Komediya yazmaq asan deyil
Adam var, lətifə danışır, hamıdan qabaq özü gülür. Mən hırıltını sevmirəm. Bir var sözlə, bir də hadisəylə güldürmək
Həmsöhbətimiz yazıçı-dramaturq, şair, tərcüməçi, ədəbiyyatşünas alim, pedaqoq Aqşin Babayevdir.
- Aqşin müəllim, sizi həmişə xoş əhvalda görmək olur. Nikbinliyinizin əsası nədir?
- Mənim həyat prinsipim belədir: çox yüksəklərdə uçmamaq, gerçəkçi olmaq. Həyat gözlənilməz hadisələrlə doludur. Küsmək, incimək, şikayətlənmək və buna bənzər duyğular mənlik deyil. Bir az səbirli olmaq gərək, sonra görürsən ki, hər şey düzəldi. Məncə, nikbinliyimin əsası arxa cəbhəmin möhkəm olmasıyla bağlıdır. Ailə başçısının arxa cəbhəsi onun həyat yoldaşı və balalarıdır. Kim deyibsə doğru deyib: Xoşbəxtlik odur ki, işə də, evə də sevinə-sevinə gedəsən. İşdə və evdə hər şey qaydasında olanda xoşbəxtlik baş verir. Rəhmətlik atam deyərdi ki, əsəbilik dağ boydadır. Dözsən, qarşında noxud boyda olacaq və onu uda biləcəksən.
- Əsərlərinizdə güclü yumor var, adi həyat hadisələrindən böyük anlamlar doğur...
- Əsərlərimdə heç zaman yumoru uydurmamışam. Qondarma gülüşü sevmirəm. Gülüş təbii və səmimi olmalıdır. İndi həyatım boyu başıma gələn gerçək hadisələri kiçik yazılar şəklində qələmə alıram. Məsələn, birini deyim. 15 il Azərbaycan Radiosunun Xarici verilişlər redaksiyasına başçılıq etmişəm, sədr müavini olmuşam. Həmişə qışda bərk qar yağanda qadınları erkən evə buraxırdım. Bir dəfə də katibəyə tapşırdım ki, qadınlara de, evə getsinlər. Sonra dəhlizə çıxanda gördüm ki, Nəzər adlı işçimiz paltosunu geyinib, papağı başına basıb evə getmək istəyir. Dedim, mən arvadlara icazə vermişəm, sən hara gedirsən? Dedi, Aqşin müəllim, qar yağanda elə arvad olmaq istəyirəm ki.
Cəlil Məmmədquluzadənin yaradıcılığını çox sevirəm, ona vurğunam. Mənə təsir edən ikinci yazıçı Əziz Nesin olub. Bu iki böyük sənətkarın satirik əsərlərimin yaranmasında mənə çox böyük təsiri olub. Onları oxuyanda heyrətdən adamın ağzı açıla qalır. Bizdə Mirzə Cəlili sevməyənlər olduğu kimi, türkiyəlilərin də bəziləri Ə.Nesini sevmirdilər. Qınayırdılar ki, xalqımızı biabır edirsən. Ə.Nesin də deyirdi ki, biz öz cəhalətimizə gülməyi bacaran xalqıq. Əsərlərimdə sarkazm güclüdür. Cəmiyyətin saflaşması üçün bu, qaçılmazdır.
- Ədəbiyyata necə gəlmisiniz?
- Ənvər Məmmədxanlını özümə ilk müəllim saymışam. Onun sayəsində ədəbiyyata gəlmişəm. Bu, belə olub. Orta məktəbdə riyaziyyatı güclü bilirdim, riyaziyyatçı olacaqdım. Bir dəfə ədəbiyyat müəllimimiz dərsə gəlməmişdi. Başqa bir müəllim bizə Ə.Məmmədxanlının Buz heykəl hekayəsini oxudu və özüm də bilmədən ovsunlandım. O hekayə mənə elə təsir elədi ki, o gündən ədəbiyyatçı olmaq qərarına gəldim. Orta məktəbin 7-ci sinfindən şeirlər yazıram. 9-10-da oxuyanda lirik hekayələr yazırdım. Orta məktəbi bitirdikdən sonra yoldaşımla birlikdə indiki BDU-nun filologiya fakültəsinə qəbul olduq. Bizə tanınmış ziyalılar Həmid Araslı, Feyzulla Qasımzadə, Məmmədhüseyn Təhmasib, Məmməd Arif, Cəfər Cəfərov, Əli Sultanlı, Əli Fəhmi, Əkrəm Cəfər, Hidayət Əfəndiyev, Muxtar Hüseynzadə, Cəfər Xəndan dərs deyirdilər. Onların hər biri ayrıca məktəb idi.
- Namizədlik işiniz Nazim Hikmətlə bağlıdır. İstərdim onunla görüşlərinizdən danışasınız.
- Namizədlik dissertasiyam Nazim Hikmətin dramaturgiyası adlanır. 1961-ci ildə aspiranturada oxuyanda Moskvaya gedib N.Hikmətlə görüşdüm. İki il yarım onunla sıx təmasda oldum. Onunla teatr tamaşalarına, müxtəlif yerlərə gedirdim. İşimdə onun yenilikçiliyini araşdırmışdım. Özü dissertasiyamı oxumamışdı. Onun təkidi ilə dissertasiyaya Türk dramaturgiyası və Nazim Hikmət bölümünü də daxil etdim. Burada Nazimin hansı zəmində dramaturq olduğu göstərilirdi. İşimdə onun Məhəbbət əfsanəsi, Yusif və Züleyxa, Kəllə, Qəribə adam və digər pyeslərini tədqiq etdim. Doktorluq işim isə Türk dramaturgiyasında ictimai-siyasi motivlər adlanır. Namizədlik dissertasiyamı 1967-ci, doktorluq dissertasiyamı isə 1996-cı ildə müdafiə etdim.
- Böyük türk yazıçısı Əziz Nesinlə də dostluq əlaqələriniz olub. Onunla bağlı xatirələrinizi eşitmək istərdik.
- Qeyd etdiyim kimi, mən Ə.Nesindən çox şey öyrənmişəm. Doktorluq dissertasiyamın bir bölümü onun pyeslərinə həsr edilib. Ə.Nesin Bakıya 5-6 dəfə gəlmişdi. Bütün gəlişlərində onunla görüşmüşdüm. Yazıçını həmişə Bakıda qarşılayanlardan biri də mən idim. Onda radioda işləyirdim. Yadımdadır, hava limanından onu yola salanda yanımda bir müxbir də aparmışdım. Müxbir ona dedi ki, Əziz bəy, Bakıda nə gördünüz? Cavab verdi ki, Bakıda tavan gördüm, əfəndim. Bunun açmasını soruşdum, dedi ki, hara getdimsə məni içirtdilər, ona görə başımı qaldırıb içəndə tavan gördüm.
Yola salanda ona Nazim Hikmətin
səsi yazılmış
lenti də verdim. Türkiyədə onu tutdular, bir neçə ay həbsdə yatdı.
Dindirmə zamanı məni
Nazimin səsini kimdən aldığını
soruşublarmış. Deyib, bir gənc
verdi, adımı
çəkməmişdi. Mənə
sonradan kitabını
da göndərmişdi:
Əziz Nesin polisdə.
Bir dəfə
Ə.Nesin C.Məmmədquluzadənin
ərəb əlifbası
ilə çap olunmuş kitabını məndən istədi. Kitabı tapıb
göndərdim. Bir aydan
sonra kitab özümə qayıtdı.
Üstündən 6 ay keçəndən sonra eşitdim ki, Ə.Nesin Bakıya gəlib. Tez köhnə İnturistə
onunla görüşməyə
getdim. Ona C.Məmmədquluzadənin kitabını göndərdiyimi,
ancaq geri qayıtdığını söylədim.
Dedi ki, onlar yazıçını
Leninə bənzədiblər,
ona görə qaytarıblar.
- Son vaxtlar komediya janrında əsərlər
az yazılır,
bu janrda filmlərimiz də azdır. Sizin komediyalar, yumoristik, satirik əsərləriniz
necə yaranır?
- Yumoristik, satirik hekayələrimi çox
asanlıqla yazıram.
Əslində hamının gündəlik
gördüyünü yazıram,
ancaq hamının duya bilmədiyi şeyləri. Bir dəfə bir təşkilat Qarabağ hadisələrindən bəhs
edən Başımıza
gələnlər povestimə
görə mənə
mükafat verdi.
Dedilər ki, sizə zərfin içində
100 dollar mükafat təqdim
edəcəyik. Təqdimatdan sonra həmin pulu bizə qaytararsınız, çünki
qonaqlıq verəcəyik.
Sonra gördüm ki, bu ki əsl
pyes mövzusudur.
Mükafat əsərim
belə yarandı.
Bir gündə beş toya
dəvətnamə aldım,
Dəvətnamə əsərim
də buradan doğdu.
Xalqımızın zəngin yumor və satira hissi, komik yaradıcılığı
var. Amma bizdə barmaqla sayılası qədər komediya filmləri çəkilib. C.Məmmədquluzadənin bütün əsərləri
ekranlaşdırılmaya layiqdir.
Komediya yazmaq da, çəkmək
də asan deyil. İstər kino, istər
teatr dramaturgiyası çətin janrdır.
Komediyada
hadisələr də
həyatdakı kimi təbii olmalı, qondarılmamalıdır. Mən hırıltını sevmirəm.
Adam var, lətifə
danışır, hamıdan
qabaq özü gülür. Bir var sözlə, bir də var durumla,
hadisəylə güldürmək.
Mənim
üçün ədəbiyyatda
ən monumental pyes Mirzə Cəlilin Ölüləridir. Bu əsər həm ağlamalı, həm də gülməlidir.
Ölülər xarici dillərə tərcümə olunmalı
və dünya səhnələrində qoyulmalıdır.
İndiyədək 35 kitabım çap olunub. Onlardan 15-ə qədəri elmi kitabdır, qalanı bədii əsərlərdir. Üç romanım,
povest və hekayələrim var. 1980-ci illərdə
Rusiyada və Almaniyada kitablarım çıxıb. 26 pyes yazmışam. Pyeslərimin
bir neçəsi Musiqili, Sumqayıt Dram, Gənc Tamaşaçılar,
Bələdiyyə teatrlarında
səhnələşdirilib. N.Hikmətə həsr olunmuş
pyesim İrəvan teatrında tamaşaya qoyulacaq.
- Siz həm də
tanınmış jurnalist
və müəllimsiniz...
- Jurnalist kimi əmək fəaliyyətimə
tələbə ikən
Avtomobil nəqliyyatçısı
qəzetində başlamışam.
Sonra 15 il
radioda çalışmışam.
Ömrümün böyük hissəsini
jurnalistikaya həsr etmişəm. 1991-ci ildən 2006-cı ilə qədər Milli Məclisin mətbuat katibi vəzifəsində
çalışmışam. 10 ildir Mədəniyyət
və İncəsənət
Universitetində ədəbi
yaradıcılıq və
ekran dramaturgiyası kafedrasının müdiriyəm.
S.Soltanlı
Mədəniyyət.- 2016.- 13 may.-
S. 12.