“Quran
motivləri əsasında hekayələr”
Müsabiqənin qalibləri mükafatlandırılıb
Beynəlxalq
Muğam Mərkəzində Azərbaycan
Yaradıcılıq Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
birgə təşkilatçılığı ilə
keçirilən “Quran motivləri əsasında
hekayələr” müsabiqəsi qaliblərinin
mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdulla, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ümummilli lider Heydər Əliyevin ölkəmizdə multikulturalizm və tolerantlıq mühitinin möhkəmlənməsində tarixi rolunu qeyd ediblər.
Qeyd olunub ki, ölkəmizdə müxtəlif dini icmaların nümayəndələrinin mehriban dostluq şəraitində yaşaması Azərbaycanı bir çox ölkələr üçün multikulturalizm və tolerantlığın nümunəsinə çevirir.
Mənəviyyatın tərkib hissəsi kimi din həmişə möhtəşəm incəsənət və ədəbiyyat nümunələrinin yaradılmasını təşviq edib. “Quran motivləri əsasında hekayələr” müsabiqəsi ilk belə bir müsabiqədir və gənc müəlliflərin böyük yaradıcılıq potensialını üzə çıxarıb.
Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Təqdim olunan əsərlər tənqidçi, filologiya elmləri doktoru, professor Tehran Əlişanoğlu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Nəriman Qasımoğlu və “525-ci qəzet”in baş redaktor müavini Seyfəddin Hüseynlidən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib.
Birinci yerə “85-ci gün” hekayəsinə görə Mirmehdi Ağaoğlu, ikinci yerə “157, 158” hekayəsinə görə Elçin Aslangil, üçüncü yerə isə “Katarsis” hekayəsinə görə Günel Eyvazlı layiq görülüb.
Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov qalibləri təbrik ediblər.
Tədbirin bədii hissəsində Bakı Musiqi Akademiyasının rektoru
Fərhad Bədəlbəylinin “Pərvərdigara” əsəri
səsləndirilib. “Savalan” qrupu “İlahilər”i ifa edib, aktrisa Zemfira
Əbdulsəmədova şeirlər oxuyub.
Mədəniyyət.- 2016.- 13 may.-
S. 13.