Söz qədrini bilən sənətkar
XIX əsrdə Ordubadda fəaliyyət göstərən “Əncüməni-şüəra” ədəbi məclisinin fəal üzvlərindən biri də şair Usta Zeynal Nəqqaş olub. Təxəllüsündən göründüyü kimi, o, şairliklə yanaşı, naqqaşlıq sənətini də bacarıb. Onun müəllifi olduğu əl sənəti nümunələri bu gün müxtəlif kolleksiyalarda saxlanılır.
Zeynalabdin Əbu Səid oğlu 1829-cu ildə Ordubadda dünyaya göz açıb. İlk təhsilini molla məktəbində alıb. Kiçik yaşlarından poeziyaya, xəttatlıq və naqqaşlıq sənətinə maraq göstərir. Onun Naxçıvanda “Xan sarayı”, Bakıda H.Z.Tağıyevin evi (indiki Milli Azərbaycan Tarixi Muzeyi), Təbrizdə, Ordubadda Cümə məscidləri, rayonun Əylis, Vənənd kəndlərində evlərdə işlədiyi rəsmlər və vurduğu naxışlar hələ də durur. Ordubad şəhərinin “Malik İbrahim” qəbiristanlığındakı dağa bitişik “Qara pir”də işlədiyi naxış, XIX əsrin axırlarında İran şahının Ordubada gəlişi ilə əlaqədar “Came” məscidinin arxa divarına işlədiyi “Şiri-xurşid” gerbi də sənətkarın maraqlı yaradıcılıq nümunələrindəndir.
Araşdırmalardan məlum olur ki, o, el arasında “qızıl əlli naqqaş” kimi şöhrət tapmaqla bərabər, şeir məclislərində də istedadlı şair kimi çox məşhur olub. Dövrün nöqsanlarını tənqid edən, insanları düz yola, faydalı olmağa çağıran şair “Nə bilim” adlı satirik şeirində yazır:
Məni biçarəyə varmış bu xəyalın fələyin,
Zülm əlilə belə viran olacaqmış, nə bilim?
AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda M.S.Ordubadinin “Tərcümeyi-halım”da Usta Zeynal Nəqqaş haqqında maraqlı fikirləri var.
Professor İbrahim Mollayev araşdırmasında yazır ki, “Əncüməni-şüəra” ədəbi məclisi Ordubadda ikinci dəfə (1863) Şıxəli Naibov tərəfindən yaradılır. Ətrafına bir sıra ziyalılar toplayır... Məclisin məşğələləri çox vaxt Məhəmməd Tağı Sidqinin, bəzən də Usta Zeynal Nəqqaşın evində keçirilib.
Şairin yaradıcılığında sözlə tətbiqi sənətin vəhdətini görmək mümkündür. Belə ki, şairin poeziyası ecazkar naqqaşlıq sənəti ilə dövrün tarixi-memarlıq abidələrində epiqrafik sənət nümunəsinə çevrilib.
Müəllif Ordubaddakı Cümə məscidinin divarına həkk etdiyi şeirində yazır:
Yaran, bu dəhri-dun biz ilə məcrası var,
Çox xanələr xərab eyləyib, müddəası
var.
Aldanmayın bu çərxi-cəfaçü
əcuzinə,
Yoxdur vəfası,
şərmi, nə də həyası var.
Bu büqəyü-şəriflə Nəqqaşı yad edin,
Ənbabdan həmişə dua iltiması var.
Yaradıcılığında ədəbi tənqidə
də geniş yer verən şair satirik şeirlərində dövrünün
nöqsanlarını cəsarətlə
qamçılayıb. Günlərin
bir günü təbrizli ədib Mirzə Mehdi xanla qarşılaşan şair ədəb-ərkanla
ona salam
verir. Ancaq o, salamı almadan
ötüb keçmək
istəyir. Bu zaman
şair bədahətən
Ey, ali süfyan
dövlətindən geydiyin
narıncıdır,
Bəs ki, nar əhlisən,
axır sizi nar incidir...
- deyərək onu “qaranlıq adam” adlandırır.
Şairin
cəsarəti və şeirin məziyyəti Mirzə Mehdinin xoşuna gəlir, ayaq saxlayıb salam verir
və onunla xeyli söhbət edir.
Usta Zeynal Nəqqaşın yaradıcılığı
məlum olmayan səbəblərdən tam şəkildə
günümüzə gəlib
çatmayıb. Son vaxtlar
xalqın yaddaşında
qorunan bəzi bədii nümunələr
yazıya köçürülüb.
Həmin
nümunələrdən biri
də “Pul” şeiridir. Müəllif
bildirir ki, bəzən pul yanlış ünvanlara yönələndə mərifət
sahibləri qayğıdan
uzaq qalır, ehtiyac içində yaşayır:
Pücəba kimsələri qəhvənişin
eyləmisən,
Qılmısan dəhrdə hər əbləhi insan, qara pul.
Fasiqi faciri kəzzabi əziz eyləmisən,
Mərifət əhli olub xakilə yeksan, qara pul.
Usta Zeynal Nəqqaş
1904-cü ildə, 75 yaşında
vəfat edib.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 11 may.-
S. 10.