"Vətən buradan başlayır"

Sərgi-müsabiqənin qalibləri məlum oldu

Xəbər verdiyimiz kimi, Xətai Sənət Mərkəzi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Rəssamlar İttifaqı ilə birlikdə ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə "Vətən buradan başlayır" adlı təsviri sənət müsabiqəsi keçirib.

Mayın 6-da müsabiqənin yekun sərgisi və qaliblərin seçilib mükafatlandırılması mərasimi keçirildi.

Tədbiri giriş sözüylə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açaraq, müsabiqənin məqsədi və təqdim olunan əsərlər haqqında məlumat verdi. Bildirdi ki, təsviri sənətin bütün sahələri üzrə təxminən 300 nəfər 1000-ə qədər əsərlə müsabiqəyə qatılıb. İlkin seçimlərdə 70-ə qədər əsər müsabiqədə iştirak etmək hüququ qazanıb.

Müsabiqənin “Vətən buradan başlayır” adlanması isə əslində şərtidir. İştirakçılar istənilən mövzuda əsərlərini təqdim etmişdilər. Beləliklə, hər bir iştirakçı üçün vətən - müraciət etdiyi mövzudan başlayırdı.

Mədəniyyət və Turizm Nazirliyinin İncəsənət şöbəsinin sektor müdiri Qalib Qasımov belə sərgilərin ölkədə təsviri sənətin irəliləməsinə təkan verdiyini söylədi, iştirakçılara uğurlar arzuladı.

Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Azərbaycan Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, “Bakı” Rəsm Qalereyasının direktoru Eldəniz Babayev və başqaları sərgi-müsabiqənin keçirilməsini yüksək dəyərləndirdilər, rəssamların yetişməsində belə tədbirlərin önəmini vurğuladılar.

Qeyd edək ki, sərgiyə çoxlu sənətsevər gəlmişdi. Şərtlərə görə, qaliblər tamaşaçıların səsverməsi əsasında seçilməli idi. Ona görə sərgi salonuna daxil olan hər kəsə istədiyi əsəri qalib görmək hüququ verən bir kupon verilirdi.

Beləliklə, tamaşaçıların hər biri səsvermədə iştirak edərək öz qalibini seçə bildi. Sonra səslər sayıldı.

Müsabiqədə ilk üç yeri Tural Bayramov (I yer), Sevinc Əhmədova (II yer), Ülvi Yadigarlı (III yer) tutdular.

Nərmin Abdullayeva, Səyyar Əliyev, Aytən Rüstəmli, Ülkər Əliyeva isə həvəsləndirici mükafatlara layiq görüldülər.

Qalib və mükafatçılara diplompul mükafatları verildi.

Soltan

Mədəniyyət.- 2016.- 11 may.- S. 8.