Avropa festivalının Amnerisi
Çinarə Şirin
olacaq
Bugünlərdə Azərbaycan musiqili teatr sənəti üçün
uğur sayılacaq bir yenilikdən xəbər tutduq. Avqustun əvvəlində
Azərbaycan Dövlət
Akademik Opera və balet Teatrının solisti Çinarə Şirin İtaliyada keçiriləcək ənənəvi
«Avropa opera festivalı»nda
iştirak edəcək.
Çinarə xanım ilə
görüşüb bu
xəbərlə maraqlandıq.
- Əvvəlcə teatrımızın
rəhbərliyinin biz gənclərin
müxtəlif kurslarda
iştirakına, məşhur
vokal müəllimlərindən
dərs almağımıza
şərait yaratdığı
üçün minnətdarlığımı
bildirirəm. Ötən ilin dekabrında
Milanda «Scuola Musicale in
Foro Buonaparte» məktəbində ustad dərslərində idim.
Təsadüfən eşitdim ki,
avqust ayında baş tutacaq ənənəvi opera festivalında
iştirak üçün
dinləmələr keçirilir.
Müəllimim Anatoli
Alekseyeviç Qusev, konsertmeyster Səadət İsmayılova dinləmələrə
qatılmağı mənə
təklif etdilər. Heç bir nəticə gözləmədən, sadəcə,
Avropanın məşhur
vokal biliciləri qarşısında çıxış
etmək, onların fikrini bilmək niyyətilə razılaşdım.
Xüsusi hazırlaşmadığımdan
öz repertuarımdan
J.Bizenin «Karmen» operasından Karmenin Habanerasını, C.Verdinin
«Trubadur» operasından
Asuçenanın ariyasını
oxudum. Məşhur teatr rejissoru
və tənqidçisi
Enrike Stinkellinin başçılıq etdiyi
münsiflər heyətindən
ifam haqqında müsbət rəy eşitdim.
- Bəs nəticə barədə məlumat vermədilər?
- Xeyr. Bu, çox
böyük opera festivalıdır.
Adətən avqust ayının
əvvəllərində keçirilir.
İştirakçılar festival günlərində həm opera tamaşaları
oynayır, İtaliyanın
bir neçə şəhərində konsertlərdə
çıxış edir,
həm də dünya şöhrətli
vokalçı pedaqoqlardan
ustad dərsləri alırlar. Enrike Stinkelli müxtəlif
opera agentlikləri ilə
işləyir, müqavilə
ilə müxtəlif
teatrlarda tamaşa hazırlayır. Opera festivalı üçün
münsiflərin Milanda,
Romada, İtaliyanın
bir neçə başqa şəhərində,
hətta Rusiyanın
Sankt-Peterburq şəhərində
keçirdikləri dinləmələrdə
400 nəfər iştirak
etmişdi. Və bugünlərdə
mənə xəbər
verdilər ki, 400 nəfər arasından seçilmiş 14 vokalçıdan
biri də mənəm. Bu xəbər mənim üçün çox xoş bir sürpriz
oldu.
- Səhv etmirəmsə, bu festivalda Azərbaycanı
ilk dəfə siz təmsil edəcəksiniz?
- Elədir. Bu, çox böyük fəxr və məsuliyyətdir. Festivalın vaxtı barədə hələlik dəqiq məlumat verilməsə də, artıq hazırlaşmağa başlamışam. Tamaşaları, kimin hansı partiyanı oxuyacağını təşkilatçılar seçirlər. Mən Cüzeppe Verdinin «Aida» operasında Amneris partiyasını ifa edəcəyəm. Çalışacağam ki, Azərbaycan vokal məktəbini layiqincə təmsil edim.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2016.- 11 may.-
S. 10.