Ali başlanğıc... xali sonluq...
Cılız siyasi zəlilzadələr əlində qalmış böyük elm-irfanzadə - Bəkir Çobanzadə...
Cəmisi
qırx beş il
yaşamış bu fenomenal
dil-ədəbiyyat-mətnşünas, nəzəri və əməli
Türk-Turançı, gözəl şair
ömrünün qırx dördünədək
həyat mərtəbələrində nə qədər
böyüyüb-ucalmışdısa, sonuncusunda
salındığı siyasət zirzəmilərində bir o qədər kiçildilib-yenildilmişdi...
Çoxları kimi, onun da məhkəməsi çox qısa çəkib; cəmi-cümlətanı 20 dəqiqə. Bunun səbəbi haqda “arqument”lər isə heç iyirmi saniyə də çəkməz; dəlil-sübut üçün bir tutarğa, iddia-ittihamlıq bir söz, danışıb abırlarını örtəsi bir “bez” varmışmı ki?!.
Amma o qeyri-adi “əmiri istedadlar” bu qeyri-adi fitri istedada cild-cild “etiraf”lar etdirməyi bacarıblar!..
...O “mütəqəlqəl” dövrdə onun gördüyü işləri - milli görəvlər naminə gəzib-dolaşdığı neçə-neçə türk ünvan-ocaqlarını, tədqiq etdiyi qədərsiz mənbə-məxəzləri, yazdığı saysız monoqrafiya, dərslik və məqalələri bu müstəqil dövrümüzdə təsəvvür və təhlil etməyin özü belə çətin!..
Baxaq;
1893-cü il mayın 15-də Krımda (Tavrida vilayəti Simferopol qəzasının Qarasubazar şəhərində) dünyaya göz açan, 1920-ci ildə (27 yaşında) filologiya elmləri doktoru olan, iki il sonra professor adına layiq görülən bu fenomen “Bakinski raboçi” qəzetindəki məqaləsində əsil-nəsilcə çoban oğlu olduğunu və 14 yaşınadək çobanlıq etdiyini göstərmişdi. Milliyyətcə Krım tatarı və çox cəsur, qorxmaz, qoçaq bir kişi olan, el arasında “Qurd Vahab” deyilən çoban Vahab Tanrının ona bolluca istedadla pay verdiyi bir oğul və bir qızının əsarətində olduqları “volk”lara növbəti yem olmaması arzusunda imiş. Lakin bütün arzuları “ac qurd”tək gəmirən kasıblıq!..
Bəkirin məktəb, təhsil zülümlərilə bağlı xatirələrin birində deyilir ki, imtahan vaxtı növbə Bəkirə çatanda müəllimi - şair Həsən Səbri onu yazı lövhəsinə çıxmağa çağırır. Amma bu heyrətamiz fəhmli uşaq əynindəki yamaqlı geyimlərindən yana yerindən tərpənmir. Bunu hiss edən müəllim ona yaxınlaşır. Bəkir də, bunu gözləyirmiş kimi, oturduğu yerdən səslənir: “Müəllim, nə istəyirsiniz soruşa bilərsiniz!”
Həsən Səbri də, gülümsünərək, ona yaşından böyük suallar verir, sonda təəccübdən quruyub qalır və həmkarını - böyük Qaspıralını çağırtdırıb deyir: “İsmayıl bəy, sən Allah, gəl bu uşağı dindir və sən də mənim kimi dəryaya gir!..”
Uşaqdan ad-soyadını soruşurlar. “Bəkir...” deyib, duruxur. Soyadı yox imiş,
axı. Sinif yoldaşları
onun qurdürəkli bir çobanın oğlu olduğunu söyləyir, müəllimləri
isə onun soyadını “Çobanzadə”
yazırlar. Və bununla
da, dövrün sayılıb-seçilən maarifçiləri
bu fövri soyadlama ilə balaca bir çoban
oğluna böyük
elm, sənət, idrak,
zəka dünyası
üçün “vizit”
vermiş olurlar.
O balaca Bəkirin özü isə, böyüyüb-böyüyüb, yaradıcı-qurucu bir -
Tufan oldu!..
Bu xeyirxah tufanın yaradıcı-qurucu qasırğalarının
bir çox Türk ellərini davamlı şəkildə
oyatdığı tez
bəlli oldu, onun söndürülüb-yatırıldığı
yer isə...
Hələ yeniyetməliyinədək qeyri-adi zəkası, qocafəndi mühakimələrilə
ətrafını heyrətləndirən,
on dörd yaşında
ikən daha yüksək təhsil və karyera üçün Krımdan
İstanbula göndərilən
və sonralar “öz milli maraq
göndərişlərilə” dövrün “tısbağasürət”
nəqliyyat vasitələrilə
dünyanı fır-fır
fırlanan bu adam, məhz bircə kərə vaxt ayırdığı
istirahət zamanı həbs edilir...
Bu böyük Türk
oğlu, dünya adamı ana yurdunda vur-tut ibtidai təhsil illəri qədər yaşayıb. Qeyri-adi zəkası, qabiliyyəti,
yaşından böyük,
başından aşırı
fikir-düşüncəsi onu nəinki cəlayi-vətən, hətta
səyyari-Turan edib.
Nəinki Türk dünyasında,
habelə “Allah-Əkbər”in
bitdiyi ərazilərdə
də gəzmədiyi
yer, işləmədiyi
ünvan, fəhm-fərasətinə
heyran qoymadığı
kollektiv qalmayıb.
On dörd yaşından
göndərildiyi Türkiyədə
ərəb və fars dillərini
də mükəmməl
öyrənib. Orada olarkən
(və hələ özü tam gənc deyilkən!) “Müstəqil
tatar Krımı” ideyalarına necə sarılırsa, “Krım-tatar
tələbə cəmiyyəti”nin təşəbbüs-təsisçilərindən,
daha sonra rəhbərlərindən olur.
İyirmi yaşından
sonra səsi Budapeşt Universitetindən
gəlir; o burada türk, ərəb və macar filologiyası
ilə tanış
olur, durmadan çalışır və
iki ildən sonra həmin sahələr üzrə filologiya elmləri doktoru adını alır. İyirmi altı yaşında ikən Budapeştdə türk dilində çıxan “Şərq”
qəzetinin redaktoru olan B.Çobanzadə “Krım”, “Göy kitab” və s. məcmuələrdə şeirlərini
çap etdirməklə
yanaşı, Türkiyə,
Krım, Orta Asiya və Rusiyanın
dövri mətbuatında
çox qüvvətli,
analitik ictimai-siyasi yazılar, elmi məqalələrlə də
çıxış edir.
Özü də maraqlı imzalarla: “Çoban oğlu”, “Bəkir Baybək”, “Bəkir Cavbək”, “Bəkir Yaybək” və s.
Yenə
Vətən...
Amma yenə müvəqqəti...
Hər halda, Vətən!..
Amma önlüyündə “sovet”,
“bolşevik” və guya həm də
sosiallıq - sosializm!
Və hələ otuz yaşı tamam olmamış bir dahi! Çoxları kimi, bütün düşüncə və
canı-qanı ilə
milli olan Bəkir də - qarşısındakı dəmir-divar
quruluşu görüb,
millətinin elitar genefond perspektivi naminə, manevr “val”ını dəyişir,
ədəbi və elmi işlərini göyərtməkçün qırmızılarla
boğazdanyuxarı iş
birliyinə qol qoymalı olur. 1920-22-ci illərdə onu Krım inqilabi komitəsinin rəisliyinə
layiq bilirlər, Krım Maarif Komissarlığında tatar
lisaniyyatı və ədəbiyyatı şöbəsinin
müdiri olur və ali
məktəblərdə, elmi-tədqiqat
institutlarında çalışır.
Krım Universitetində Şərq
fakültəsinin professoru
kimi Krım-tatar dili və ədəbiyyatından
mühazirələr oxuyur,
universitetin rektoru olur, Krım Mərkəzi İcraiyyə
Komitəsinin üzvü
kimi ictimai fəaliyyətini davam etdirir.
Hələ gənc ikən ad-sanı bütün sovetlər ittifaqını
dolaşan bu görkəmli alim və ədibin sorağı, əlbəttə,
Azərbaycana daha tez çatmalı idi. Azərbaycana dəvət olunan
B.Çobanzadə burada
yeni əlifba komitəsinin sədri təyin edilir. Daha sonra Orta
Asiyada, Tatarıstanda,
Başqırdıstan və
Krımda latın əlifbasına keçidlə
əlaqədar iş aparan alim eyni
zamanda Tavrida, Bakı, Daşkənd, Fərqanə və Buxara ali məktəblərində
türkologiyanın ayrı-ayrı
problemlərinə dair
mühazirələr oxuyur.
Bu illərdə Britaniya və Ərdəbil nüsxələri
əsasında Xətai
divanının müqayisəli
mətnini hazırlayır,
1926-cı ildə Bakıda
I türkologiya qurultayının
təşkilində fəal
çalışır.
Bütün ömrünü “birnəfəsə”
yaşamış bu fenomen haqda növbəti
faktları da elə həmin templə verək: Moskvada təlimatçı
kurslarında mühazirələr,
Azərbaycan Baş Elmi İdarəsində terminologiya komitəsinə
rəhbərlik, Azərbaycan
Dövlət Universitetinin
Şərqşünaslıq fakültəsində kafedra
müdiri, dekan, Moskva Şərq Xalqları İnstitutunun həqiqi üzvü, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun
aspirantura şöbəsinin
müdiri, SSRİ EA Zaqafqaziya
filialı Azərbaycan
şöbəsinin (1932), SSRİ EA Azərbaycan filialının
(1935) həqiqi üzvü,
Paris Dilçilik Cəmiyyətinin
üzvü...
Sovet Şərqində yaşayan
türk xalqlarının
bədii ədəbiyyatının,
müasir ədəbi
prosesin nəzəri problemlərinin tədqiqinə
və dil tarixinin yaranmasında təqdirəlayiq xidmətləri
olmuş B.Çobanzadə
bir sıra monoqrafik əsərlərlə
yanaşı, “Türk
dilinin metodikası”, “Elmi qramerin əsasları”
kitablarının tərtibçisidir.
Elmi məqalələri və
bədii əsərləri
dövri mətbuatda müntəzəm çap
olunmuş, ilk şeirlər
məcmuəsi özbək
dilində kütləvi
tirajla buraxılmışdır.
Çox
genişsahəli, fantastik
dərəcədə məhsuldar
olan bu böyük
yolun qarşısı
1937-ci il yanvarın 28-də alınır.
Həmin
gün Kislovodskda xanımı ilə dincələn professor həbs
edilir, Pyatiqorsk türməsinə, oradan da Azərbaycan SSR Daxili İşlər Xalq Komissarlığının
təcridxanasına gətirilir.
1938-ci il oktyabrın 12-də, 20 dəqiqəlik
məhkəmədən sonra
ona ölüm hökmü kəsilir. Oktyabrın
13-də hökm icra olunur.
Bu böyük İnsanın
müsəlmani dəfn-kəfni
bir yana,
heç dəfn yeri də məlum
deyil.
Tahir Abbaslı
Mədəniyyət.- 2016.- 13 may.-
S. 13.