Heydər Əliyev və ozan-aşıq mədəniyyəti

Böyük dövlət xadimi saz-söz sənətimizə xüsusi diqqət və qayğı göstərib

Mayın 6-da Muzey Mərkəzində ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Heydər Əliyev və ozan-aşıq mədəniyyəti” mövzusunda elmi-mədəni tədbir keçirildi.

Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətlər göstərdiyini vurğuladı, onun xatirəsinin hər zaman dərin ehtiramla yad edildiyini bildirdi.

Qeyd etdi ki, ölkəmizin elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin diqqət və qayğısı, tarixi rolu hiss olunmasın. Mədəni irsimizin, milli incəsənətimizin inkişafına da ümummilli lider daima xüsusi diqqət göstərib: "Ulu öndər Heydər Əliyev məhz xüsusi fəaliyyəti nəticəsində 2000-ci ildə “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi UNESCO səviyyəsində təntənəli şəkildə qeyd olundu. Bu, böyük mədəni hadisə idi. Bununla Azərbaycan xalqı öz milli dəyərlərini, qədim söz abidəsini bir daha dünyaya nümayiş etdirdi. Ölkəmizin mədəniyyətinin, tarixinin dünyada təbliğ edilməsinin nəticəsi olaraq indi bir çox milli-mədəni sərvət nümunəmiz UNESCO-nun müvafiq siyahılarına daxil edilib. Təsadüfi deyil ki, bəşəriyyət xəzinəsinə daxil olan bu incilər sırasında min illərdən bəri xalqımızın yaratdığı, qoruyub inkişaf etdirdiyi aşıq sənəti də var".

Əbülfəs Qarayev Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin bundan sonra da dünyada tanıdılması və təbliğ olunmasında Heydər Əliyevin təməlini qoyduğu yolun, onun irsinin əhəmiyyətini vurğuladı. Qeyd etdi ki, ulu öndər tərəfindən qoyulmuş bu siyasət Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.

 Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi Məhərrəm Qasımlı “Heydər Əliyev və ozan-aşıq mədəniyyəti” və professor Qəzənfər Paşayev isə “Milli-mənəvi sərvətlərimizin bənzərsiz himayəçisi” mövzularında məruzələrlə çıxış etdilər.

Məruzələrdə Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına, tarixinin və ədəbiyyatının öyrənilməsinə xüsusi önəm verdiyi faktlarla diqqətə çatdırıldı. Bildirildi ki, ulu öndər hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunması üçün yorulmadan çalışıb.

Ustad aşıqlardan Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü İsfəndiyar Rüstəmov, Əməkdar mədəniyyət işçisi Əhliman Rəhimov və Prezident təqaüdçüsü Mahmud Məmmədov da çıxış edərək Heydər Əliyevin aşıq sənətinə göstərdiyi diqqət və qayğıdan söz açdılar.

Tədbir aşıq musiqilərindən ibarət konsert proqramı ilə davam etdi.

Əməkdar mədəniyyət işçisi Gülarə Azaflının rəhbərlik etdiyi “Çeşmə” folklor qrupunun (“Ana yurdum”), Əli Tapdıqoğlu (“Heydər baba”), Solmaz Kosayeva (“Ata Heydərim”), Haşım Qubalı (“Xilaskarımız Heydər baba”) və Gözəl Kəlbəcərlinin (“Ulu Heydərimiz”) çıxışları dinlənildi.Misriqrupunun ifasında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” səsləndirildi.

Fariz

Mədəniyyət.- 2016.- 11 may.- S. 8.