Dağıstan incəsənət
ustaları Zaqatalada çıxış
ediblər
Xəbər verildiyi kimi, Azərbaycanda
ilk dəfə Rusiya
Federasiyası Dağıstan Respublikasının mədəniyyət
günləri keçirilir. Mayın 12-də
Bakıda mədəniyyət günlərinin təntənəli
açılış mərasimi keçirilib.
Bu münasibətlə ölkəmizə gələn qonşu respublikanın incəsənət ustaları - Həmzət Sadasa adına Avar Musiqili Dram Teatrı və Dağıstan Dövlət Rəqs Ansamblı mayın 11-də axşam Zaqatala rayonunda olub. Nümayəndə heyətinə Dağıstan Respublikası baş nazirinin müavini Ramazan Əliyev rəhbərlik edir.
Zaqatala rayon Mədəniyyət mərkəzində keçirilən tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini Tofiq Əhmədov və Avar Musiqili Dram Teatrının direktoru Maqomedrasul Maqomedrasulov çıxış edərək, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında bütün sahələrdə uğurla inkişaf edən əlaqələrdən danışıblar. Qonaqlara Zaqatala rayonunun tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə məlumat verilib. Vurğulanıb ki, Azərbaycanda Dağıstan mədəniyyəti günlərinin keçirilməsi mədəni sahədə əməkdaşlığın inkişafına, xalqların bir-birinə daha da yaxınlaşmasına, dostluq əlaqələrinin möhkəmlənməsinə öz töhfəsini verəcək.
Mədəni əlaqələrin inkişafında xidmətlərinə görə Zaqatalanın bir qrup mədəniyyət işçisinə Dağıstan Respublikası adından fəxri fərmanlar təqdim olunub.
Sonra Avar Musiqili Dram Teatrının üzvləri və rəqs kollektivi zaqatalalılar qarşısında teatrlaşdırılmış konsert proqramı ilə çıxış ediblər. Teatr kollektivinin təqdim etdiyi səhnəciklər, rəqqasların məharətli çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Dağıstanın teatr kollektivi və ansambl
üzvləri mayın 12-də Balakən rayonunda
da olublar. Mədəniyyət
günləri çərçivəsində
Dağıstanda fəaliyyət göstərən
teatrların kollektivlərinin paytaxt
Bakı ilə yanaşı, Xaçmaz və
Qusar rayonlarında da
çıxışları nəzərdə tutulub.
Mədəniyyət.- 2016.- 13 may.-
S. 8.