Qardaş xalqların ədəbiyyatından - Əbdülhəmid Çolpan

Ötən yüzilliyin birinci yarısında özbək ədəbiyyatında milli ruhun, azadlıq duyğularının əks olunduğu bədii əsərlər qələmə alınır. Bu məzmunda əsərləri ilə məşhur olan müəlliflər arasında şair, yazıçı-dramaturq, tərcüməçi Əbdülhəmid Çolpan da var idi.

Əbdülhəmid Süleymankul oğlu Çolpan 1893-cü ildə Özbəkistanın Əndican şəhərində anadan olub. Atası savadlı və dövrünün tanınmış şairlərindən idi. Əbdülhəmid məhəllə məktəbində, sonra Əndican və Daşkənd mədrəsələrində təhsil alır. Rus dilini öyrənir, rus ədəbiyyatı və Avropa xalqlarının mədəniyyəti ilə yaxından tanış olur. Bu ərəfədə çar II Nikolay 1905-ci ildə Oktyabr manifestini imzalayır. Bu sənəd Dövlət Dumasının çağırılmasına, ucqarlarda mətbuat orqanlarının nəşrinə qismən icazə verir.

O dövrdə İsmayıl Qaspıralı, Mahmudhoca Behbudi, Münəvvər Kaanbaşqa türk-müsəlman ziyalıların nəşr etdikləri qəzet-jurnallar Ə.Çolpana güclü təsir edir. O, “Sadai-Türkistan”, “Sadai Ferqana” və “Türkistan” qəzetlərində məqalələrlə çıxış edir.

Rusiyada Oktyabr inqilabından (1917) sonra 20-ci illərdə Özbəkistanda da sovet hakimiyyəti qurulur. O illərdən Ə.Çolpanın həyatında ən gərgin və ziddiyyətli dövr başlayır. Bolşeviklərin özbaşınalıqları xalqda etiraza səbəb olur. Şair xalqının azad və xoşbəxt gələcəyi naminə yerlərdə maarifçilik işi aparır. Odlu-alovlu şeirləri “Özbək gənc şairlər” (1922) adlı topluda dərc edilir. “Bulaqlar”, “Oyanış” (1924), “Tan sırları” (1926) kitabları müəllifə geniş şöhrət gətirir. Kitablarda yer alan şeirlər özbək ədəbiyyatında simvolizmin xarakterik nümunələri kimi qəbul olunur. Ancaq sovet məmurları bu şeirləri birmənalı qarşılamır, şairi millətçi, quruluşun qatı düşməni elan edirlər. Buna baxmayaraq, şair yolundan dönmür, 1930-cu illərdə “Sazcor” adlı şeir kitabını nəşr etdirir. Çolpanın şeirlərində zamanın ruhu, cəmiyətin ictimai-siyasi vəziyyəti aydın sezilir. Şair fikrini oxucusuna şüarçılıqla deyil, poetik çalarlarla çatdırır.

Vətəninin işğalı, müstəqilliyin itirilməsi, xalqın savadlı övladlarının təqib edilməsi mübariz şairi çox narahat edir. Qəlbindən keçənləri, hiss və duyğularını misralara köçürür.

Əlimdə süngü daş oldu,

Yağıya atmaq istərəm.

Gözümdə süngü yaş oldu,

Arzuya yetmək istərəm.

Tədqiqatçı Əli Şamil araşdırmasında yazır ki, şair özbək xalqının başına gətirilən faciələri açıq şəkildə, ürək ağrısı ilə qələmə alır. Ancaq təhdidlərdən yayınmaq üçün əsərlərdəki hadisələrin Özbəkistanda deyil, Misirdə, Çində baş verdiyini göstərir. Onun bu səpkidə yazdığı “Nil qızı”, “Çin təranələri” şeirləri olduqca maraqlıdır. Bu əsərlərdə xalqın müstəqillik arzusu dilə gətirilir. ŞairNil qızı” şeirində yazır:

 

Bütün həyatını bir zəhər sarmış,

Fəllahın bəxtini kimlər oyadar.

Dəfələrlə həbs edilən mübariz şair öz amalından dönmür, xalqın hürriyyəti naminə yorulmadan çalışır. Parlaq ay”, “Xəlil Fereng”, “Çörinin üsyanı”, “Yarqınay”, “Muştumzor”, “Qartay Qarşıbayev”, “Hücum” və s. pyesləri, “Gecə və gündüz” romanı ilə oxucuların sevimlisinə çevrilən milli ruhlu ədib eyni zamanda U.ŞekspirinHamlet”, A.PuşkininBoris Qodunov” və “Dubrovski”, M.QorkininAna” əsərlərini özbək dilinə çevirib.

1925-ci ildə rəsmi dairələr tərəfindən müəllifin əsərlərinin nəşri tədricən məhdudlaşdırılır və 1937-ci ildə tamam dayandırılır. Həmin il Özbəkistan Yazıçılar İttifaqının iclasında şair kəskin şəkildə tənqid edilir. Millətçilikdə və əksinqilabi fəaliyyətdə günahlandırılan ədib həbs ediliruzun sürən istintaqdan sonra 4 oktyabr 1938-ci ildə güllələnir.

Savalan Fərəcov

Mədəniyyət.- 2016.- 13 may.- S. 15.