Azərbaycan bəstəkarlarının yaradıcılığında vətənpərvərlik mövzusu

Elmi konfransda bu sahədə problemlərdən söz açıldı

Mayın 6-da Azərbaycan Bəstəkarlar İttifaqında ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə “Azərbaycan bəstəkarlarının vətənpərvərlik mövzusunda əsərləri” adlı elmi konfrans keçirildi.

Konfransı giriş sözü ilə açan ittifaqın sədri, Xalq artisti, professor Firəngiz Əlizadə ümummilli liderin milli musiqimizin inkişafına göstərdiyi diqqət və qayğıdan danışdı. Qeyd etdi ki, görkəmli sənətkarlarımız tərəfindən vətənpərvərlik ruhunda yazılmış əsərlər hər zaman ulu öndərin diqqət mərkəzində olub: “Bu gün ölkəmiz müharibə şəraitində yaşayır. Azərbaycan əsgəri Qarabağda düşmənlə üz-üzədir. Onlar son vaxtlar əsl qəhrəmanlıq nümunəsi göstərirlər. Ona görə də vətənpərvərlik ruhunda yeni-yeni əsərlər yazılmalıdır. Hərbi marş və mahnılara xüsusi yer verilməlidir”.

Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Sərdar Fərəcov bildirdi ki, vətən haqqında, vətənpərvərlik mövzusunda əsər yazmaq şərəfli işdir. Ötən yüzilliyin əvvəllərində və sonrakı illərdə C.Cabbarlı, A.Səhhət, M.Müşfiq, S.Vurğun, Ə.Əlibəyli və digər ədiblər bu mövzuda bir-birindən gözəl əsərlər yazıblar. Bəstəkarlarımız Ü.Hacıbəyli, F.Əmirov, Q.Qarayev, C.Cahangirov, A.Zeynallı və başqaları həmin əsərlərə parlaq musiqilər bəstələyiblər.

Bu sahədə köklü ənənələrin olmasına baxmayaraq, bu gün müəyyən boşluq hiss olunur. Şair və bəstəkarlarımız elə bil bir-birindən aralı düşüblər. Vaxtilə görkəmli bəstəkarlarımızın müraciət etdiyi müvafiq janrlara yenidən qayıtmaq lazımdır. Gənc və ortayaşlı bəstəkarlar bu sahədə fəal olmalıdırlar.

Yazıçılar Birliyi Qarabağ bölməsinin sədri, şair Ənvər Əhməd bildirdi ki, bu gün Azərbaycan əsgəri Qarabağda məkrli düşmənlə qəhrəmanlıqla vuruşur. Şair və yazıçılarımızın əsərlərində onların qəhrəmanlıq şücaəti öz əksini tapır. Ancaq bəstəkarlarımızın əsərlərində bu o qədər də geniş səsləndirilmir. Vətənpərvərlik mövzusunda maraqlı əsərlər bəstələnməlidir.

Əməkdar artist, bəstəkar və dirijor Həsən Abasquliyev qeyd etdi ki, hərbi marşlar nəfəs alətləri orkestrində ifa edilir: “Bəstəkarlarımız isə daha çox simfonik orkestr üçün əsər yazırlar. Bəstəkarlardan Azər Dadaşov, Elnarə Dadaşova və Sərdar Fərəcovun əsərlərini orkestr üçün aranjiman etmişəm. Müdafiə Nazirliyinin hərbi nəfəs alətləri orkestri olsa da, mülki nəfəs alətləri orkestri yoxdur. Yazılan əsərləri harda, necə ifa etmək çətinlik yaradır”.

Musiqişünas Ceyran Mahmudova bildirdi ki, hərbi marş və mahnılar xüsusilə nəfəs alətlərində səsləndirilir. Bu alətlər üzrə ifaçılar isə azdır. Musiqi məktəblərində bu ixtisasa maraq çox aşağıdır.

Bəstəkar Rauf Əliyev, musiqişünaslar Cəmilə Həsənova, Turan Məmmədəliyeva və digər çıxış edənlər vətənpərvərlik mövzusunda yazılmış əsərlər və gənc bəstəkarların bu sahədə gördükləri işlərdən danışdılar.

 

Savalan Fərəcov

Mədəniyyət.- 2016.- 11 may.- S. 5.