Xalça Muzeyində xatirə tədbiri

Mayın 10-da Azərbaycan Xalça Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Hər zaman qəlbimizdəsən” adlı tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə “Heydər Əliyev mənim duyğularımda” adlı rəsm sərgisi ilə tanış oldular.

Muzeyin direktoru Şirin Məlikova iştirakçıları salamlayaraq, ulu öndərin həyatı və dövlətçilik fəaliyyəti barədə məruzə ilə çıxış etdi. Bildirdi ki, böyük dövlət xadimi Azərbaycan milli mədəni irsinə, folkloruna, zəngin incəsənət nümunələrinə xüsusi münasibət göstərirdi. 1972-ci ildə Azərbaycanda ilk Xalça Muzeyinin yaradılması da ümummilli liderimizin təşəbbüsü ilə gerçəkləşib. Heydər Əliyev həmçinin, Şərqdə xalçaçılıq sənətinin tarixi ilə bağlı UNESCO-nun beynəlxalq simpoziumunun Bakıda keçirilməsində müstəsna rol oynayıb.

Bu gün dahi siyasi xadimin fəaliyyətini layiqincə davam etdirən ölkə başçısı İlham Əliyev də qədim xalçaçılıq sənətinin tarixi köklərinin mənsubiyyətinə xüsusi qayğı ilə yanaşır. Bu diqqətin nəticəsidir ki, xalça sənətimiz UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınıb.

Tədbirdə çıxış edən xalçaçı rəssam Eldar Mikayılzadə ümummilli liderlə bağlı xatirələrini bölüşdü. Qeyd etdi ki, mədəniyyət və incəsənət xadimlərinin yaradıcı axtarışlarına mənəvi dayaq olmaq Heydər Əliyev həyatının əsas məramlarından biri idi.

Daha sonra məktəblilər arasında keçirilmiş “Ən yaxşı inşa” müsabiqəsinin qalibləri mükafatlandırıldı. Bakı şəhəri 7 və 178 nömrəli tam orta məktəblərin şagirdləri Heydər Əliyevə həsr edilmiş şeirlər söylədilər.

Fariz

Mədəniyyət.- 2016.- 11 may.- S. 3.