltını, kədəri vüqara qatıb dəyanətli oldu. Göz yaşlarını axıtmadı.

Günlərlə həsrətli qaldıq. Bəlkələr gümanına sığınıb bəlkə əsir düşüb, bəlkə yaralıdır, bəlkə sağdır, düşmən tərəfdədir, təmas xəttindən keçib gələ bilmir? Bu gümanlar hamını intizarda saxlamışdı.

Yurd və Vətən sevgisi hamı kimi onları da dəyanət zirehinə bürüdü. Rəna ana da, Vüqar ata da, gənc gəlin Şəbnəm də bircə şeylə təsəlli tapırdılar. Ölsə də, qalsa da, artıq qəhrəmanlığı xalq tərəfindən təsdiq olunmuşdu. El-oba hamı onların həyətinə axışır. Onlara həmdəm olmağa, dərdlərini bölüşməyə çalışırdılar. Təsəlli isə bircə idi. Əbubəkir də, onun döyüş yoldaşları Ürfan da, Təbriz də Vətən yolunda, yurd torpağında şəhid olmuşdular. Təmas xətti adlanan yerin hər iki tərəfi özümüzünküdür. 20 ildən çoxdur ki, düşmən əsarətində olan bu torpağın hər qarışı qiymətlidir.

Mİ-24 helikopterinin düşmən tərəfindən vurulması xəbəri təsdiqlənsə də, Rəna xanım heç cür oğlunun ölümünə inanmırdı. “Mənim oğlum ölə bilməz. Şəhid olub ölümsüzlük qazana bilər”, - söyləyirdi.

Rənanı uşaq vaxtından tanıyırdım. Orta məktəbdə müəllimi olmuşdum. Ağıllı və savadlı bir şagird idi. Elə o vaxt tərbiyəsi və qeyri-adilikləri ilə fərqlənərdi. Onun bu gün şəhid anası kimi özünü toxtaq və dözümlü aparması da mənə qeyri-adi gəlmirdi.

Bakıda “Heydər məscidi”ndə Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın şəhid olmuş döyüşçülərin ailə üzvləri ilə görüşündə də Rəna ana ağlamadı, inama sığındı. “Vətən sağ olsun”, - söyləyən Şəbnəmə sığındı. Onu ovundurdu, ürək-dirək verdi, köksünə sıxdı.

Artıq aprelin 8-i idi. Baş leytenant, Mİ-24 helikopterinin borttexniki Əbubəkir İsmayılov gündüz getdiyi həyətə gecə qayıtdı. Üstünə müqəddəs üçrəngli, ay-ulduzlu Azərbaycan bayrağı sərilmiş şəhid tabutunda qayıtdı. Onun qəfləti qayıdışına bütün kürdəmirlilər yığışdı. İzdiham onu təntənə ilə qarşıladı. Elə gecə ikən onun ata həyətində mitinq keçirildi. Rayon rəhbərliyi, yaxınları, dostları onun böyük qəhrəmanlığını dəyərləndirdilər.

Dəfn mərasimi Bakıda ikinci Fəxri xiyabanda oldu. Böyük təntənə və izdiham gənc baş leytenantı əbədiyyətə yola saldı. Fəxri xiyabanda da döyüş yoldaşlarından - mayor Urfan Vəlizadədən və mayor Təbriz Mustafazadədən ayrılmadı. Doğma Vətən torpağını birgə qucaqladılar. Səmadan həsrətlə boylanan Günəşin istisinə sığındılar.

Əbədi və əzəli məskənləri torpaq, yuvaları insanların qəlbi oldu. Heç vaxt və heç zaman unudulmayacaq qəhrəmanlıqları ilə tarix yazdılar. Xalq və Vətən qarşısında borclarını yerinə yetirdilər. Ən ali, ən uca bir zirvəyə - şəhidlik zirvəsinə ucaldılar. Tarix və zaman qəhrəmanlığı unutmur. Xalq isə öz qəhrəman, igid oğlanları ilə fəxr edir. Yaşasın Azərbaycan!

 

Vaqif Alıoğlu

Kürdəmir rayonu

Mədəniyyət.- 2016.- 11 may.- S. 12.