Kim dərsini bilməsə...

Kazanova: sevgi dərsləri”nin seyrindən doğan düşüncələr

...Dünyada insanın alacağı dərslər çoxdur. Yox, söhbət məktəb təhsilindən getmir. Bizim bu dünyada əxz edə biləcəyimiz ən böyük dərs insanlıq dərsidir ki, onun da ən vacib bölmələrindən biri sevgidir. Sevgi çoxşaxəlidir: Yaradana, vətənə, valideynə, övlada, sənətə, yaradıcılığa... Əgər Kazanovanın adını yuxarı başa çıxarmışıqsa, təbii ki, söhbət qadın-kişi sevgisindən gedəcək.

Aprelin sonunda Azərbaycan Dövlət Rus Dram Teatrı bu mövsümün növbəti yeni tamaşasını təqdim etdi. Bu tamaşa barədə xəbər yayılandan o, teatra az-çox maraq göstərənlərin diqqətini çəkdi. Başqalarını deyə bilmərəm, şəxsən mənim üçün bu tamaşa bir neçə cəhətdən maraqlı idi: 1) Sevgini necə göstərəcəklər: yəni peşəkarlıq və səhnə estetikası baxımından; 2) İllərlə filmlərdə aşiq-qəhrəman obrazları yaratmış Xalq artisti Fəxrəddin Manafovun bu teatrda debütü baxımından; 3) Bir neçə ay əvvəl təqdimatı keçirilmiş «İçərişəhər» filminin quruluşçu rejissoru İlqar Safatın yeni teatr tamaşası - məhsuldarlığın keyfiyyətə təsiri baxımından.

...Viktor KorkiyaAleksandr Lavrin kimi müasir rus yazıçılarının adı azərbaycandilli oxucu-tamaşaçıya heç bir söz demir. Odur ki, tamaşaya baxmazdan əvvəl haqqında əfsanələr dolaşan yarımifik, yarıgerçək aşiq qəhrəman, XVIII əsrdə Avropanı başdan-ayağa gəzmiş, fırıldaqları, kimyagərliyi, təbibliyi, ən başlıcası, ürəkçalanlığı ilə şöhrət qazanmış Cakoma Kazanovanın son dərsini, ömrünün son günlərini təsvir edən pyesi oxudum.

Pərdə açılır. Tamaşaçının qarşısında nəhəng fijma - yəni tuman çənbəri görünür. Əgər tamaşaçı bir qədər diqqətsiz olub, onu tamamlayan qadın korsetinə fikir verməsə, bu çənbəri qəfəsə də, qəsrin qülləsinə də oxşada bilər. Quruluşçu rejissor İlqar Safat ilə quruluşçu rəssam Mustafa Mustafayevin səhnə yozumu çoxmənalıdır: dünyada çox işlər gen ətək altında baş veriroradaca gizlədilir, ətək altında yaxşı gizlənmək üçünsə gərək onu tuman çənbərinin üstündən geyinəsən... Bizim işimiz isə ətək altında gedən işlərlə yox, ətək altında qurulan tamaşa ilədir.

Çənbərin tən ortasında yerləşdirilmiş geniş və rahatlığı salondan görünən bir yataq var. Tamaşaçı maraqla bu yataqda baş verə biləcəkləri gözləyir. Hələliksə nəzərlərimizi yataqdan ayırıb, səhnənin sol tərəfinə zilləyək. Hər nə varsa, burada baş verir. Çexiyada, Bohema əyalətində müflisləşmiş qraf Fon Valdşteynin Duks qəsrində kitabxanaçı-salnaməçi işləyən, artıq qocalmış Cakomo Kazanova dəftərxana klerki Frans Rozenşlyusa - burqomistrin qızı Annaya aşiq bu gəncə qadın qəlbini necə ələ almağı, qadını əvvəlcə söz ilə necə yoldan çıxarmağı öyrədir. Gənc Frans isə alayarımçıq dərsindən və Annanı itirmək qorxusundan necə vəcdə gəlirsə, çevrilib olur Don Juan.

Tamaşanın məzmununu danışmayaq. Hadisələr XVIII əsrdə Çexiyada cərəyan etsə də, hər kəs və hər şey müasir insana çox yaxındır.

Özünü qırx arxa dönənindən əsilzadə kimi qələmə verən, müflis Qraf Fon Valdşteyn (Əməkdar artist Firdovsi Atakişiyev), alverlə varlanıb yüksək çinli məmur səviyyəsinə çatan, daha öz təbəqəsini bəyənməyən Bürqomistr (Xalq artisti Yuri Baliyev), sevdiyinə qovuşmaq naminə hər cildə düşməyə hazır Frans Rozenşlüs (Murad Məmmədov), gözəlliyini ən güclü silahı hesab edən, qəlbini, vücudunu bürüyən adsız sevgini kimə ünvanlamağın dərdini çəkən Anna (Yeganə Hüseynli), zahirən özlərini sədaqət mücəssəməsi kimi göstərən, amma mühüm məqamda öz mənafelərini güdməyi unutmayan, xəbərçilikdə «Müfəttiş»dəki Bobçinski ilə Dobçinskini xatırladan Bobberman (İbrahim Əhmədov) ilə Dobberman (Zaur İsgəndərov) kimilər bizə tanış deyilmi? Həyat boyu belələrinə azmı rast gəlirik?

«Kazanova: sevgi dərsləri»nin premyerasından ötən bir neçə həftə ərzində istər mətbuatda, istərsə də sosial şəbəkələrdə çoxları Xalq artisti Fəxrəddin Manafovun tamaşadakı uğurlu çıxışından heyranlıqla yazır. Məncə, heyranlıq istedadlı aktyora yox, onu bu tamaşaya cəlb edib, belə bir tamaşa hazırlayanlara ünvanlamalıdır. Çünki Fəxrəddin Manafov otuz ildən artıq yaradıcılığı boyu Azərbaycanda və Rusiyada çəkildiyi filmlərdə, televiziyadateatrda oynadığı rolları ilə çoxdan sübuta yetirib ki, onun üçün istər Azərbaycan, istərsə də rus dilində tamaşa oynamaq çətin deyil, həvalə edilən bütün rolların öhdəsindən gəlməyi bacarır.

Rus Dram Teatrının tamaşalarını izləyənlər digər iki tanınmış aktyorun - Yuri Baliyev ilə Firdovsi Atakişiyevi də fərqli obrazlarda az görməyiblər. Amma bu tamaşada üç güclü aktyorun - Manafov, AtakişiyevBaliyev üçlüyünün eyni səhnəni paylaşması əsl teatr zövqü yaşadırdı.

Əsərdəki rejissor tapıntıları təkcə fijma (çənbər) ilə məhdudlaşmır. Burqomistr ilə qrafın plan cızdığı səhnələrdə zər ataraq sövdələşməsi, Venetsiya maskalarını canlandıran aktrisaların sözsüz çıxışı, rəqsləri (xoreoqrafiya - Raulya Turkkan), Anriettanın kabusuÖlüm obrazlarını Kazanovadan başqa kimsənin görə bilmədiyi Sirli Naməlum qadın - Son nəfəs Xanımı (Olqa Arsentyeva) surətində birləşdirməsi komediyadakı dinamizmi əsərin xeyrinə artırır.

Tamaşanın dekorasiyası demək olar ki, yoxdur. Dövrün ruhunu, personajların daxili aləmini açmaq üçün rəssam bütün məharətini iştirakçıların zahiri görünüşünə keçirib. Tamaşadakı istər kişi, istərsə də qadın geyimləri böyük zövqdövrün dəb meyllərinə uyğun işlənilib.

Yeri gəlmişkən, yazının əvvəlində xatırlatdığımız geniş çarpayı barədə. Onun da təyinatı finalda bilinəcək: sevənlərin yatağına yox, Kazanovanın ölüm yatağına çevriləcək. O Kazanovanın ki, qadını ram etməyə onun vücudundan yox, başından, yəni ağlından başlamağı məsləhət görür.

Əsərdə puritan cəmiyyətin çətin «həzm edəcəyi» ifadələr, ikibaşlı eyhamlar, çoxmənalı yozula biləcək hərəkətlər kifayət qədərdir. Amma hər şey o qədər məharətlə təqdim edilir ki, ən utancaq tamaşaçı da heç bir sıxıntı hiss etmir.

* * *

Tamaşaya baxdıqca fikirləşirdim ki, Kazanovalar zaman-zaman niyə peyda olmalıdır ki?! Bu yerdə müəllifini unutduğum bir fikir yadıma düşdü: «Biganə kişilər sevdikləri, sahibləndikləri qadına qarşı münasibətdə bir fikri unudurlar: başqa kişilərin mövcudluğunu!». Bu unutqanlıq yeni-yeni Kazanovaları yetişdirir. Vəssalam. İtalyanlar demişkən: «commedia e finita».

 

Gülcahan

Mədəniyyət.- 2016.- 11 may.- S. 7.