Gənc rəssamın əsərlərinin
kataloqu Vatikanda
İstedadlı gənc azərbaycanlı rəssam Məryəm Ələkbərlinin əsərlərindən ibarət kataloq Vatikanın Mədəniyyət Nazirliyinə təqdim edilib.
Roma Papasının mədəniyyət və idman məsələləri üzrə səlahiyyətli nümayəndəsi Monsinyor Sancoz Toca Alameyda kataloqla tanış olub, gənc rəssamın əsərləri haqqında xoş təəssüratlarını bildirib, onun rəssam təxəyyülünə heyran qaldığını deyib: “Bu gənc qızın böyük fitri istedadı və rəssamlıq qabiliyyəti insanı valeh edir. Tanrı tərəfindən nadir istedad bəxş olunan bu gəncin əsərlərindən axan müqəddəslik izləyiciyə saflıq, paklıq ərməğan edir. Əsərlərindəki əlvan, isti rənglər onun daxili aləminin məsum və paklığının təcəssümü olaraq qarşımıza çıxır. Cənnət ab-havası qoxuyan bu əsərlər insanı müqəddəslik, iman, etiqad kimi ilahi xüsusiyyətlərlə yaşamağa səsləyir, kainatın yaradıcısı olan Allaha ibadətə dəvət edir”.
Roma Papasının xüsusi nümayəndəsi onu da qeyd edib ki, bu cür fitri istedadı Tanrı yalnız seçdiklərinə lütf edir.
O, azərbaycanlı rəssamın əsərlərindən ibarət kataloqu Roma Papasına təqdim edib, bu sənət əsərləri toplusunun Vatikanın Mədəniyyət Nazirliyində qorunub saxlanacağını vurğulayıb.
Səlahiyyətli nümayəndə birinci Avropa Oyunları
zamanı Bakıda Vatikani təmsil etdiyini də diqqətə
çatdırıb. Növbəti dəfə
Vatikanı ziyarət edəcəyi zaman gənc
rəssamla görüşəcəyini, onun
yaradıcılığı ilə daha
yaxından tanış olacağını söyləyən S.T.Alameyda yaxın gələcəkdə Məryəmin
sərgisinin təşkili haqqında düşündüklərini
bildirib.
Mədəniyyət.- 2016.- 13 may.-
S. 8.