«Ruhlar» və «İlan Sultan» Bakıya gəlmişdi
Xəbər verdiyimiz kimi,
4-5 may tarixində Nəcəf
bəy Vəzirov adına Lənkəran
Dövlət Dram Teatrı
Bakıda qastrol səfərində oldu. Kollektiv
Eduardo de Filipponun «Ruhlar»
və Bəhram Beyzayinin «İlan Sultan» tamaşasını təqdim
etdi. Hər iki əsərin
paytaxt teatrlarının
repertuarında olmadığını
nəzərə alsaq,
sənətsevərlərin, teatr tənqidçilərinin
bu tamaşalara marağı anlaşılan
idi.
Teatr rəhbərliyinin
məhz bu iki səhnə əsərini qastrol proqramına salması təsadüfi deyildi. Teatrın baş
rejissoru Tural Mustafayevin quruluş verdiyi «Ruhlar» tamaşası 2014-cü ilin
sentyabrında Şəkidə
keçirilmiş I Beynəlxalq
Teatr Festivalında
diploma layiq görülüb,
«İlan Sultan» isə
bu ilin yanvarında
İranda keçirilmiş
Beynəlxalq Fəcr Teatr Festivalında mükafat qazanıb.
Qastrolun
sonuncu günü baş rejissor Tural Mustafayev bizimlə ayaqüstü söhbətində səfər
və teatrın gələcək planları
barədə danışdı:
- Lənkəran teatrı axırıncı dəfə
Bakıda təxminən
üç il
əvvəl çıxış
etmişdi. Bölgə teatrları üçün
Bakıda çıxış
etmək hər hansı xarici ölkədə çıxış
etməkdən daha önəmlidir. Aktyorlar paytaxt
səhnəsinə çıxanda
daha çox həyəcanlanırlar. Bəzən isə
bu həyəcan onların oyununa, öz potensiallarını
göstərməyə mane olur.
- Xarici ölkə səhnəsi demişkən,
Bakıdan sonra hansısa səfər gözlənilirmi?
- İrana qastrol
nəzərdə tutulur. Rusiya ilə
danışıqlar aparırıq.
Amma hələlik vaxtı və hansı tamaşaları aparacağımızı
dəqiqləşdirməmişik.
- Sizin hazırladığınız
«Ruhlar» tamaşası
Şəki festivalında
maraqla qarşılanmışdı.
Yəqin ki, bu il də Şəkidə çıxış edəcəksiniz?
- Bəli, festivala yeni bir tamaşa
ilə qatılacağıq.
İran
dramaturqu Bəhram Beyzayinin eyniadlı əsərinə bu ölkədən dəvət
edilmiş rejissor Xeyrullah Təqianipurun quruluş verdiyi «İlan Sultan» tamaşası
əslində böyüklər
üçün nağıl-tamaşa
sayıla bilər. Övlad arzusu ilə alışıb-yanan, artıq
yaşlaşmış Şah
ilə Vəzir möcüzə sayəsində
övlad sahibi olurlar. Vəzirin gözəl-göyçək qızı, hökmdarın
isə ilan cildində bir oğlu olur. Hökmdarın vəfatından sonra
vəliəhdi himayə
edən Vəzir vaxt-vədənin tamamında
qızı Nigarı İlan Sultana ərə getməyə razı salır. Elə hər şey
buradan başlayır.
İlk baxışda
nağıllar, dastanlar
üçün adi görünən süjet
xətti - sevgilisinə
qovuşmaq üçün
illərini sərf edən vəfalı qızın başına gələnlər barədə
çox maraqlı səhnə həlli ilə tamaşaçıya
təqdim edilir. Pilləli podium gah cəmiyyətdəki iyerarxiyanı çatdırır,
gah saray qapısına, gah da insanları bir-birindən ayıran dağ-təpəyə çevrilir.
Tamaşada aktyorlar Səyyad
Əliyev (İlan
Sultan), Sücəddin Mirzəyev
(Salnaməçi), Əlibala
Əsgərov (Şah),
Miraslan Ağayev (Vəzir), Aynur Əhmədova (Nigar), Qızılgül Quliyeva
(Dayə), Tərlan Abdullayev (Darğa) və başqaları çıxış edirdilər.
G.Mirməmməd
Mədəniyyət.-2016.- 11 may.-
S. 7.