Aşıq Nüsrətin
sorağında
XIX əsrdə
Azərbaycan və ləzgi dillərində yazıb-yaradan ləzgi
aşıqları yaşamışlar. Həyatı
və yaradıcılıqları haqqında geniş
məlumat olmayan aşıqlardan Abdulla, tahircallı Əmirəli, urvalı
Əhməd, aşağıləyərli Yəhya, əniğli
Fərəməz, yenikəndli Soltan və
başqalarının qoşmaları, gəraylı və qəzəlləri
xalq arasında məşhur idi.
Bu gün də yaradıcılığı ilə sevilən, minnətdarlıqla yad edilən saz-söz adamlarından biri də aşıq Nüsrət Mirzəbəyov olub.
Nüsrət Çərkəz oğlu Mirzəbəyov 1940-cı il may ayının 15-də Qusar rayonunun Bədişqala kəndində anadan olmuşdur. Uşaqlığı Böyük Vətən müharibəsi illərinə düşdüyündən aclıq, yoxsulluq içərisində keçmişdir. Atası müharibədə həlak olur. Nüsrətlə qardaşı Fərhadı dolanışığın çətinliyindən Bakıya uşaq evinə göndərirlər. Mərdəkan qəsəbəsində onlar bir-birinə dayaq yaşayırlar. Sonralar Fərhad ordu sıralarına yola düşür. Şair təbiətli Nüsrətin incəsənətə, çalıb-oxumağa həvəsini görən müəllimləri onu bir dəstə uşaqla musiqi beşiyi Şuşaya yola salırlar.
Qarabağ mühiti gənc Nüsrətin həyatında böyük rol oynayır. Cıdır düzündə keçirilən saz-söz festivalında o, adlı-sanlı aşıq Şəmşirlə tanış olur. Ustad onun şaqraq səsini, zəngulələrini eşidir və bu sənəti öyrənməsini məsləhət görür. Beləliklə, Nüsrət aşıq Şəmşirin yanında şəyirdliyə başlayır. Kəlbəcərin Ağdaban kəndində saz sənətinin sirlərini dərindən mənimsəyir. Ustad aşıq dəvət olunduğu toy məclislərinə Nüsrəti də özüylə aparır və o, yavaş-yavaş şənliklərdə çalıb-oxuyur. Hərdən özü qoşduğu şeirləri də toylarda ifa edir.
Ustadından xeyir-dua alan Nüsrət Bakıya gəlir, konsertlərdə çıxış edir, hər çıxışı alqışlarla qarşılanırdı. Ancaq doğma yurd onu özünə tərəf səsləyirdi. Qusara qayıdan 28 yaşlı aşıq yazırdı:
Qusar şəhər, gözəl şəhər,
Vətənimsən, doğma, əziz.
Yaşıl bağlar məkanısan,
Suyun safdır, havan təmiz.
Aşıq burada məhəbbət mövzusunda çoxlu qoşmalar yazır. Onlarda sevinc, dərin sevgi hisləri, gülyanaqlı, hilal qaşlı, xumar gözlü gözəlləri tərənnüm edir:
Hilal qaşlarındır dərdimə dərman,
Xumar gözün verir qəsdimə fərman.
O gül yanağına mənəm mehriban,
Heyf, ömrüm
keçir bada, Ərkinaz.
Aşıq Nüsrət haqq aşığı idi. Yalan, riya
ilə arası olmazdı. Dəvət olunduğu məclislərə
həvəslə gedər,
kənd-kənd, oba-oba
toy-düyündə hamının
könlünü alar,
rəğbətini qazanardı.
O, respublikamızdan kənarda
da öz ifası ilə qəlbləri oxşayırdı.
Onun Qazaxıstan, Rusiya (Saratov, Dağıstan)
əməkçiləri qarşısında
çıxışlarının lent yazıları indi də şəxsi arxivində qorunub saxlanılır.
Aşıq heç vaxt ad-san sevdasında olmayıb. Əksinə, bunların özləri sənətkarı gəlib
tapıb. 1970-ci ildə o, Dağıstan Respublikası Dövlət
Şurasının fəxri
fərmanına layiq görülür. 1987-ci ildə Ümumittifaq Xalq Yaradıcılığı
Festivalında laureat adını qazanır və medalla təltif olunur. Amma aşığın ən
böyük mükafatı
xalq sevgisi, el məhəbbəti olmuşdur.
Aşıq Nüsrətin şeirləri
qəzet və jurnallarda çap edilib, radio və televiziya kanallarında səslənib. O, həmişə
ayrıca kitabının
çıxması arzusuyla
yaşamışdır. Əgər onun
kiçik bir kitabını çap edə bilsək, ruhu şad olar.
Yəqin
ki, imkanlı şəxslər tanınmış
aşığın xatirəsinə
bu diqqəti əsirgəməzlər.
1990-cı ildə istedadlı
aşıq dünyasını
dəyişdi. Şirin səsi, xoş
avazı, dadlı-duzlu
sözü-söhbəti ürəklərdə
əbədi məskən
saldı. Qusarlılar el aşığını həmişə
xatırlayır və
Allahdan ona rəhmət diləyirlər.
İndi Qusar şəhərində
küçələrdən biri aşıq Nüsrətin adını
daşıyır. Həmin
küçə ilə
addımladıqca gözlərimin
önündə unudulmaz
sənətkarın nurlu
siması canlanır, qulağımda çaldığı
sazın, oxuduğu havaların və qədirbilən tamaşaçıların
alqış səsləri
eşidilir...
Həsən Xasiyev,
Qusar Rayon Tarix-Diyarşünaslıq Muzeyinin elmi işçisi, AYB-nin üzvü
Mədəniyyət.- 2016.- 13 may.-
S. 15.